Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni Azərbaycan Partiyası Milli Məclisdən deputatlarını geri çəkir

Qərar YAP-ın bu gün keçirilən Siyasi Şurasında qəbul edilib. Həm də YAP-ın prezidentə müraciət ünvanlayacağı deyilir. Qanunvericilliyə görə, parlament çoxluğu deputatlıqdan geri çəkilərsə, yetərsay olmadığı üçün Milli Məclis özünü buraxmağa məcbur olacaq.

Günün mövzusu, təbii, bu oldu və yənə də sosial şəbəkələr coşub-daşdı. Siyasətçilər hələlik susur, hüquqşünaslar, jurnalistlər daha çox fəallıq göstərirlər. Yazılan şərhlərdən xarakterik qeydləri təqdim edirik.

Fərhad Mehdiyev: Parlamentin bu şəkildə buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uyğun deyildir.
1. Əgər könülləri parlamenti buraxmaq istəyirsə, bunun ən tez yolu Konstitusiyanın 95-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq hərəkət etməkdir. Bunun üçün Prezident parlamentə bir qanun layihəsi göndərməli, onu "təcili" elan etməli, parlament də 20 gün ərzində onu səsverməyə qoymamalıdır. 20 gün sonra Prezident qərar qəbul edərək parlamenti buraxa bilər;
2. Deputatlardan 83 nəfər istefa verərsə, onda parlament səlahiyyətlərini itirəcəkdir (Konstitusiyanın 87 və 88-ci maddələri);
3. Müraciət etməklə parlamentin buraxılması Konstitusiyada nəzərdə tutulmadığına görə, hüquqa ziddir.
4. Açıq qalan digər məsələ yeni seçilən parlamentin səlahiyyət müddətinin 5 ilmi, yoxsa 5 aymı olacağıdır. Konstitusiyanın 98-ci maddəsinin 2-ci hissəsinə baxılsa, problem başa düşüləcəkdir.

Xəyal Məmmədxanlı: Milli Məclis buraxılsa, bütün islahatların ciddiliyinə cani-könüldən inanacam!

Qabil Abbasoğlu: Maraqlı mərhələyə giririk. Nəticə barədə çox optimist olmasam da, dinamika, proses özü maraqlı olacaq. Düzdü, "çox keçmişik bu dağlardan", amma məncə, hər bir halda, hərəkət dayanmaqdan yaxşıdı.

Cavanşir Abbaslı: Yaxın saatlarda YAP-çı deputatlar "istefa mədəniyyəti" nümayiş etdirəcəklər. Hoppadan gedəcəklər)))

Əkrəm Həsənov: Milli Məclis buraxılır! Ona görə ki, Prezidentin hazırda həyata keçirdiyi siyasətə adekvat deyil və son aylar ölkədə aparılan islahatlardan geri qalır (məlumun elanı!). Özü də faktiki olaraq deputatların özü bunu etiraf edir. Eyni problem məhkəmə hakimiyyətində də var. Onu da buraxıb yenidən yığmaq lazımdır. Məhkəmə sədrlərinə təklif edirəm ki, analoji bəyanatla çıxış etsinlər!

Xalid Ağəliyev: Nə olur-olsun, təki, Xanhüseyn, Rəfael, dünya çempionatında Real Madridə “azarkeşlik” edən müəllimləri çıraqla aramayaq!

Günel Səfərova: Əsl islahat budur, parlamentdə bilikli, bacarıqlı, xarici dilləri bilən, danışığını bilənlər olmalıdır. Daha deputatımızdan utanmayaq...

Ülviyyə Şahin : Bəs gələn ilin büdcəsini kimlər qəbul edəcək?