Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

Putin çox nadir hallarda özündən güclü olan birinə hücum edir

Litva istiqamətində təhlükəli gərginlik yaranıb. Problemi "istənilən yolla" həll etmək üçün "əl-qolun açıldığı" barədə şok və müharibə əhval-ruhiyyəli bəyanatlar verilir. Rusiya tərəfindən belə bəyanatlar Aİ-nin müvafiq sanksiyalarının qüvvəyə minməsi ilə Litvanın Kalininqrad vilayətinə tranziti məhdudlaşdırmasından sonra səslənir. “Delfi” qeyd edir ki, ruslar iyunun ortalarında onları nə gözlədiyini bilirdilər, amma buna baxmayaraq indi bütün qəzəbləri Brüsselə deyil, Vilnüsə yönəlib.

LTG Cargo “Litva Dəmir Yolları” şirkəti Kalininqrad dəmir yolu işçilərinə əvvəlcədən məlumat verib ki, bir çox yüklərin dəmir yolu ilə tranziti qadağan ediləcək. Çünki Avropa İttifaqı sanksiyalar qəbul edib və vəssalam. Rusiya isə oyun oynamağa başlayıb: guya bu, gözlənilməz qərar olub, Litva “həyasızcasına” birtərəfli və qanunsuz addımlar atır, Kalininqrada faktiki blokada elan edilib.

Rusiyanın informasiya məkanında əsl isteriya başlayıb. “Litvaya qarşı  konkret cavab tədbirlər görmək” çağırışları müharibə əhval-ruhiyyəli və təhdid xarakteri daşıyır.

Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin qorunması və daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə müvəqqəti Komissiyasının sədri Andrey Klimov əsl isteriya nümayiş etdirib. O, Aİ-dən Litvanı Kalininqrad tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa məcbur etməyi tələb edib və əlavə edib ki, əks halda Rusiyanın “əl-qolu açılacaq” və o, “problemi təkbaşına həll edəcək”.

“Əgər Aİ Vilnüsün həyasız addımına dərhal düzəliş etməsə, o zaman Litvanın Aİ-yə üzvlüyü ilə bağlı bütün sənədlərin legitimliyini inkar etmək və Litvanın yaratdığı Kalininqrad tranziti problemini seçdiyimiz istənilən yolla həll etmək üçün əl-qolumuzu açacaq”, - Klimov teleqram kanalında yazıb. O, həmçinin bəyan edib ki, Vilnüs bu illər ərzində Aİ üzvü kimi oturduğu “kürsünü özü öz altından yıxıb”. Klimov bildirib ki, onun fikrincə, NATO üzv dövlətlərdən birinin əli ilə faktiki olaraq Rusiya regionunu blokadaya alıb.

Onun fikrincə, blokadanın başlanğıcı Rusiyaya qarşı birbaşa təcavüz kimi qiymətləndirilə bilər və onları sözün əsl mənasında təcili olaraq “lazımi özünümüdafiəyə əl atmağa məcbur edir”.

Bəs Moskva həqiqətdə nə edə bilər? Və buna qarşı hansı addımlar atılmalıdır?

Rusiyalı siyasi analitik Konstantin Eggert (Vilnüs) bununla bağlı fikirlərini Pressklubla bölüşüb:



- Rusiya Dövlət Dumasının bu cür deputatlarının və ya senatorların açıqlamalarına əhəmiyyət verməyin. Bu insanlar təbliğatla, səs-küy salmaqla məşğuldurlar, lakin əslində heç bir qərar qəbul etmirlər.

Litvaya gəlincə, Kreml ilk vaxtlar həqiqətən də ümid edirdi ki, Vilnüsü Aİ-dən təcrid edə və təkləyərək “cəzalandıra” bilər. Ya da əksinə, Aİ-ni Kalininqrad tranziti ilə bağlı Moskvayla hansısa danışıqlara getməyə məcbur edəcək. Hər iki halda bu, Kreml üçün siyasi qazanc olardı. Bir tərəfdən göstərmək istəyərdi ki, Litvanın özündən heç nə asılı deyil, digər tərəfdən isə dünyaya nümayiş etdirəcəkdi ki, Ukraynaya qarşı təcavüzə baxmayaraq, Qərb dövlətləri hələ də Putinlə danışıq aparmağa məcburdurlar. Amma bu baş vermədi. Fikrimcə, Moskva tərəfindən bugünkü təhdidlərinin ciddi əsası yoxdur. Rusiya ilə Litva Respublikası arasında münasibətlər artıq praktiki olaraq sıfırdan da aşağıdır. Rusiya Federasiyasının görə biləcəyi bütün tədbirlər, məsələn, Litva vətəndaşlarının Rusiyaya girişinə ümumiyyətlə qadağa qoyulması isə dəhşətli zərbə olmayacaq.

Başqa bir məsələ ondan ibarətdir ki, Rusiyanın əl ata biləcəyi təcavüzlə sərhəd olan tədbirlər var. Məsələn, Litvanın hava məkanını bağlanması, Belarusda yerləşdirilən Rusiya hava hücumundan müdafiə sistemləri ilə bloklanması. Və ya Litvanın ən böyük Klaypeda dəniz limanını bağlamağa çalışa bilər. Lakin bu hərəkətlərin hər ikisi əslində müharibə elanı kimi qiymətləndiriləcək və şübhəsiz ki, NATO-nun çox sərt reaksiyasına səbəb olacaq. Və o da məlumdur ki, Putin çox nadir hallarda özündən güclü olan birinə hücum edir.

Daha bir variant var. Litva uzun müddətdir, Krımın ilhaqından dərhal sonra, geyimlərinin üzərində tanınma nişanları olmayan bəzi “nəzakətli adamların” ölkə ərazisinə soxulması, Litvanın hansısa sərhəd şəhərinin meriyasını dağıtması və sonra sərhədi keçib qaçması ssenarisini müzakirə edir. Bu da NATO-nu bu addımın təcavüz olub-olmadığı üzərində düşünməyə məcbur edəcək. Amma mənə elə gəlir ki, ittifaq daxilində zəiflik olduğu və birliyin olmadığını göstərməli olan bu cür təxribatlar keçmişdə qalıb. Bu gün bu cür təxribatçı hərəkəti ilk növbədə litvalıların özləri tərəfindən birbaşa təcavüz kimi qəbul edəcək və onlar təxribatçılara atəş açacaqlar. Ona görə də, hesab edirəm ki, Moskva heç bir sərt radikal addım atmayacaq. Çünki praktiki olaraq belə tədbirlər yoxdur. Mövcud olan tədbirlər isə onu NATO ilə birbaşa qarşıdurma vəziyyətinə gətirəcək. Düşünmürəm ki, Ukrayna ilə davam edən müharibə şəraitində Kreml buna gedəcək.

Rauf Orucov