Logo
news content
User
Kateqoriyalar

Reportaj

Putin öz yerinə kimi hazırlayır? – TƏHLİL

 Zeynal Əmrəliyev

Rusiyada prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Bir çox ekspertlər bu seçkilərin artıq yaşı 70-dən yuxarı olan hazırkı prezident Vladimir Putinin sonuncu hakimiyyət müddəti adlandırırlar. Putin bu dövrdə yeni varisinin axtarışını aparacaq. Uzun müddətdir, Qərb analitik dairələri Putindən sonra Rusiyanın yeni rəhbərinin kim olacağı barədə araşdırmalar aparır. Ancaq Putin müxtəlif siyasi manevrlərlə bu məsələni gizli saxlamağa çalışır. 

Aydın məsələdir ki, prezidentin varisi məsələsi hakim komanda daxilində həll ediləcək. Çünki Rusiyada hər zaman hakimiyyət komanda daxilindən kiməsə ötürülüb. Bu səbəbdən, əsas siyasi mübarizə də məhz komanda daxilində gedəcək. Odur ki, Rusiyanın yeni prezidentini məhz hakim komandanın daxilində axtarmalıyıq. 

Vladimir Putin Rusiya Federasiyasının 2-ci prezidentidir. O da məhz hakim komandanın üzvü kimi Kremlin sahibi ola bilib. Elə Boris Yeltsin də özündən sonra kimin dövlətin başına keçəcəyini gizlətməyə çalışırdı. Bu məqsədlə tez-tez hökumət rəhbərlərinin də dəyişdirilməsinin şahidi olurduq. 1998-2000-ci illərdə Viktor Çernomırdin, Sergey Kiriyenko, Yevgeni Primakov, Sergey Stepaşin, son olaraq 9 avqust 1999-cu ildə Baş Nazir təyin etdiyi FTX rəhbəri Vladimir Putinə öz yerini təhvil verərək, 1999-cu il dekabrın 31-də istefa vermişdi. 

İndi aktual olan sual budur: Putin bu gün hakimiyyətdən getsə, Rusiyanın yeni prezidenti kim ola bilər?                                          

Potensial namizədlərlə tanış olaq :                                                                                 

Mixail Mişustin

57 yaşlı Baş nazir hazırda bu vəzifəyə ən rahat keçid edə biləcək şəxsdir. Rusiya Konstitusiyasına görə, prezident istefa verərsə, vəzifə başında dünyasını dəyişərsə, yaxud, hansısa səbəbdən onun vəzifəsini icra etməsi mümkün olmadıqda prezidentin səlahiyyətləri Baş nazirə keçir. Mişustin ilk baxışdan iddiasız və sakit fiqur təsiri bağışlasa da, ciddi rıçaqları olan, əsas da Rusiya iqtisadi sistemində və hökumət aparatında nüfuzu olan şəxsdir. 2010-2020-ci illərdə 10 il Rusiya Federal Vergi Xidmətinin rəisi olan Mişustin bu vəzifədə olarkən iş dünyası ilə əlaqə qura bilib. Vergi sisteminin rəhbəri olarkən əsasən orta sahibkarlıqla məşğul olan iş adamlarına nüfuz edirdi. İndi həmin iş adamlarının hesabına özünə sadiq “milyarder korpusu” yetişdirməyə çalışır. Öz işinin ustasıdır, Qərblə münasibətləri digər rəsmilərə nisbətən çox da pis deyil. Mişustin saraydaxili çəkişmələri yaxşı bilən, iqtisadiyyatı idarə etmək gücündə olan şəxsdir. Bir sözlə, yaxşı Baş nazirdir. Lakin yaxşı Baş nazir olmaq yaxşı prezident olmağa bəs etmir.  Xüsusilə, indiki halda, Rusiya siyasi sistemində çox böyük gücə malik olan “çinovniklər qrupu”nun özlərindən olmayan birinin dövlətin başına keçməsinə sakit baxacağı  gözlənilən deyil. Mişustinin taleyi əsasən martdakı prezident seçkisindən sonra məlum olacaq. Putin seçkidən sonra Mişustini yenidən Baş naziri təyin edərsə, bu, onun Kremlə yolunu açacaq. Ancaq yenə də Baş naziri prezidentliyə gedən yolda çox ciddi mübarizə gözləyir.

