Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

“Kəndə altı tabut gəldi, bircə mənim gözüm yolda qalıb...” – İTKİNLƏR – VÜSALƏ MƏMMƏDOVA YAZIR

Pressklub.az-ın “İtkinlər” layihəsində bu dəfə Tərtərin Hacıqərvənd kənd sakini Şüşə Alışova oğlu Alışov Kəmaləddin Əhəd oğlu haqqında danışacaq:

Adım Şüşədir, ancaq xahiş edirəm, məni “daş ana” kimi təqdim edin. Şüşə dözməzdi, cilik-cilik olardı, mən daşam ki, dözürəm. 80 yaşım var, onun son 29 ilini oğul yolu gözləməkdən daşa dönmüşəm. Bu daşa çevrilmiş halımla da hələ də oğul axtarıram... Elə bilirəm, üzümdə, gözümdə Kəmaləddin həkk olunub. Mən həm də onun olmayan məzarının baş daşıyam... Dimdik o gələcək yollara baxıram...

 Sonbeşik Kəmaləddin

Bilirsiniz necə oğul axtarıram? Beş övladımın sonbeşiyi oğul... Hər iki oğluma və qızlarıma ali təhsil verdim, onu isə universitetə göndərə bilmədim. Öz qərarı ilə sürücülük oxudu. O vaxt mən təsərrüfatda çox çətinlik çəkir, tez-tez dəyirmana gedirdim. Dedi, “ana, sən əziyyət çəkirsən, mən sürücü olub, sənin yükünü azaldacağam”. Hər uşağın gələcəklə bağlı bir arzusu olur, Kəmaləddin deyirdi mənim yeganə arzum ata-anama kömək etməkdir...

 Şüşə xanım

1973-cü ilin 24 oktyabrında dünyaya gəlmişdi. Qolunda bir balaca narahatlıq var idi, sümükdə yumurlanma əmələ gəlirdi. İki dəfə əməliyyat keçirdi. III və V siniflərdə oxuyanda “Semaşko”da professor Bəybala Abbasov əməliyyat etdi. Ancaq 1992-ci ildə bütün xəstəxana kağızlarını cırıb, o qolla əsgərliyə getdi. Bax, elə bir oğul axtarıram mən...

 Əməliyyatdan sonra

“Getmə” dedim, acığı tutdu... “Getməməyimi istəyirsənsə, yaylığının birini başıma bağla, yanında qalım”, dedi. Rəhmətlik kənd soveti dedi ki, “Kəmaləddin, oğul, sən bu qolla əsgər gedəsi deyilsən axı!” Onda da gəlib mənə dedi ki, “ana, sən ona demisən ki, mən əsgər gedə bilmərəm? Mən qadınam sənin yanında oturam? Torpağımız əldən gedir, necə oturum evdə?”

Əvvəllər kənddən əsgərliyə gedən olanda mağar qurub, qonaqlıq edərdilər. Artıq müharibə başlamışdı, indi oğulları təmtəraqsız yola salırdıq. Avqustun 19-da axşam həyətimizdə süfrə açıb ailəlikcə əyləşdik, bir az keçmiş “Kəmaləddin əsgər gedir” xəbərini alan qohum-qonşu da gəldi. Yedik, içdik... Daha çal-çağır olmadı... Səhər də aparıb yola saldıq, getdi...

 Qardaşı və dayısı Kəmaləddini əsgərliyə yola salır

On gün keçdi. Avqustun 30-da kürəkənim Həsən traktorda minaya düşüb, şəhid oldu. Sentyabrın 2-də Həsənin üçü idi, axşama yaxın küçədən hönkürtü səsi gəldi, çıxdıq ki, Kəmaləddin başını ağaca söykəyib, ağlayır... “Yuxuda gördüm bir əjdaha Həsənlə mənim arxamca düşüb qovur. Həsən qaçıb tunelə girdi, əjdaha da onun arxasınca”, dedi... Hardan ağlımıza gələrdi ki, o əjdaha sonra balamın da arxasınca gələcək... çatacaq...

