Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

İsveç Jurnalistləri Şuşada

Bakı Mətbuat Klubunun (Press Klub) və Azərbaycan Jurnalistlər Birliyinin dəvəti ilə Azərbaycanda olan İsveç jurnalistləri Qarabağda işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Diasporla Iş üzrə Dövlət Komitəsindən Pressklub.az-a verilən məlumata əsasən, onlar Fizulidə, Şuşada, Ağdamda çəkilişlər apardıqdan sonra Gəncəyə gəliblər.

- İsveç mətbuatı, televiziya və radio kanalları ilə əməkdaşlıq edən bu təcrübəli jurnalistlər bir sıra media təşkilatları üçün Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyət haqqında materiallar hazırlayacaqlar. Stokholmda fotosərgi təşkil etmək də nəzərdə tutulur. Jurnalistlər XİN-də, Qaçqınların və məcburi koçkünlərin işləri üzrə Dövlət Komitəsində, ANAMA-da, Beynəlxalq Multikulturalizm Mərkəzində, Bakı Mətbuat Klubunda, “Ayna-Zerkalo” redaksiyasında, İTV-də görüşlər keçirdilər. Proqramın kulminasiyası, əlbəttə, Şuşa şəhərində birgünlük iş oldu, - Press Klubun Skandinaviya bürosunun rəhbəri, İsveç jurnalistlərini müşaiyət edən Rahim Sadıqbəyli deyir. – Əlavə edə bilərəm ki, artıq bu səfərin əks-sədası var. İlkin məlumat yayıldıqdan sonra həm isveçli jurnalistlər, həm də mən sosial şəbəkələrdəki səhifələrimizə Avropadan xeyli müraciətlər, sorğular almışıq. Çoxları verilişləri, məqalələri maraqla gözləyəcəyini deyir. Ancaq aralarında narahatlıq, hətta narazılıq ifadə edənlər də az deyil. Xüsusilə İsveçdə yaşayan ermənilər indidən, hələ materiallar ortaya çıxmamış səfərdə iştirak edənləri qeyri-obyektivlikdə ittiham edirlər. Materiallar çıxdıqca, Azərbaycan oxucu və tamaşaçılarını da onlarla tanış edəcəyik. Hər halda, kənardan necə göründüyümüzü də bilmək vacibdir.