Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

“Pusquya düşdük, dedilər ona güllə dəyib, amma sağdır...” – İTKİNLƏR -  VÜSALƏ MƏMMƏDOVA YAZIR

Pressklub.az-ın “İtkinlər” layihəsində Rzayev Əhməd Sabir oğlunu yad edirik.

Sumqayıt. 1992-ci il.

Əhməd əsgər geyimində qapıdan girəndə Ağxanım özünü itirdi:

- Bu nə geyimdir belə? Hara gedirsən?

- Cəbhəyə gedirəm! Evdən xəbərsiz gedib könüllü yazılmışam!

- Evdən icazəsiz... – Ağxanım əsəbiləşdi.

- Bəs necə edim? Evdə bilsələr, qoymayacaqlar. Deyəcəklər, getmə!

- Mən indi atamgilə deyəcəm...

- Qurban olum, mən yola düşməmiş evə demə. Qərarımı vermişəm, gedirəm. Bir neçə dəqiqəm var, səninlə sağollaşmağa gəlmişəm.

Əhməd papağındakı ulduzu çıxardıb, 5 yaşlı Rövşənin ovcuna qoydu:



- Dayıdan yadigar saxla! Bir şey olsa... Bu ulduzla məni xatırlayarsan...

- Belə sözlər danışma! – Ağxanım doluxsundu.

- Arxamca ağlamayasan ha! Bax, sənə də hədiyyə almışam. Sən də bu sancağı məndən yadigar saxla!



- Əhməd, bacın qurban, atamgillə görüşmədən getmə...

- Görüşməyə vaxtımız çox olacaq. Sən hər şeyi onlara başa salarsan...

***

Sumqayıt. 2022-ci il.

83 yaşlı Umhani ana Əhmədi təsvir edir:



- Sonbeşiyim idi... Anaya, ataya, qardaşına və bacılarına çox mehriban uşaq idi... Üç il idi hərbi xidmətdən qayıtdığı... Fabrikdə işləyirdi, özünə görə hörməti var idi... İstədik ailə qursun, razılaşmadı. “Müharibədir, evlənmək vaxtı deyil”, dedi... Mən bir az zəiflik elədim, kaş evləndirərdim... 1992-ci ildə könüllü getdi Kəlbəcərə... Kəlbəcər işğal olunandan sonra qayıtdı, Qubadlıya getdi... Yazı düzündə topçu idi, tank da sürürdü... Qubadlı işğal olunandan sonra evə gəldi... Bu dəfə isə Füzuliyə getdi... Füzuliyə getdiyi tarixi dəqiq yadımda saxlamışam – 29 dekabr 1993-cü il... Daha gəlmədi... Elə Füzulidə... bilmirəm necə deyim...? 28 il keçir, ancaq hələ də o söz mənim dilimə yatmır, qızım... İynə itər, sancaq itər... Oğul da itərmi, bala?

Səsi titrəyir, gözləri dolur, danışa bilmir... Söhbəti qızı Ağxanım ilə oğlu Araz davam etdirir:

Ağxanım Rzayeva:



- Əhməd 1967-ci ildə sentyabrın 18-də Sumqayıtda anadan olub. Bir yaş fərqimiz var idi deyə, demək olar ki, əkiz kimi böyümüşük. Bütün sözü-söhbəti mənimlə idi. Dərsə davamiyyəti yaxşı idi, ancaq oxumaqla heç arası yox idi. Axşamlar onun ev tapşırığını edirdim ki, səhər müəllimdən şillə yeməsin... (Gülür) Qiymətləri 3-4 idi... İndi oxuduğu məktəbdə adını lövhəyə yazıblar... Futbol oynamağa gedəndə məni də özü ilə aparırdı ki, gəl, qapıçımız ol... Gedəndə də yalnız mənimlə görüşdü... 

Araz Rzayev:

- Bizimlə görüşmədən getdi... Mən buraxmırdım ki, arxam ol, dayağım ol... Atamız xəstə, anamız yaşlı, evlənmək lazımdır! Axşam işdən gəldim, dedilər xəbərin var, Əhməd gedib... Dedim, axı mənə söz vermişdi, “getməyəcəyəm” demişdi...

Bizim ailədə böyük-kiçik yeri həmişə qorunub. Əhmədin böyük qardaşı idim, aramızda pərdə var idi. Eyni münasibət də atamla aramızda var idi... Elə ona görə də mənimlə söhbəti çox uzatmadı... Ancaq yenə də getdi...

706 saylı hərbi hissədə xidmət edirdi. Qubadlıda olanda Yazı düzündə yaralanmışdı. Güllə boynunun sol tərəfindən sıyırıb keçmişdi... Xanlıqda hospitalda yatanda yanına getdim. Görüşdük... Soruşdum, narahatlığın var? Dedi, “yox. Axıracan döyüşəcəyəm, evə qayıtmaq fikrim yoxdur. Yanımda döyüş yoldaşlarım, dostlarım həlak olublar, mütləq onların qanını almalıyam”.