Hüzrdə dedi ki, Milli Ordunun əsgərləri ilk dəfə olaraq Türkiyədə NATO bazasında bir neçə aylıq təlimlərə cəlb ediləcəklər. Göstəriciləri yaxşı olan əsgərləri seçiblər, məni də göndərirlər. Getdi... Qayıdanda dedi ki, Türkiyədə yüzbaşı soruşdu sən belə dəqiq nişan almağı harada öyrənmisən? Dedim, dayım məni həmişə Bakıda tirə aparırdı... Təlimlərdə fərqlənmişdi. Yaxşı xidmətinə görə o vaxtın pulu ilə xeyli məbləğdə mükafat da vermişdilər. O pulla bacısının iki yaşlı oğluna qırmızı kostyum alıb gətirmişdi...



Axı yoldaşı şəhid olan qızımın iki yaşlı bir oğlu var idi. Nəvəmin o geyimdə şəkli də var. Sonradan o biri nəvələrimə də geyindirdik. İndi nəticəmin də o geyimdə şəkli var. O kostyumu göz bəbəyi kimi qoruyuruq, bir dəfə geydirib, şəklini çəkib çıxardırıq ki, köhnəlməsin. Kəmaləddin gələndə göstərək... Görsün ki, hədiyyəsini saxlamışıq, nəslin bütün uşaqları onun aldığı kostyumu geyinib...

Türkiyədən qayıdanda boynundan nəsə asılmışdı, elə bildim cavan oğlandır, dəbdə olan zəncirlərdən alıb asıb. Dedim, bala, bu nədir boynuna asmısan? Dedi, bu zəncirlə boğazımdan asılan dəmirdə adım, soyadım və qan qrupum yazılıb. Soyadı da səhv yazılmışdı, Alışov əvəzinə Acışov yazmışdılar. Təəccübləndim, qayıtdı ki, şəhid olsam, tanınmaz hala düşsəm də bununla biləcəklər ki, sənin oğlunam. Əlimi dizimə çırpıb, üzümü cırdım ki, elə söz danışma, oğul! Güldü... Necə gözəl gülürdü Kəmaləddin...

Evə son gəlişi dekabrın 5-də oldu. Dedi “Bizi Laçına göndərirlər!” Laçının Arduşlu kəndindən məktublar yazırdı. 



 Laçından məktublar

 

Necə heyran olmuşdu Laçına! Yazırdı ki, “məndən arxayın olun, mən Azərbaycanın ən gözəl dağlarındayam... Buranın suyu mənə ləzzət eləyir... Babama salam deyin, deyin ki, nəvən silahlanıb vətəni qoruyur... Bağışlayın ki, hamınıza ayrı-ayrı yazmıram, kağız tapa bilmirəm, kəndi axtarıb cəmi iki kağız tapmışam” Axırda da imza atırdı: Kəmaləddin Laçınlı... Ondan da sonra məktubun bir küncündə yazırdı ki, üzük alın, gələn kimi... Hər məktubunda “gələcəm” deyirdi, “evə Laçından keçib gələcəm!”

Son məktubunu 1993-cü il martın 25-də yazıb. Yenə hardansa tapdığı bir dəftər vərəqini yarı bölüb, hər iki üzünə də yazıb... Nə bilim, bəlkə kağızı tapıb iki yerə bölüblər ki, başqa əsgər də evə məktub yazsın?  



 Kəmaləddinin son məktubu

O yarımçıq kağızda “Bir aya Laçını qaytaracağıq, möhkəm durmuşuq, əmr gözləyirik” yazıb...

 Atası Əhəd kişi

Məktubu gələndən bir neçə gün sonra Kəlbəcərin işğal xəbərini aldıq. Dedilər Kəlbəcər camaatı da, əsgərlər də Murovu keçib, gəlirlər. Atası getdi Hacıkəndə. Orada gələnlərin hamısını qeydiyyata alırmışlar. Adını yoxladıb, deyiblər, o adda adam gəlməyib. Sonra kənardakı iki cavan əsgəri göstəriblər ki, onlar Kəlbəcərdən gəliblər, 701 saylı hərbi hissədə xidmət ediblər, get, onlardan soruş...



