Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Dünya standartına” uyğun olmayan yağış

Noyabrın 24-dən 25-nə keçən gecə Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi nəticəsində çökmüş “dünya standartlarına uyğun” yol həftənin əvvəlindən sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzudur. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Cəmi 9 il əvvəl həmin yolu təhvil verəndə söz rəsmilərin idi. Onlar şossenin 4 kilometrlik bu hissəsini “birici dərəcəli, ən qabaqcıl texnologiyalara uyğun tikilmiş yol”, “bizim sərhədlərə çıxışımız”, açılış mərasimini isə “tarixi hadisə” adlandırmışdılar. İndi xalqın rəyini, mütəxəssislərin fikirlərini dinləmək vaxtı yetişib.

Sahib Məmmədov: Isveçrə, Almaniya və s. ölkələrdə yol şürüşmələri. Mən bununla heç kəsə haqq qazandırmıram. Sadəcə bizdən yaxşı yol çəkən ölkələrdən bir neçə şəkil paylaşıram.

La Pa: Hörmətli Sahib Məmmədov Almaniyada, İsveçrədə və s. torpaq sürüşmələrinin fotolarını paylaşıb. Birinci fotonu Sahib bəyin statusundan götürmüşəm. İkincisi Bakıda olan sürüşmənin fotosudur. Əlbəttə, sürüşmə hər yerdə olur. Mənim diqqətimi asfaltın qalınlığı cəlb etdi. Özünüz müqayisə edin!



Qubad İbadoğlu: Torpağın üzərinə döşənən asfalt qatının qalınlığından hər şey aydın görünür. Yol yatağında daş və torpaq bərkitmə işlərinə milyonlarla vəsait silinib.

Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yenidən torpaq qatı sürüşməsi nəticəsində yolun istinad divarları uçub. Səbəbi korrupsiya və pis idarəetmədir. Diqqət edin.

Hesablama Palatası aparılmış nəzarət tədbirləri nəticəsində Dövlət İnvestisiya Proqramı layihəsinin “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın bəzi tələblərinə uyğun hazırlanmadığı qənaətindədir. Belə ki, əksər hallarda sifarişçi təşkilatlar tərəfindən layihələrinin əsaslandırılmadığı, ilkin strukturu və qiymətləndirməni özündə əks etdirən investisiya təkliflərinin hazırlanmadığı,.. layihə-smeta sənədlərinin, texniki-iqtisadi əsaslandırmanın və texniki-iqtisadi hesablamaların Proqrama daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Nəticədə… əsaslandırması və texniki-iqtisadi hesablamaları olmayan layihələr Dövlət İnvestisiya Proqramına (DİP) daxil edilir. Bu da öz növbəsində tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılmamasına, DİP üçün nəzərdə tutulan vəsaitin il ərzində bir neçə dəfə yenidən bölüşdürülməsinə, DİP üzrə proqnozla gözlənilən icra və faktiki icra arasında ciddi fərqin yaranmasına, nəticədə dövlət vəsaitlərinin səmərəli istifadə olunmamasına təsir edir.
Məlumat üçün qeyd edim ki, 2019-cu il üçün şəhərsalma və tikinti büdcəsi 6,3 milyard manat proqnozlaşdırılıb.

İlqar Rəsul: Bütün günü gözlədim ki, bəlkə kimsə doğrunu yazar, gördüm yox, yazan yoxdu. "Yenə özüm"- deyib nəhayət yazıram: əslində yolu çəkən yaxşı çəkib. Qayanı yaradan yaxşı yaratmayıb…

Fikrət Hüseynli: Azərbaycanı Çinlə, Qərbi Avropa ilə müqayisə etməyin. Qiymətli təbii sərvətləri olmayan Estoniyanın yollarının şəkillərini internetdə tapıb baxın və düşünün: bizim onlardan nəyimiz əskikdir? Bu gün bu uzaq Şimali Avropa ölkəsində yaşayış minimumu 800 avrodur. Ən uzaq kəndlərə ən müasir yollar çəkilib.

Şəbnəm Karslı: Əzizlərim, yağış yağdığı üçün yol uçmaz, su basmaz, sürüşmə olmaz. Normada yağan yağış heç bir fəlakətə səbəb olmaz. Bunların tək səbəbi var: yeraltı sular və nizamsız kanalizasiya sistemi. Abşeron yarımadasının altı yuyulur, təhlükə get-gedə böyüyür. Yaponiyadan mütəxəssis-zad gətirmək lazım deyil, inşaat və təmir işləri zamanı yerli mütəxəssislərin rəylərini almaq, pulu da basıb yeməmək lazımdır.

Аdil İsmayılov: "Rabitə naziri getdi, İnternet çökdü... Nəqliyyat naziri gedəndə yollar, körpülər çökəcək?" yazmışdım 16 noyabr 2015-ci ildə. Tam bir il sonra yazdım ki, "yaxşısı budu, heç kimə toxunmasınlar." Ziya müəllimin getməsinin nəticələri özünü çox gözlətmədi. Sizcə, növbədə hansı nazirlikdi? Adam ad çəkməyə də çəkinir...