Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakıda zəlzələ olsa... 1000-dən artıq bina var ki...
Neft bumu illərində tikilən binaların çoxu keyfiyyətsizdir

Türkiyə fevralın 6-da baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırlmasına çalışır. Ölü, yaralı sayı az qala hər saat artır, ekspertlər bildirirlər ki, dağıntılar altında hələ 194 mindən çox insan qalıb. Təbii fəlakətın baş verdiyi Kahramanmaraş, Hatay vilayətləri və ətrafdakı şəhərlərin ərazisi 110 min kvadrat kilometr, əhalisi 14 milyon nəfərə yaxındır. Hökumət Türkiyə Silahlı Qüvvələrinin bölgədə xilasetmə işlərinə cəlb edilməsi barədə qərar verib.

Dünya ölkələrindən də Türkiyəyə dəstək gəlməkdə davam edir, ABŞ, NATO ölkələri, ümumilikdə 50-ə yaxın ölkə yardım təklif edib. Azərbaycan da qardaş ölkəyə ilk yardım uzadan ölkələrdən biridir, 400-dən artıq xilasedici hazırda Kahramanmaraş şəhərində çalışır, 5 təyyarə dolu tibbi ləvazimat, səyyar hospital və başqa lazımlı əşyalar yola salınıb. 

Azərbaycan cəmiyyəti Türkiyədəki fəlakəti həyəcanla izləyə-izləyə həm də öz ölkəsini, öz taleyini düşünür. Neft bumu illərində heç bir tikinti normalarına uyğun olmayan, necə gəldi tikilən Bakıda zəlzələ olarsa, hansı mənzərə ilə üzləşərik? “Beton şəhər”də yeni tikilən çoxmərtəbəli binalar iç-içədir, təcili yardım, yanğınsöndürənlər üçün keçid qoyulmayan, avtomobillər üçün parklama yeri belə nəzərdə tutlumamış binaların keyfiyyətli, zəlzələyə davamlı tikilməsinə hansı zəmanət var?

2007-ci il avqustun 28-də Bakının Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən çoxmərtəbəli binanın uçması yaddaşlardan silinməyib. Faciə zamanı 30 nəfər həlak olmuşdu, bir o qədər də insan yaralanmışdı. Dövlət qurumları müəyyən etdilər ki, tikinti zamanı elementar qaydalara riayət edilməyib, uçqun da bu səbəbdən baş verib. Sonra nə baş verdi? Tikintinin podratçısı “Mütəfəkkir” MMC-nin direktoru həbs olundu, qısa müddət sonra həbsxanada öldü, amma şirkətin gerçək sahibinin adı açıqlanmadı. Ən pisi odur ki, bu faciədən sonra Bakıda tikinti normalarına nəzarət gücləndirilmədi, MTK-lar rüşvətlərini verib, bina tikib-satmaqda davam etdilər. Nəticədə paytaxtın sürüşmə zonaları belə çoxmərtəbəli tikililərlə dolub-daşdı.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə deyir ki, tikinti şirkətləri son illər heç onlardan rəy almağa belə ehtiyac görməyiblər:

"2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu. İndi belə müraciətlər almırıq. Müraciətlər olanda mərkəz əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər. Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.

Bakıda sonuncu dəfə güclü zəlzələ 2000-ci ilin noyabr ayının 25-də baş verib. 6.9 bal gücündə qiymətləndirilən təkanlar zamanı dağıntılar olsa da, insan itkisi az olmuşdu. Amma həmin illərdə neft pulları hələ gəlməmiş, paytaxtın “Sovet siması” dəyişməmişdi. 

3 milyon nəfərdən artıq əhali yaşayan Bakıda problem təkcə yeni tikilən binalar deyil. Sovet dövründən qalan, istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan minlərlə tikili var ki, bu da on minlərlə insanın həyatı üçün potensial təhlükə mənbəyidir.   

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən il mətbuata bildirmişdi ki,  paytaxtın bütün rayonlarda az-çox qəzalı vəziyyət olan binalar mövcuddur: “Bu məsələni daha dərindən öyrənmək məqsədilə artıq komissiya yaradılıb. Komissiyaya vaxt ayrılıb. Bir ay ərzində rayon icra hakimiyyətinin fəal iştirakı ilə onlar məlumatı toplayıb, bizə təqdim etməlidirlər”.