Dmitri Medvedev 

Əvvəl bu vəzifədə oturması onun şansını xeyli artırır. Prezident kimi Putin onu 1 dəfə sınaqdan çıxarıb, Baş nazir kimi iqtisadiyyatın əsas sahələrinə cavabdeh olub, Təhlükəsizlik Şurasının sədr müavini kimi güc strukturlarında özünə nüfuz qazana bilib. Medvedev əvvəllər Putinin yerinə ən şanslı namizəd idi. Lakin son zamanlar verdiyi qalmaqallı açıqlamalar onu nüfuzdan salır. Artıq xalq və siyasi elita daxilində onu ciddi siyasətçi kimi qəbul etmirlər. Əslində bu, bir tərəfdən yaxşıdır - onu rəqib görmədikləri üçün ona problem yaradan qüvvə də olmayacaq. Bu günlərdə isə Qərb mediası Medvedev haqqında maraqlı iddia ilə çıxış edib. Bildirilir ki, keçmiş prezident bundan sonrakı fəaliyyətini hüquq sistemində davam etdirmək istəyir. Onun Putindən yeni vəzifə istədiyi deyilir. İddialara görə, prezident və Baş nazir kimi yüksək postlarda çalışmış və hazırda Təhlükəsizlik Şurasında Putinin müavini olan Medvedev indi də Konstitusiya Məhkəməsinin sədri olmaq istəyir. Ancaq Putinin buna qarşı çıxdığı deyilir. Medvedevə bu həvəsin haradan gəldiyi bilinməsə də, Konstitusiya Məhkəməsinin rəhbərliyindən prezidentliyə keçid bir qədər çətin prosesdir. Görünür, ya keçmiş prezident yenidən prezident olmaq istəmir, ya da ona yenidən prezident ola bilməyəcəyi başa salınıb, buna görə də o, yeni rəhbərlikdə kənarda qalmamaq üçün Konstitusiya Məhkəməsinin sədri kimi yüksək təsiredici və uzunömürlü, toxunulmaz bir vəzifəyə seçilmək istəyir                                                

Nikolay Patruşev 

Təhlükəsizlik Şurasının 72 yaşlı rəhbəri bu nüfuzlu qurumda Putin və Medvedevdən sonra üçüncü ən yüksək vəzifəlidir. Buna baxmayaraq, “Peterburq klanı”nın liderlərindən olan Patruşev Rusiyanın “boz kardinalı” adlandırılır. Qərb Ukrayna ilə bağlı məsələləri onunla müzakirə edir, Yevgeni Priqojinin qaldırdığı “Vaqner qiyamı”nı onun yatırtdığı deyilir. Priqojinin aradan götürlməsində onun adı hallanır. Patruşev keçmiş FTX rəhbəri kimi kəşfiyyat içində yüksək nüfuz sahibidir və dövlətin idarə edilməsində aparıcı rola malik olan “çinovniklər” adlanan qrupun liderlərindən biridir. Bir qədər gənc olsaydı, Patruşev Kremlin sahibi olmaq üçün ən şanslı namizəd idi. Özü prezident ola bilməsə belə, indiki halda yeni prezidentin müəyyən edilməsində aparıcı rol məhz ona məxsus olacaq.              