Yaxınlaşanda görüb əsgərin birinin əlində Kəmaləddinin boynundan asdığı zəncirdən var. Oğlumun şəklini göstərib ki, tanıyırsan? Əsgər cavab verib ki, hə, biz Türkiyədə bir yerdə təlimdə olmuşuq, sonra da Laçında birlikdə xidmət eləmişik. Ancaq son günləri bizi Kəlbəcərə gətirdilər. Heç Kəlbəcərdə vəziyyətin necə olmasından da xəbərimiz yox idi. Laçından qayıdıb gəldik, Zülfüqarlıya çatanda dedilər ki, ermənilər tuneli tutub. Tunel bağlı olduğuna görə gecəni Zülfüqarlıda qalmalı olduq. Ac idik, oradan bir heyvan tapıb, kəsib yedik. Bütün batalyon bir yerdə idik... Səhər açılanda Kəlbəcərin Almalıq kəndinə gəldik. Orada çayın kənarında balaca bir tikili var idi. Kəlbəcərli oğlanlar dedi ki, bura kəndin toyuq fermasıdır. Biz o toyuq fermasının yanında dayanan vaxtı ZİL markalı bir yük maşını gəldi. Uşaqlara təklif elədik ki, gedək... Onlar dedilər biz qalırıq, əgər ermənilər tuneləcən gəliblərsə, deməli, burada vəziyyət gərgindir. Qalaq, lazım olarıq... Onlar Almalı kəndində qaldılar, biz ikimiz o maşının yük yerinə mindik və gəlib çıxdıq Murovun döşünə... 

O əsgərlər Lənkərandan idilər. Təəssüf ki, yoldaşım onların nə adlarını, nə də soyadlarını soruşmayıb. Heç ünvanlarını da almayıb. Elə bilib ki, Kəmaləddin də gələcək...

Məktublarında yazırdı ki, burada Tərtərdən 10 nəfərik. Onun əsgər yoldaşlarından iki əmioğlu var idi. Biri Kəlbəcər camaatına qoşulub gəlmişdi. O bizə gəldi, dedi Kəmaləddini gördük, soruşdu ki, hara gedirsiniz? Görmürsünüz ananızı, bacınızı erməni əsir aparır? Dedi, dayı, iki dəfə oğlunun qolundan tutub maşından saldım ki, komandirimiz Mahir Quliyev şəhid olub, qarışıqlıqdır, hərə başını götürüb bir tərəfə qaçır. Gəl, camaata qoşulub biz də gedək. Dedi, yox, mən getmirəm. Bu döyüşdən qaçmaqdır! Mən anama söz vermişəm ki, vətənimi qoruyacam. Sonra döyüşə gedən maşına minib, onlarla getdi...

Görənlər and içirdilər ki, biz onu sağ görmüşük. Gedib Müdafiə nazirinin müavini ilə dava elədim ki, oğlum hanı? Oğlumu ver! Dedi, “hərbi hissə oradadır, get, oradan soruş!” Getdim Ağdamın Təzəkəndindəki hərbi hissəyə. Orada soruşdum ki, 1992-ci ildə əsgər gələn Kəmaləddini tanıyan var? Salyandan Savalan adlı bir oğlan dedi ki, mən tanıyıram. Kəmaləddin 12 yaralı əsgər yoldaşını Murov dağınacan gətirib ağacın dibinə yığdı... Sonra yenə qayıtdı yaralı əsgərləri gətirməyə... O yaralılar gəldi çıxdı, indi müalicə də olunublar, ancaq Kəmaləddinin başına nə iş gəldi, bilmədik... Dedi ki, ay ana, sənin başına dönüm, oğlun çox cəsur, igid oğul idi...

1995-ci ildə Səfər Əbiyev müdafiə naziri təyin olunanda qəbuluna getdim. Qəbulda bir əsgər gördüm, soruşdum ki:

- Ay oğul, başına dönüm, harada əsgərlikdə olmusan?

- Laçında və Kəlbəcərdə!

- Hansı hərbi hissədə?

- 701!

Gözümə işıq gəldi:

- Kəmaləddini tanıyırsan? Şəklini gətirmişəm, bax gör...

Gözlüyünü çıxartdı:

- Ana, tankın içində yanmışam, gözlərim görmür. Şəklə baxa bilməyəcəyəm.

- Bəs niyə burada dayanmısan?

- Üç aydır gəlib-gedirəm, qəbula düşə bilmirəm...

- Bunlar nə bilir sənin gözlərin görmür, desənə... 

