Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

Paşinyanın sualı və Qriqoryanın otağındakı xəritə 

Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtona səfəri başlayıb. Rəsmi mənbələrə görə, o, ABŞ paytaxtında bir sıra vacib görüşlər keçirəcək. Görüşlərdə hansı məsələlərin müzakirə olunacağı açıqlanmır. Lakin aydındır ki, onlar əsasən Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması probleminə həsr olunacaq.

Bu səfər həm də ona görə diqqətəlayiqdir ki, Armen Qriqoryan təkcə Ermənistan Təhlükəsizlik Şurasının katibi deyil. Media onu haqlı olaraq Nikol Paşinyanın ən yaxın adamlarından biri, ölkə baş nazirinin xarici siyasət məsələləri üzrə “danışan başı” hesab edir.

Bir neçə gün əvvəl BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxış edən Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından başlamalıdır: “Artıq demişik ki, biz bu addımı atmağa hazırıq, lakin Azərbaycan analoji şəkildə reaksiya verməyib”. 

Paşinyan İrəvana qayıdanda isə Twitter-də yazıb:

“BMT-dəki çıxışımda sadə bir sual verdim: Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, biz sülh müqaviləsi bağlamağa davam edə bilərik. Təəssüf ki, müsbət reaksiya yoxdur. Sual budur: niyə?”

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da son aylar eyni mövqeyi nümayiş etdirir. O, iyulun 29-da “Armenpress”ə müsahibəsində “Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur” deyib və qeyd edib ki, sərhədlərin toxunulmazlığı prinsipi ikitərəfli səviyyədə rəsmi sənədlərdə öz əksini tapmalıdır.

Hadisələr maraqlı axarda davam edir və nəticədə tərəflər qəfil yerlərini dəyişirlər: Azərbaycan 30 il ərzində Ermənistanı münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həllinə dair sənəd imzalamağa çağırıb və hər dəfə ələ salınaraq rədd cavabı alıb. Bu gün isə Ermənistanın özü şikayət edir ki, Azərbaycan onun oxşar rəftarına kifayət qədər çevik reaksiya vermir.

“Sual nədədir?” - Paşinyan soruşur. Sual isə ilk növbədə ondadır ki, qəfil mövqe dəyişikliyi nümayiş etdirən Ermənistan nə dərəcədə səmimidir. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının rəsmi saytında “baş nazirin danışan başı” sayılan cənab Qriqoryanın doğum yerinin bu günə qədər də “Artsax Respublikası” kimi göstərilməsi onu heç narahat etmir? Yeri gəlmişkən, Qriqoryan 1983-cü ildə anadan olub. O zaman isə belə bir “respublika” hətta tanınmamış formada mövcud deyildi və Azərbaycan Respublikasının tərkibində yalnız Dağlıq Qarabağ Muxtar Vilayəti vardı. Yaxud, Azərbaycan Ermənistan Təhlükəsizlik Şurası katibinin qonşu ölkənin ərazi bütövlüyünün tanınması ilə bağlı sözlərini necə qəbul etməlidir? Yada salaq ki, ərazi bütövlüyünün tanınması kimi səs-küylü bəyanatla çıxış edən dövlət xadimi cəmi bir ay sonra gizli şəkildə Azərbaycanın Ermənistanla münaqişəsinə səbəb olan rayonlarından birinə səfər edir və orada toplantı keçirir? Deməli, Qriqoryanın bəyanatı məhz Azərbaycanın diplomatik departamentinin vurğuladığı kimi qəbul edilməlidir: “Ermənistan rəsmisinin Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündən dərhal sonra atdığı məqsədyönlü qeyri-qanuni addım nəinki görüş zamanı əldə olunmuş razılaşmalara kölgə salır, həm də erməni tərəfinin normallaşma prosesində qeyri-səmimiliyini açıq şəkildə nümayiş etdirir... Bu, Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmaması, suverenlik və dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərini qəbul etməsi barədə bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir”.

Cənab Qriqoryanın ABŞ-a səfəri ərəfəsində Azərbaycanın teleqram kanallarından birində onun ofisinin fotosu yerləşdirilib. Təhlükəsizlik Şurasının katibi həmin fotoda Azərbaycan ərazilərinin Ermənistanın tərkibində göstərildiyi böyük xəritənin fonunda poz verir, küncdə isə “Arsax Respublikasının dövlətçilik atributlarının” təsvirləri var. “Foto 44 günlük müharibədən əvvəl çəkilib...” deyə şəkilin qeydində oxuyuruq. Maraqlıdır, Paşinyanın Ermənistanın 29800 kv.km.-lik xəritəsi ilə bağlı açıqlamasından sonra Qriqoryan öz kabinetindəki xəritəni dəyişibmi?! Axı hər gün bu xəritəyə baxmaq və paralel olaraq 29800 kv.km. ərazi ilə bağlı danışıqlar aparmaq mümkün deyil! Onu ofisdə görməmək mümkün deyil”.

Və bu qeyddəki sonuncu ifadə Paşinyanın “niyə?” sualına açıq cavab kimi səslənə bilər:

“Azərbaycanın sərt mövqeyinin səbəbi də budur. Ermənistan Azərbaycana olan ərazi iddiasından əl çəkməlidir. Əks halda təzyiqlər həm birbaşa, həm də vasitəçilərin köməyi ilə davam edəcək”.