Dmitri Patruşev 

Rusiyanın 46 yaşlı Kənd Təsərrüfatı naziri hazırda adı prezidentlik üçün ən çox çəkilən fiqurlardan biridir. Buna səbəb isə heç də onun göz oxşayan xidmətləri deyil, məhz Nikolay Patruşevin oğlu olmasıdır. Gəncdir, təhlükəsizlik orqanları tərəfindən dəstəklənir, iqtisadi bilgilərə sahibdir, prezidentlik üçün əsas tramplin olan Baş nazir postuna ən real namizədlərdən biridir. Onun Baş nazir təyin ediləcəyi barədə söhbətlər dolaşır. Dmitri Patruşev hökumətin başına keçsə, şübhəsiz, Kremldə əsas söz sahibi məhz onun atası Nikolay Patruşev olacaq

Sergey Sobyanin 

Paytaxt Moskvanın 65 yaşlı meri, şübhəsiz, Putinin komandasının ən uğurlu kadrlarından biridir. Mer təyin edildikdən sonra sələfi Lujkovun dövründə şəhərdə tüğyan edən qanunsuz tikintilərlə, korrupsiya ilə mübarizə aparması ona böyük şöhrət gətirmişdi. Moskvanın ən uğurlu rəhbərlərindən biri sayılır və paytaxt sakinləri arasında çox böyük nüfuzu var. Putin onun fikirlərini və iş üslubunu bəyənir. Yeganə minusu yaşının çoxluğudur. Baş nazirin müavini və Tula vilayətinin qubernatoru vəzifələrində çalışıb. Prezident vəzifəsinə keçidi bir qədər müəmmalı olsa belə, Mişustindən sonra Rusiyanın Baş naziri olmağa şanslı namizədlərdən biridir                                   

Aleksey Dümin 

Uzun müddət Putinin cangüdəni olan, Krım müharibəsində xüsusi komandirlik qalibiyyəti ilə seçilmiş bu şəxs uzun müddətdir ki, Putinin yerinə potensial varis hesab edilir. Krımda dövlət qurumlarının binalarını ələ keçirərək, burada Ukraynanın qanuni hakimiyyətini devirib, Rusiyaya sadiq yeni hökumət qurması ilə tanınan gənc kəşfiyyatçı hazırda Tula vilayətinin qubernatoru kimi Rusiya siyasi elitasının ən hörmətli üzvlərindən biridir. Putinin ona olan rəğbəti hamıya bəllidir. O, prezidenti dəfələrlə ölümdən xilas edib və ona olan sədaqəti məlumdur. Rusiyada çox adam bilir ki, Dümin və Putin arasında hələ də ata-oğul münasibətləri hökm sürür. Tam sədaqət və qoyduğu siyasətin davam etdirilməsini istəyirsə, Putin üçün ən gözəli öz yerini məhz Düminə etibar etməkdir. O, artıq 8 ildir ki, ölkənin ən böyük və ən çətin vilayətlərindən birini idarə edir və burda özünü təsdiq edib. Düminin Moskvaya gətirilərək yüksək vəzifəyə təyin edilməsi süpriz olmaz. 

Sergey Şoyqu

68 yaşlı marşal Ukrayna müharibəsi başlayana qədər Putinin yerinə ən şanslı namizəd hesab edilirdi. Olduqca soyuqqanlı, Putinlə yaxın dost olması və bunu hər fürsətdə ov məclislərində nümayiş etdirmələri onun şansını artırırdı. Lakin Ukrayna müharibəsindəki səhv strategiyalar və müharibənin, gözlənilənin əksinə, uzanması onun şansını bir qədər azaltdı. Düzdür, müharibədəki uğursuzlaqları tək onun ayağına yazmaq olmaz. Ancaq hər halda, hərbi nazir kimi orduya məsul şəxs odur və məsuliyyətin əsas hissəsi məhz  onundur. Şoyqu Mintimer Şaymiyev və Yuri Lujkovla bərabər hazırda iqtidarda olan Vahid Rusiya Partiyasının 3 qurucusundan biridir. Şaymıyev vəzifədə, Lujkov isə həyatda olmasa da, Şoyqu hələ də siyasi elitada əsas söz sahiblərindən biridir. O, “Tatar klanı”nın faktiki lideridir, çox dərin əlaqələrə malik olan Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyev tərəfindən namizədliyi dəstəklənir. Ancaq bir məsələ var ki, “Peterburq klanı” onu həzm edə bilmir. “Çinovniklər qrupu”nun isə ona nifrəti var. “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Ukrayna müharibəsi zamanı onu ağır şəkildə tənqid və təhqir etməsi, daha sonra isə üsyan qaldırması məhz bu mübarizənin nəticəsi idi. Putin öz yerini Şoyquya versə, bu, Rusiyada çox böyük daxili toqquşmalara səbəb olacaq. Məhz bu amillər və yaşının çoxluğu onun şansını azaldır                              