- Deməyə utanıram... Necə deyim?

Mən getdim qapını döydüm, dedim ki, hörmətli nazir, bir əsgər var, oğlumu tanıyır, mən öz növbəmi ona verirəm. Oğlan qəbuldan çıxandan sonra məni axtardı. Yaxınlaşdım, dedi, sənin əllərindən öpəcəyəm. Dedim, nəyi, ay bala? Sənə qurban olum, mən elə sənin kimi bir oğlan axtarıram... İki ildir itkin düşüb, xəbər yoxdur... Dedi, Kəmaləddin adı mənə tanış gəldi, ancaq şəkli görə bilmirəm ki, deyim odur, ya yox... Yalançı olaram...

Dediyim odur ki, mən oğlumu ümidim gələn-gəlməyən, gözü görən-görməyən, hər kəsdən soraqlamışam... 1995-ci ildə oğluma şəhid statusu verdilər. Çox istədik bir məzar düzəldək, qardaşlarım dedi eləmə, bəlkə gəldi... Ümidimizi üzmədik. Qırmızı Xaçdan, Dövlət Komissiyasından evə gəldilər, analizlər götürdülər. Mənə dedilər ki, ana, daha özün gəlmə, biz sənə xəbər edəcəyik. Tək sənin oğlun deyil, o qədər itkinimiz var ki...

Son illərə qədər axtarmaq üçün neçə dəfə televiziyaya çıxmağı düşündük. Ancaq çəkindik ki, birdən sağ olar, ermənilər görüb onu incidərlər. Bu yaxınlarda Şuşada işləyən qohumumuz dedi ki, əsirlərin saxlanıldığı həbsxananın divarına Kəmaləddin sözü cızılıb... Ümidləndik ki, bəlkə orada olub... Bəlkə yaşayır...

Oktyabrın 24-də oğlumun 49 yaşı olacaq. Hamınızı dəvət edirəm, gəlin! Nə bilmək olar, bəlkə özü də gəldi çıxdı? Mən balama hər il yaş keçirirəm. Hər il! Taleyindən xəbər yoxdur, yas da edə bilməmişəm, heç olmasa, nə qədər nəfəsim var, hər il yaş eləyim, deyirəm. Görün neçə ildir... 19 yaşı olanda Türkiyədə təlimlərdə idi. 1993-cü ildən, düz 29 ildir ki, hər oktyabrın 24-də oğluma yaş keçirirəm... İstəsəniz, gəlin... Atası ilə oğlumuzu necə axtarmağımızı danışaq, qulaq asın...

Ünvanı deyim, Tərtərin Hacıqərvənd kəndində yaşayırıq. Orada kimdən soruşsanız oğlu itkindir, uşaqdan-böyüyə hamı barmağı ilə bizim evi göstərəcək... Hamı tanıyır... Bu kənddə bircə bizim oğlumuz itkindir... Bizim kənddən müharibəyə hamının oğlu getdi. Hamınınkı da qayıtdı, kimi getdiyi kimi, kimi yaralı, kimisi də tabutda... Düz altı tabut gəldi kəndə... Neçəsi də oğlumun sinif yoldaşlarının idi... Bircə mən hələ də oğul yolu gözləyirəm... Yeddinci şəhid mənim oğlum sayılır

Vətən müharibəsində bizim də kəndimizə bayrağa bükülü iki tabut gəldi... Əllərimi göyə götürüb dedim ki, ilahi! Mənim balamı da göndər! Ya özü gəlsin, ya da... Artıq Kəlbəcər azad edilib, heç olmasa, sümüklərini göndər... Qabağıma qoyub oxşayım, torpağa tapşırıb, məzarını ucaldım... 80 yaşım var axı mənim... Atasının isə 86 yaşı var... İnanın, bizim ikimizi də Kəmaləddinin intizarı yaşadır... Dünən olanları unuda bilərik, ancaq onun itkin düşmə xəbərini alandan sonra baş verənləri gününə, saatına və bütün detallarına kimi xatırlayırıq... Oğlumun yaşına gəlin, danışaq...

Qeyd: Yazıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarından istifadə edilib.

Vüsalə Məmmədova
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "İtkinlər: 4000-dən hər biri" layihəsi çərçivəsində hazırlanmışdır .

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.