İcra başçısı qeyd edib ki, paytaxtda qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşır: “Orta hesabla, hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu məsələ bu gün kəskin olaraq gündəlikdə durub. Baxmayaraq ki, son illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu binaların sayı 30 % azalıb. Bu da bir nailiyyətdir. Amma yenə deyirəm qəzalı vəziyyətdə olan binaların sayı çoxdur və bu proses canlı prosesdir və bunu uzun illərə planlaşdırırıq. İlkin olaraq kritik vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq”.

Xatırladaq ki, bir neçə ildir, Bakıda sovet dövründə tikilmiş binaların söküntüsü aparılır. Hökumət tikinti şirkətlərinə paytaxtın müəyyən ərazilərində pilot layihələr təklif edir. Əhalinin köçürülməsi, kirayələrdə yerləşdirilməsi, əmlakın dəyərinin ödənilməsi qarşılığında “Xruşşovka”, “Leninqrad”, “Stalinka” layihəli binaların yerində 17-23 mərtəbəli yaşayış kompleksləri ucaldılır. Müşahidələrimizə görə, pilot layihələr əsasən Nərimanov, Yasamal, Nəsimi rayonlarını, qismən Xətai və Binəqədi rayonlarını əhatə edir. Tikinti şirkətləri mərkəzə yaxın, “bahalı” yerlərə investisiya qoymaqda maraqlıdırlar. Bunu biznes maraqları kontekstindən normal dəyərləndirmək olar. Söküntülər daha çox yaşayışa yararlı, qəzalı olmayan binaları əhatə edir. Əsas prioritet əlverişli yerlərdəki binaları söküb-tikmək, yaxşı pul qazanmaqdır. 

Bəs o zaman hökumətin qəzalı vəziyyətdə yaşayan vətəndaşları köçürmək, binaları söküb yeniləmək məqsədi harada qaldı? Tikinti sektorunu şəhərin üçüncü zonasındakı qəzalı binaların söküntüsünə cəlb etmək üçün əlverişli təkliflər niyə verilmir? Getdikcə aşınan, dağılan binalardakı insanların taleyini niyə düşünmürlər? Axı, günün birində Bakıda zəlzələ olsa, belə qəzalı binalarda yaşayanlar fəlakətin qurbanlarına çevrilə bilərlər. 

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, Bakı şəhərində istismar müddətini başa vurmuş 11 minə yaxın bina var ki, onların da içində 100-dən bir qədər artığı qəzalı vəziyyətdədir: “Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. İndiyə qədər ötən vaxt ərzində paytaxt əhalisi 3 dəfəyə qədər artıb. Zamanında müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və sair ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları, müxtəlif obyektlərlə əvəzlənib. Bu zaman tikinti norma və prinsipləri tamamilə pozulub. O səbəbdən artıq bir neçə ildir ki, Bakı şəhərinin Baş planının hazırlanması üzərində iş gedir”. Ekspert qeyd edib ki, paytaxtda pilot layihələr üzrə sökülən hər beşmərtəbəli binanın yerində 15-20 mərtəbəli yeni çoxmənzilli bina inşa edilir. Onun fikrincə, bu binalar tikilən zaman bəzi hallarda normativlər gözlənilmir, həyətyanı sahə, park, avtopark yeri, iaşə obyektləri nəzərə alınmır: 

“Bakı şəhərinin hazırlanmaqda olan yeni Baş planı üzrə paytaxtda müəyyən söküntü, tikinti-quruculuq tədbirləri həyata keçiriləcək. Baş planın təsdiqlənməsi o deməkdir ki, tikilən və ya tikiləcək binalar həmin plana uyğundur. Yaxud Baş plan təsdiqlənməyib, lakin köhnə binalar sökülüb, yenisi ilə əvəzlənir. Paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələri qalmayıb. Hazırda satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Tikintinin maya dəyəri həddən artıq baha olur. Ona görə də bəzi tikinti şirkətləri köhnə binaları alıb, yerində yeni çoxmənzilli bina tikirlər. Bu da gələcəkdə hazır olacaq və tətbiq olunacaq Baş planın tam əksinədir. Köhnə binalar sökülüb yenisi inşa edilən zaman tikinti normativləri gözlənilmir”.

Beləliklə, Bakıda vəziyyət acınacaqlıdır, bizi qəfil yaxalayacaq təbii fəlakət misli görünməmiş faciələrə yol aça bilər. Ona görə də dövlət qurumları qollarını çırmayıb, elə sabahdan işə başlamalıdırlar. Yeni binaların zəlzələyə davamlılığının yoxlanılması, köhnə tikililərinin sökülərək əhalinin potensial təhlükədən xilas edilməsi prioritetdir. Bir şərtlə, rüşvəti birinci ləğv etmək lazımdır... 

Turqut