Valentina Matviyenko

Rusiyanın “baş senatoru” olan bu xanım hazırda Putinin ən çox güvəndiyi bir neçə şəxsdən biridir. Prezidentin ona etimadı böyükdür və o, “Peterburq klanı”nın ən hörmətli üzvlərindən biridir. Uzun müddət bu şəhərin qubernatoru olması ona böyük divident gətirir. Matviyenko çox güclüdür, lakin prezidentlik üçün zəif tərəfləri çoxdur. Birincisi, yaşı çoxdur, 74 yaşı var. Putin öz yerini verəcəksə, daha gənc birinə verər. Özündən 2 yaş böyük birini varis təyin etmək bir qədər mənasızdır. İkinci və digər önəmli bir məsələ isə Matviyenkonun qadın olmasıdır. Mühafizəkar pravoslav rus cəmiyyətinin hələ bir qadının dövlətin başına keçməsini həzm etməsini gözləmək bir qədər inandırıcı deyil. Ona görə də xanım baş senatorun Kreml sahibi olmaq şansı çox zəif ehtimaldır.                                                  

Sergey Narışkin

Rusiya Xarici Kəşfiyyatının rəisi uzun müddətdir ki, Putinin yanındadır. O, Putinin “ən böyük layihəsi”dir desək, yanılmarıq. Narışkin Putin kimi Peterburqdandır, “KQB məktəb”nin yetirməsidir, uzun müddətdir siyasi elitada təmsil olunur. 2005-2009-cu illərdə Rusiyanın dövlət kanalı olan 1-ci kanalın Direktorlar Şurasının sədri, 2004-2008-ci illərdə Baş nazirin müavini və Nazirlər Kabinetinin Aparat rəhbəri, 2008-2011-ci illərdə Prezident Administrasiyasının rəhbəri, 2011-2016-cı illərdə isə Dövlət Dumasının sədri olmuşdur. 8 ildir, ölkənin xarici kəşfiyyat şefi olaraq, xarici siyasətin formalaşmasında əsas söz sahiblərindən biridir. Putindən yaşca kiçik olsa da, prezident olmaq üçün çox da gənc deyil. “Baş çekist”in 70 yaşı var. Ukrayna müharibəsi elan edildiyi gün Putinin Kremldə məmurlarla keçirdiyi iclasda Narışkinin qəflətən Putinin əməliyyat planına qarşı çıxması və prezidentlə onun arasında yaşanan qısa mübahisədən sonra onun adı prezidentlik üçün daha az çəkilməyə başlayıb. Ancaq bir iddia var ki, öz aktuallığını hələ də qoruyur və son zamanlar daha güclü səsləndirilir - Narışkinin xarici işlər naziri postuna gətirilməsi. Əvvəllər işlədiyi müxtəlif vəzifələrdənsə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində daha uzun müddət qalması onun məhz bu sahədə uğurlu olmasından qaynaqlanır. Kreml elitası da artıq Narışkini ölkənin gələcək “baş diplomatı” kimi görür.

