Logo
news content

Pezeşkian niyə məsud olmadı?
BRICS-in Kazan sammitindəki bir məqama sözardı

Beynəlxalq tədbirlərdə dost və qardaş ölkələrin liderlərinin salamlaşmalarının, ikitərəfli görüşlərinin baş verməsi adi haldır.

Belə tədbirlərdə, fürsət düşmüşkən, qarşılıqlı münasibətlərində müzakirə edilməli məsələlər olan ölkələrin liderləri də görüşlər keçirirlər. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünü bu sıradan saymaq olar. ABŞ Prezidenti Cozef Baydenin xüsusi köməkçisi Maykl Karpenterin bölgəyə səfərindən sonra onların Kazanda görüşü rəsmi Bakı ilə İrəvan arasında müəyyən məsələlər üzrə razılaşma olmasının göstəricisidir. 

Karpenter Prezident İlham Əliyevlə görüşərək, ona Cozef Baydenin məktubunu təqdim edib. Xatırladaq ki, Bayden məktubunda bu ismarışı verib: “Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.

Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək”.

Məktubdan da göründüyü kimi, Maykl Karpenter həm də Ağ evin Azərbaycan-Ermənistan münasibətlərinə dair məktubda yazılmayan mövqeyini ölkələrin liderlərinə çatdırıb. 

BRİCS-in zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşü və məktubda vurğulanan sülh sazişini müzakirə etməsi də tərəflərin dialoqa açıq olduğunun göstəricisi sayıla bilər. Ehtimal etmək olar ki, liderlər köməkçiyə təqdim etdikləri mövqelərini öz aralarında da müzakirə edib, fikir mübadiləsi aparıblar. 

Rusiya Prezidenti Vladimir Putin də onların görüşlərini BRİCS sammitinin müsbət tərəflərindən biri olaraq dəyərləndirib. 

Bunu həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına rəsmi Moskvanın münasibəti kimi qiymətləndirmək olar. Çünki toplantıdan əvvəl liderlərin görüşü protokolda nəzərdə tutulur. Onların danışığı  üçün yer təyin olunur. Bu baxımdan, Prezidentlə Baş nazirin görüşünün də əvvəlcədən planlaşdırıldığı qənaətinə gəlmək olar. 

Toplantı çərçivəsində İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin sədri Si Cinpinlə də salamlaşıb, ayaqüstü görüşüb. 

Ermənistanın baş naziri İran Prezidenti Məsud Pezeşkian görüşüb, tərəfləri maraqlandıran məsələlərdən danışıb, Belarus lideri Aleksandr Lukaşenko ilə ayaqüstü salamlaşıb. 

Kazanda ev sahibi Vladimir Putin də bir sıra ikitərəfli görüşlər keçirib. O, Çin lideri Si Çinpin, Hindistanın baş naziri Narındra Modi, İran Prezidenti Məsud Pezeşkian və başqaları ilə regional, qlobal və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. 

Rəcəb Tayyib Ərdoğanın ailə fotoqrafı çəkdirmə mərasimində Məsud Pezeşkianla əl görüşüb salamlaşmaması diqqətdən yayınmayıb. Əslində bu toplantıdan əvvəl tərəflərin belə bir görüşü üçün hazırlıq işlər görülə bilərdi. Görünür, Tehran Pezeşkianın Kazanda Ərdoğanla görüşünü regiondakı vəziyyətlə əlaqədar vacib saymayıb. Digər tərəfdən, oktyabrın 23-də, yəni sammitdən bir gün öncə Ankarada TUSAŞ zavodundan terror törədilmişdi. Həmin hadisə nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Yunanıstan, Rusiya və başqa ölkələrin liderləri, NATO-nun baş katibi Türkiyə prezidenti və xalqına baş sağlığı verərək, terroru lənətləyiblər. 

İran İslam Respublikası isə yalnız Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekai səviyyəsində başsağlığı verib. Halbuki bu ölkənin prezidenti İbrahim Rəisi həlak olanda rəsmi Ankara İrana başsağlığı vermiş, İsmayıl Həniyə Tehranda öldürüləndə isə Türkiyədə matəm elan olunmuşdu. 

Ehtimal etmək olar ki, İran hakimiyyətinin TUSAŞ da törədilən teraktın qurbanlarının sözçü səviyyəsində qarşılanması rəsmi Ankaranın marağına uyğun olmayıb. İran rəhbərliyi, hökuməti bu cinayəti, faciəni adi şəkildə qəbul etməsi də münasibətlərə uyğun davranış sayılmır.

Məsud Pezeşkian üç aylıq prezidentliyi dövründə Nikol Paşinyanla iki dəfə görüşüb. Bu isə Tehran-İrəvan münasibətlərinin göstəricisidir. Odur ki, Pezeşkianın deputat olanda, prezident seçkisiqabağı təbliğat kampaniyasında geninə-boluna yararlandığı “Türkəm!” şüarının istifadə müddəti başa çatmış sayıla bilər…