Logo
news content
User
Kateqoriyalar

Reportaj

“Ermənistanın bu işdə bir məqsədi var”

Ermənistanın əsir, girov və itkin düşmüş vətəndaşlarla əlaqədar komissiyası Azərbaycanı əsir və girovların axtarışı istiqamətdə birgə işi gücləndirməyə dəvət edib. Bu barədə ölkənin Milli Təhlükəsizlik  Xidmətinin yaydığı bəyanatda bildirilir ki, Ermənistan Baş Nazirliyi və Azərbaycan Prezident Administrasiyasının 7 dekabr 2023-cü il tarixli birgə bəyanatında qeyd olunan razılaşmaya əsasən, Ermənistan komissiyası Azərbaycan tərəfini bu istiqamətdə əməkdaşlığı aktivləşdirməyə dəvət edib.

Ermənistan bu təklifində nə qədər səmimidir? Yoxsa məqsəd Qərbin gözündə özlərini əməkdaşlığa meyilli, sülhsevər göstərməkdir? Başqa tərəfdən, bu əməkdaşlıq baş tutarsa, sülhü tezləşdirmək üçün zəmin yarada bilərmi? 

“Ermənistanın Azərbaycanı itkin düşənlərin birgə axtarışına dəvət etməsində qeyri-səmimilik var”. 

Bu sözləri təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bildirib.

Ekspert deyir ki, bizim itkin düşənlərin sayı 4 mindən çoxdur. Bu, əsasən də Birinci Qarabağ müharibəsində olub. Əsir düşənlər isə həm hərbçilər, həm də mülki vətəndaşlardır: “Ermənistan tərəfi isə deyəcək ki, bu dövrdən xəbərimiz yoxdur, axtarmışıq. Ən yaxşı ehtimal kimi, 1-2 kütləvi məzarlıq tapacaq və sayı da itkin düşənlərin sayı ilə uyğun olmayacaq. Əsasən də zamanla əlaqələndirib, deyəcəklər ki, onların taleyi ilə bağlı heç nə bilmirik. Ermənilər bizim zamanında irəli sürdüyümüz 4 min nəfərlə bağlı olan məsələləri qabartmağımızı istəmirlər və bunu arxa plana atmaq niyyətindədirlər. Özlərinin məsələsi isə yeni məsələdir, onun axtarışını təşkil etmək istəyirlər”. 

İlham İsmayıl sonda əlavə edir ki, sonuncu hücum etməmək haqqında pakt, yəni müqavilə imzalamaq məsələsində də özlərini sülhə meyilli göstərmək istəyirlər. Azərbaycanın cavablarını isə əvvəlcədən bildikləri üçün bizi təcavüzkar obrazında qələmə vermək istəyirlər. Bütün məqsəd isə bundan ibarətdir: beynəlxalq ictimaiyyətə desinlər ki, Azərbaycan bizi ittiham edir, itkin düşənlərlə bağlı biz bu addımı atırıq, amma Azərbaycan atmır. Məncə, biz buna müsbət cavab verməliyik ki, gəlin axtarışı birlikdə davam etdirək və bizim 4 min nəfərimizi də tapıb verin. Təklifi qəbul edirik, amma təklifin səmimiyyətinə inanmırıq. 

“Ermənistan xüsusi dövlət orqanlarının kütləvi məzarlıqlarla, eyni zamanda əsir və girovlarla bağlı verdiyi bəyanatda özlərini humanist tərəf kimi göstərməyə çalışırlar”.

Bu sözləri deputat Arzu Nağıyev saytımıza açıqlamasında bildirib.

Millət vəkili deyir ki, Azərbaycanın əsas tələblərindən biri təxminən 4 minə yaxın azərbaycanlı əsir və girovların yerlərinin müəyyən edilməsi, onlar haqqında məlumatın verilməsidir. 2020-ci ilin noyabr sazişində, eyni zamanda sonrakı tələblərdə bəlli olur ki, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların tapılması, müxtəlif insan qalıqlarının aşkar edilməsi və onların yaxınlarına təhvil verilməsi ermənilərin bəzi məsələlərdə bir çox şeyi gizlətdiyini sübut edir. Əslində onlar Avropaya özlərini humanist göstərmək üçün bu məsələləri qabadırlar.

“Əslində, Ermənistanın Azərbaycana əsir və girovlarla bağlı çağırışı müsbət addımdır. Məlumdur ki, çoxsaylı əsir və girovlar haqqında məlumatlar məhz onlarda var və onlar bu məlumatları təqdim etməlidirlər. Sülh müqaviləsinin imzalanmasından ümumi söhbət getsə də, ən mühüm şərtlərdən biri məhz əsir girovların verilməsidir. Ən yüksək səviyyədə aparılan danışıqlarda bu məsələ həmişə Azərbaycan tərəfindən qabardılıb. Hər gün bununla bağlı məlumatların alınması istiqamətində də addımlar atılır. Ermənilər də mütləq şəkildə bu prosesə qoşulmalıdırlar”. 

Arzu Nağıyev qeyd edir ki, lokal xarakterli anti-terror əməliyyatından sonra həbs edilən cinayətkarların ifadələrindən bir daha məlum olur ki, kütləvi güllələnmə yerləri, kütləvi məzarlıqlarda basdırılmalar olub və ermənilər anti-humanist addımlar atıblar. Ona görə də ermənilər bu hadisələr ilə bağlı bildikləri bütün məlumatı Azərbaycana verməlidirlər.

Əsir, girov və itkin düşmüş şəxslərlə bağlı məsələ hər zaman Azərbaycan üçün prioritet məsələ olub. Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Ermənistanın bu məsələ ilə bağlı hər cür əməkdaşlıq təklifindən yayınması, qeyri-konstruktiv mövqe tutması hansısa nəticənin əldə edilməsinə imkan verməyib. Sonuncu təklifdə nə qədər səmimi və ciddi olduqlarını isə zaman göstərəcək... 

Mədinə Useynova