Sergey Kiriyenko

Onun haqqında çoxları “Putini Putin edən adam” deyirlər. Başqa bir ləqəbi də var – “Rusiya siyasətinin Kinder suprizi”. Sonuncu ləqəbini o, 1998-ci ildə o zamankı prezident Boris Yeltsin tərəfindən Baş nazir təyin edilərkən qazanmışdı. Bu təyinat Rusiya və dünyada hər kəsi təəcübləndirmişdi. Çünki həmin vaxt yeni hökumət rəhbərinin cəmi 35 yaşı var idi və siyasi idaretmə təcrübəsi olduqca az idi. Belə bir təcrübəsiz gənci anidən ölkənin 2-ci şəxsi etməkdə Yeltsinin məqsədi nə idi, hələ də bilinmir. Ancaq Kiriyenko vəzifəsinin öhdəsindən gələ bilmədi. İqtisadi geriləmə, rublun dəyərdən düşməsi davam edirdi. Buna görə də gənc Baş nazir 4 ay sonra könüllü şəkildə vəzifədən getdi.  Hökumətin başında az qalsa da, Kiriyenko qısa müddətdə həyatını (bəlkə də hamımızın həyatını – müəl.) dəyişdirəcək bir təyinat edir. Gənc Baş nazir Vladimir Putini Rusiyanın kəşfiyyat xidməti olan FTX-nın başına gətirir. Onun ilk ləqəbi məhz burdan qaynaqlanır. Bu təyinat Putinin Baş nazirliyə, ordan isə prezidentliyə gedən yolunu açır. Putin də onun bu addımını cavabsız qoymur. Onu Rusiyanın ən böyük bölgələrindən biri olan Volqanın rəhbəri təyin edir. 5 il sonra isə Moskvaya gətirərək, ölkənin ən strateji və məsuliyyətli qurumlarından biri olan Rosatom Dövlət Nüvə Enerji Şirkətinin baş direktoru təyin edir. Sergey Kiriyenko hazırda Rusiya Federasiyası Prezidentinin Administrasiyasının rəhbərinin 1-ci müavinidir. Onun dövlət başçısı ilə ailəvi münasibətləri və yüksək dostluğu var. Putin ona çox güvənir. Ukraynanın işğal edilmiş bölgələrindəki referendumlara məhz o rəhbərlik edib. Kiriyenko hazırda da federal subyektlərin idarə edilməsində əsas söz sahiblərindən biridir. Prezident olmaq üçün yaşı da münasibdir. Hazırda 60 yaşı var. Kiriyenkonun adı son zamanlar Baş nazirlik üçün xüsusi çəkilir. Kreml elitası da ondan ehtiyat edir. Çoxları düşünür ki, Putin keçmiş Baş naziri yenidən öz postuna qaytaracaq və daha sonra anidən istefa verərək, yerini ona həvalə edəcək. Təbii ki, bunlar hamısı iddiadır. Ancaq güclü və tutarlı iddialardır. Çünki son zamanlar çox ciddi media qurumlarında Kiriyenkonun Baş nazirliyindən bəhs edilir.

***

Rusiya qədim saray qanunları ilə idarə edilən bir dövlətdir. Buradakı mövcud yazılmamış siyasi qaydalara görə, hakimiyyət komanda üzvlərindən birinə ötürülür. Buna görə də komanda daxilində hər zaman bununla bağlı bir rəqabət olub. Putin güclü bir siyasi fiqur olduğu üçün heç kim birincilik iddiasını açıq dilə gətirməsə belə, bununla bağlı siyasi klanlar, qruplar illərdir mübarizə aparır. Bu da təbiidir. 

Bir neçə gündən sonra Rusiyada növbəti prezident seçkisi olacaq. Ehtimal ki, bu, 71 yaşlı Putinin sonuncu prezidentliyi olacaq. O, artıq yeni varisini seçməli və tacı onun başına qoyaraq, Kremli tərk etməlidir...