- Oğlum həmişə özünü yox, yoldaşını fikirləşərdi. Elə olurdu ki, maaş alanda “filankəsin uşağı körpədir” deyib, pulunu ona verirdi. Belə ürək sahibi idi mənim Əhmədim. Deyirdi subay oğlanam, mənə bir şalvar da bəsdir... Qoy o ata övladının yanında sıxılmasın...

- Elə cəbhədə də həmin Əhməd idi. Füzulidə qərargahları Kərimbəylidə, yataq yerləri isə Şükürbəylidə idi. Döyüş mövqelərinə qədər getmişdim... Şükürbəyli ətrafında Yuxarı Həsənli, Su anbarı, Üzümlü... oralarda döyüşdə vurulur... Açığı, mənə elə gəlir ki, onun sağ qalmaq ehtimalı yoxdur...

- Niyə? – anası soruşur.

- Mən Azərbaycanı qarış-qarış dolaşmışam. Gəncə, İmişli, Bakı... Əlimdə qardaşımın şəkli bütün Şəhidlər Xiyabanlarını, qəbiristanlıqları, adsız məzarları, ölüxanaları gəzmişəm. Hospitallara getmişəm. Yaralı əsgərlərə şəklini göstərib xahiş eləmişəm ki, diqqətlə baxın, bəlkə bu uşaq yanınızda can verib? Palatadakı mülki şəxslərdən belə soruşmuşam... Bəlkə adını bilməzsiniz, ancaq üzü yadda qalar, demişəm... Heç kim görməyib... Buna görə də əminəm ki, döyüş bölgəsində qalıb...

- O vaxt döyüşçü yoldaşları dedilər çiynindən yaralanmışdı, ancaq sağ idi... – ana əlavə edir...

- Düz səngərə gedib, yoldaşlarından soruşdum. Dedilər, Şükürbəyli kəndi tərəfdə üzüm bağlarında ermənilər bizə hücum elədi. Biz yolun altında, onlar isə xeyli yuxarıda idilər, bizi pusquya saldılar. Xeyli itki verdik, yaralımız da oldu, ancaq əsirimiz olmadı. Dedilər Əhməd sağ idi, güllə çiynindən dəymişdi. Ayağından dəyməyib? Yox. Deməli, yeriyə bilərdi! Yox, əgər yaralı halda çıxa bilməyibsə, deməli, bu uşaq vurulub, qalıb orada... Xahiş etdim ki, açıq deyin, “vuruldu, götürə bilmədik... Deyin! Düzünü deyin mənə!”

Bilirsiniz, mən də əsgərlikdə olmuşam. Əsgər yoldaşlarımız arasında belə bir devizimiz var idi – əgər başıma bir iş gəlsə, deyin “gördüm, yaralı idi, ya da əsir düşdü...” Ancaq öldü deməyin, qoyun valideyn ümidini itirməsin, daima gözü yolda gözləsin...

- Bəlkə sağdır deyə hər gün gözləyirəm... – ana pıçıldayır.



- Laçından bir dostum var idi, burada, Sumqayıtda yaşayırdı – Zeynalov Salman Əyyub oğlu. Əhməddən iki yaş böyük idi, ailəli idi, bir oğlu, bir də qızı var idi. O da 1992-ci ilin avqustunda könüllü getmişdi. 10 fevral 1994-cü ildə Cəbrayılın Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə Milli Qəhrəman Qorxmaz Eyvazovla birlikdə şəhid oldu. Qorxmazın da iki balası yadigar qaldı. Bir də Əfqan Qorçuyev... İki uşaq da onun var idi... Ümumi, beş şəhid idi. İkisini Bakıdakı Şəhidlər Xiyabanında dəfn etdilər, üçünü isə Sumqayıtda – Əfqan, Qorxmaz və Salman... Mən onların dəfnində iştirak edib evə qayıdanda anam dedi...

- Dedim, Araz, Əlfilam evə məktub yazıb... Tez get, deyirlər Əhməddən xəbər var...

- Əlfilam tanış uşaq idi. O da döyüşürdü. Əhməddən heç məktub gəlməzdi, xəbər almaq üçün yanına gedirdim. Ancaq Əlfilam ailəsinə məktub yazanda xəbər edirdi. Getdim... Məktubda yazılmışdı ki, “Araza deyərsiniz Əhməd yaralanıb, deyilənə görə Füzulidədir. Gedib uşağa baş çəksinlər”. Dərhal yola çıxdım...

Əvvəlcə Beyləqan hospitalına getdim, yaralıları ora gətirirdilər. Ağır yaralıları isə helikopterlə Bakıya göndərirdilər. Mən bunların hamısından keçmişəm... Yaralının da, şəhidin də arasında qardaşımı axtarmışam.... Heç bir yerdə də tapılmadı...

- Necə ola bilər axı? Boylu-buxunlu oğul necə elə itər ki, tapa bilməzsən? – ana öz sualına çiyinlərini çəkməklə cavab verir.

