Logo
news content
User
Kateqoriyalar

Reportaj

Paşinyan hazırlıq görür: vaxt udur, güc balansını bərpa etməyə çalışır

Azərbaycanın Qərb təşkilatları ilə münasibətlərinin kəskinləşməsi İrəvanda məmnunluqla izlənir. Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın mandatının 1 illik dondurulması, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrelin Bakını sərt dillə qınayan açıqlaması, habelə Fransanın Azərbaycana qarşı təhdidlərini müdafiə etməsi Ermənistan siyasi dairələrində tərənnüm edilir. Baş nazir Nikol Paşinyanın və komanda üzvlərinin Azərbaycanla normallaşma prosesi ilə bağlı son bəyanatlarında da özgüvən hiss olunur, yeni şərtlər dilə gətirilir. Paralel olaraq, 44 günlük müharibədə böyük itkilər vermiş ordunun yenidən komplektləşdirilməsi, müasir silahlarla təchiz edilməsi istiqamətində də intensiv iş aparılır.

Baş nazir yanvarın 28-də “Ordu günü” ilə bağlı tədbirdə deyib ki, Azərbaycana qarşılıqlı hücum etməməklə bağlı pakt imzalamağı təklif edib. O, daha əvvəl dediyi “Azərbaycan və Ermənistan qoşunları güzgü prinsipi ilə hazırki mövqelərindən qarşılıqlı çəkilməsi” təklifini təkrar edib:

"Qoşunların qarşılıqlı çəkilməsi Azərbaycan SSR-in ərazisinin Azərbaycanın, Ermənistan SSR-in ərazisinin isə Ermənistanın nəzarətində qalmasına imkan verəcək. Biz həminin sərhədlərin Azərbaycanla demilitarizasiyasını təklif etmişik. Həmçinin sülh sazişinin imzalanması gözlənildiyindən daha çox vaxt apararsa, silahlara qarşılıqlı nəzarət, eləcə də hücum etməməklə bağlı pakt imzalamağı təklif etmişik".

Beləliklə, Ermənistan hakimiyyətinin ötən həftə Bakıya göndərdiyi təkliflər paketində yer alan məsələlərdən birinin bununla bağlı olduğu məlum olur. Bundan başqa, rəsmi İrəvan silahlara qarşılıqlı nəzarət mexanizminin qurulmasını da təklif edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Ermənistanın göndərdiyi təkliflər paketini əldə etdiklərini və növbəti həftələrdə cavab təqdim edəcəklərini açıqlayıb. Bu təklifə mənfi cavab veriləcəyi isə əvvəldən məlumdur. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində deyib ki, sərhədlər müəyyən edilmədiyi üçün geri çəkilməyəcəklər: "Biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın təkliflərinin qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, işğalçı ölkənin 30 il ərzində işğala məruz qalmış bir ölkəyə - Azərbaycana tərk-silah haqqında təklif göndərməsi absurddur:

“Ermənistan özü tərk-silah olunmalıdır. Təəssüf ki, hazırda Qərbin ikili standartlarını görürük. Təcavüz törətmiş ölkəyə hər cür dəstək göstərilir. Ona görə də bütün bu təkliflər qəbulolunmazdır və piardan başqa bir şey deyil”.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan isə yanvarın 29-da jurnalistlərlə söhbətində Nikol Paşinyanın tərəflərin silahlara qarşılıqlı nəzarət və hücum etməmək haqqında pakt imzalanması ilə bağlı Azərbaycana verdiyi təklifləri “heç bir siyasi çağırışı olmayan siyasi bəyanatlar” adlandırıb. "Bakıdan müsbət cavablar olarsa, müzakirələr təbii olaraq başqa mərhələyə keçəcək", - o əlavə edib.

Sülh müqaviləsinin perspektivlərinə gəlincə, nazir müavini deyib: “Biz qonşularımızla münasibətlərin tam nizamlanmasında və sülh sazişinin imzalanmasında səmimi olaraq maraqlıyıq. Bilirsiniz ki, biz yanvarın 4-də müvafiq sazişin mətninin yenidən işlənmiş variantını göndərmişik. Əslində biz Azərbaycanın cavabını gözləyirik. Dünən cavabın bir neçə həftə ərzində veriləcəyi ilə bağlı nazir Bayramovun açıqlaması vardı”.

Paşinyan Ermənistanın Qərbdən aldığı “özgüvən”nin təsiri altında tərəfdaşlarından aldığı hərbi-siyasi dəstəyin məğzini də açıqlayıb. O, bazar günü hərbçilər qarşısında çıxışında vurğulayıb ki, Ermənistan yeni və müasir silah və texnika əldə etmək yolu ilə gedir. Paşinyanın sözlərinə görə, son illərdə hökumət bir neçə milyard dollar dəyərində silah və sursat almaq üçün müqavilələr imzalayıb:

“Ermənistanın hərbi-sənaye kompleksi Ermənistan hökumətindən görünməmiş həddə - bir neçə yüz milyon dollarlıq sifarişə malikdir və təbii ki, biz hərbi sənaye kompleksinə sərmayə qoymağa davam edəcəyik”.

Paşinyan güclü və döyüşə hazır ordunun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təmin edən ən mühüm amillərdən biri olduğunu qeyd edib. O, paralel olaraq, təhlükəsizlik baxımından daha iki amilinin - xarici əlaqələr və hərbi əməliyyatlarla bağlı həyata keçirilən siyasətin beynəlxalq hüquq baxımından legitimliyinin vacib olduğunu deyib:

“Buna görə də legitimlik Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsində ən mühüm amil olmalıdır. Ermənistan özünün beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini qorumalıdır. Bu, Ermənistanın suveren ərazisi ilə eyni olan Ermənistan SSR ərazisidir. Biz aydın və birmənalı şəkildə bildirməliyik ki, bizim heç bir başqa əraziyə dair heç bir ambisiyamız yoxdur və olmayacaq. Bu, Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsi üçün strateji əsasa çevrilməlidir”.

Ermənistan rəhbərliyinin həm sülh danışıqlarında ritorikasını “zənginləşdirməsi”, həm də sürətli ordu quruculuğu, silahlanma ilə bağlı bəyanatları onun vaxt udmasına, tərəfdaşların dəstəyi ilə güc balansını bərpa etməyə hesablanıb. Bu istiqamətdə Qərb ölkələri, o cümlədən Hindistan İrəvana ciddi dəstək verir. Rusiyanın da ilin əvvəlində Ermənistana böyük miqdarda silah partiyası (SMERÇ raketləri, TOR sistemləri, radioelektron mübarizə vasitələri və s.) göndərməsi bu “yarışdan” kənarda qalmadığını göstərir. 

Azərbaycan da orduda həm struktur, həm də kadr islahatları aparır, Türkiyə ordu sisteminə keçid modelini sürətləndirir. Habelə, İsrail, Türkiyə, Serbiya və s. ölkələrdən müasir silah sistemləri almağa davam edir. 

Beləliklə, sürətli silahlanma regionda atəşkəsin hər an pozula biləcəyini, tərəflərin sülh masasında əldə edə bilmədiyi problemləri yenidən döyüş meydanında həll etməyə çalışacaqları ehtimalını gücləndirir.

Turqut