- Beyləqanda “peyğəmbər” deyilən yer var, orada adsız şəhidlər çox idi. Meyitlərin şəklini çəkib, nömrələyib, dəfn etmişdilər. Məsələn, 5 nömrəli şəkil 5 nömrəli məzardadır... Şəklin arxasında da əlamətləri... Məsələn, kürəyində xalı var... Hamı axtarırdı axı, deyirdilər birdən yiyəsi çıxar... Təsəvvür edin ki, böyük bir stolun üstü şəkillə dolu idi... Nə hündürlüyündə qalaqlanmışdı...

Mən bəlkə səkkiz saat o şəkillərə baxdım ki, bəlkə çox qan itirib, üzü dəyişib? Gördüm yox... Əlamətləri uyğun gəlmir. O oğulları dəfn edənlər də sağ olsunlar, çalışmışdılar bütün qeydləri etsinlər ki, insanlar heç olmasa övladlarının nəşini tapsınlar. Eləsi var idi tikəsini tapmışdılar, başını da üstünə qoyub, şəklini çəkmişdilər.

Nə isə... Məlum oldu ki, hadisə bizə xəbər çatmazdan bir ay əvvəl, yanvarın 13-də baş verib. Getmədiyim, axtarmadığım yer qalmadı. Təcili yardım maşınlarına qədər tapıb soruşurdum ki, sən həmin günü bu şəkildəki oğlana oxşayan yaralını hara aparmısan? Yuxu necə olur, unutmuşdum... İtki mənimdir, mütləq axtarmalıyam...

- Hələ də axtarırıq... Deyirəm, bəlkə... bir gün gəldi...

- Görürsünüz, anam hələ də gözləyir... Mən aylarla axtardım... Əsir düşmə ehtimalını da düşündük, ancaq təsdiqlənmədi... Dəfələrlə Qırmızı Xaçda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında oldum. Qırmızı Xaçın qarşısında bilirsiniz nə qədər adam olurdu? Hamı itkinini, əsirini axtarırdı... Tapılanı da olurdu, əsirlikdən qaytarılanı da...

- Bizim kimi evə əliboş qayıdanı da... Oğlum hər dəfə ora gedəndə qayıtmağını ayaqüstdə gözləyirdim...

- Əhmədin adı axırda itkinlərin siyahısından çıxdı...

- İndi adı Sumqayıt Şəhidlər Xiyabanındakı itkinlər lövhəsindədir. Qızım, bilirsən, o lövhədə nə qədər ad var? Sumqayıtdan itkin düşənlərin hamısının adını ora yazıblar... İnanın mənə, ana üçün övladının adını itkin lövhəsində görmək baş daşında görməkdən də çətindir...

- Ana, mən əminəm ki, o uşaq elə döyüş meydanında qalıb... Belə düşünürəm... Açığı, Əhmədin yerində mən də olsam döyüşçü dostlarıma belə deyərdim ki, evdəkilər ümidlərini həyatdan kəsməsinlər...

- 7 aydan sonra balama şəhidlik verdilər...

- Mən istəmirdim. O uşaq diri ikən niyə basdırmalıyıq ki? Ancaq anama şəhid anası statusu verdilər.

- Neçə ay o pulu almadım... Gözləyirəm axı... Ürəyimdən çıxmır...

- Anam hər gün xəbər gözləyir...

- Dövlət mənzillə təmin etdi, dedim nə yaxşı, daha evi də var, qayıdan kimi evləndirərik...

- Hər il doğum günündə Şəhidlər Xiyabanına gedib, itkin siyahısındakı adına toxunuram... – Ağxanım anası ilə qardaşının dialoqunu kəsir: – Anamgil Əhmədə “Quran” oxutmaq istəmirlər ki, sağdır...

- Mənim yaşayan balama niyə “Quran” oxudursunuz?

- Gül alıb gedirəm... Adı olan lövhənin qarşısına gül qoyub, o biri şəhidlərə “Quran” oxutdururam...

- O vaxt yoldaşım neçə dəfə hərbi hissəyə getdi ki, mən axı oğlumu sizə sağ vermişəm, ondan niyə xəbər yoxdur?

- Atam 1999-cu ildə ürək çatışmazlığından vəfat etdi. Son vəsiyyəti də qardaşımla bağlı oldu. Mənə tapşırdı ki, Araz, uşağı axtarın, bəlkə sağdır... Əlini üzmə, qardaşını axtar, sağ ola bilər...

- İndi işğaldan azad edilən ərazilərdə kütləvi qəbiristanlıqlar aşkarlananda hamı bizə zəng edib xəbər verir. Bütün xəbərləri izləyirəm... Füzuli azad olunanda sevindim ki, birdən uşaq tapılar... Uşaq da deyirəm, ancaq oğlumun indi 55 yaşı var. Allah bilir, indiyə saçları da ağarıb...

- Əhmədin dərdini çəkib qurtara bilmirdik, 44 günlük müharibədə 22 yaşlı əmim oğlu da Füzulidə şəhid oldu. Sumqayıt Şəhidlər Xiyabanında dəfn etdik...

- Eh, qızım... Hər iki xəbərinə qurban demişəm... Hər iki xəbərinə...

Qeyd: Yazıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarından istifadə edilib.

Vüsalə Məmmədova
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "İtkinlər: 4000-dən hər biri" layihəsi çərçivəsində hazırlanmışdır .

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.