Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

İki prezidentin "qiyabi mübahisəsi"

ABŞ prezidenti Co Bayden hansı səbəbdənsə Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın müharibəyə hazırlaşdığı barədə Amerika kəşfiyyatının informasiyasını eşitmək istəmədiyini bir daha xatırlatmaq qərarına gəlib.

“Anadolu” agentliyi xəbər verir ki, Ağ Evin rəhbəri demokratların Los-Ancelesdə təşkil etdiyi xeyriyyə tədbirində müharibə mövzusunu şərh edib.

Amerika lideri Ukraynadakı müharibəni İkinci Dünya müharibəsindən sonra ən böyük kataklizm adlandırıb. “Bilirəm ki, çoxları mənim şişirtməyə yol verdiyimi düşünəcək. Ancaq əlimizdə Putinin sərhədi keçmək niyyətində olduğuna dair çoxlu sübutlar var idi. Bizim buna heç bir şübhəmiz yox idi, lakin Zelenski bu barədə eşitmək istəmirdi”, - o deyib.

Zelenski isə Baydenin bəyanatına borclu qalmayıb. “Qərbdəki tərəfdaşlarımız ancaq Rusiyanın tammiqyaslı təcavüzə hazırlaşdığı barədə xəbərdarlıqla kifayətləndilər, bu münaqişənin qarşısını ala biləcək addımlar atmadılar və tədbirlər görmədilər”. Ukrayna prezidenti bunu Almaniyanın ZDF kanalına müsahibəsində deyib.

Jurnalistlərdən birinin onun ABŞ prezidenti Co Baydenin kəşfiyyat məlumatlarına niyə reaksiya vermədiyi barədə sualını cavablandıran Zelenski deyib ki, Qərbin münaqişə ərəfəsində Ukraynanı dinləməsi daha ədalətli olardı.

“Onlar Ukrayna lideri kimi məni qabaqcadan dinləsəydilər, xəbərdarlığıma qulaq assaydılar, daha ədalətli olardı. Mən müharibənin başlamaması üçün qabaqlayıcı sanksiyaları nəzərdə tuturam”, - o bildirib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna Qərbin diqqətini Rusiyanın Qara dənizdəki aqressiv hərəkətlərinə, raket proqramına və onlara lazımi cavab tədbirlərinə cəlb etməyə çalışıb.

 

“Biz dedik ki, Rusiya Qara dənizi bağlayacaq. Raket proqramı haqqında da danışdıq, mən bir il əvvəl bu barədə məlumat verdim və müdafiə olunmaq üçün bizə hansı hava hücumundan müdafiə sistemləri lazım olduğu barədə proqramı təqdim etdim”, - deyə Zelenski əlavə edib.

O, hesab edir ki, Ukraynanın səsi eşidilsəydi, onun işğalı dayandırmaq şansı daha çox olardı.

“Baxın, əgər hər şey belədirsə, əgər hamı Ukraynaya sabah genişmiqyaslı işğal olacağı barədə xəbərdarlıq edibsə, sual yaranır: niyə hava məkanı bağlanmadı, niyə işğaldan əvvəl bizə silah verilmədi və niyə Rusiya prezidentinin təcavüzünün qarşısını almaq üçün müvəqqəti sanksiyalar tətbiq edilmədi”, - deyə prezident soruşub.

“Gəlin düzünü deyək: biz buna hazırlaşırdıq. İlk vaxtlar heç kim bizi dəstəkləmirdi, amma indi mən verdikləri dəstəyə görə bütün tərəfdaşlarımıza minnətdaram”, - deyə Ukrayna prezidenti yekunlaşdırıb.

Maraqlıdır, bu qiyabi mübahisə nə deməkdir? Axı, nəcə olmasından asılı olmayaraq, mətbuatın yazdığına görə, Ukraynanın indiki çətin vaxtında bu və ya digər yardımın göstərilməsi ilə bağlı məsələlərin həllində ABŞ-ın dəstəyi həlledici rol oynayır.

Vasiliy Stus adına Donetsk Milli Universitetinin politologiya və dövlət idarəçiliyi kafedrasının professoru, siyasi elmlər doktoru Mikola Polovıy (Vinnitsa) fikirlərini Press Klubla bölüşməyə razılaşıb:



“Ondan başlayım ki, artıq heç kim Ukraynanın öz insanları və Qərbdən gələn hərbi və humanitar yardım sayəsində hələ də özünü müdafiə etmək iqtidarında olmasına şübhə etmir. O da şübhəsizdir ki, öz təsir imkanları səbəbindən Birləşmiş Ştatlar belə iri miqyaslı köməyin təşkilində aparıcı rol oynayır. Lakin mən Böyük Britaniya və Polşanı da yaddan çıxartmazdım.

Rusiya liderlərinin artmaqda olan anti-Qərb ritorikası və davam edən müharibə fonunda bu cür qiyabi “mübahisənin” vaxt baxımından yerinə düşmədiyi pis təəssürat yaradır.

Gəlin bu “mübahisənin” arqumentlərini araşdırmağa çalışaq.

Aydındır ki, Bayden Putinin hücuma hazırlaşması və onun mümkün başlama tarixi haqqında hətta mətbuata sızan xəbərləri xatırladır. Ən səs-küylü tarix fevralın 16-sı idi. Yəni, Baydenin xatırlatdığı məlumat vardı və dəqiqdir ki, bu, Zelenskinin diqqətinə çatdırılıb.

Təxminən bir ay yarım-iki ay əvvəl – Ukrayna rəhbərliyinin nəfəs almaq üçün ilk fürsəti yaranan kimi – bir neçə nəfər, o cümlədən Zelenski və Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksiy Danilov bəyanatlarla çıxış edərək bildirdilər ki, Ukrayna rəhbərliyi işğal təhlükəsini bilirdi və bacardığı qədər buna hazırlaşırdı. Belə bir təəssürat yarandı ki, bu bəyanatlar ölkə rəhbərliyinin Rusiyanın işğalına hazır olmaması ilə bağlı başlayan tənqidi dayandırmağa hesablanıb. Artıq o vaxt Krımdan çıxışların minalardan təmizlənməsi ilə bağlı tam izah edilə bilməyən faktlar, indi “Moskva” kreyserini batırması ilə məşhur olan “Neptun” gəmi əleyhinə raketlərinin istehsalı proqramının faktiki olaraq dayandırılması, tam miqyaslı təcavüzün ilk günlərində Qostomel hava limanında zədələnmiş unikal “Mriya” nəqliyyat təyyarəsini vaxtında ölkədən çıxarılmaması və s. barədə məlumatlar vardı. Ukrayna rəhbərliyinin işğala nə qədər hazır olması, yaxud müəyyən qədər hazırlıqsızlığın təhlükəni görmək istəməməsi və ya kiminsə xəyanətinin, hələ müdaxiləyə qədər Zelenskinin ətrafında olan Rusiya təsir agentlərinin uğurlu dezinformasiyasının nəticəsi olub-olmamasının araşdırılmasının hələ vaxtı çatmayıb. Aydındır ki, müharibə başa çatdıqdan sonra qalib Ukraynada genişmiqyaslı işğalın başlaması ilə bağlı çox təəccüblü və bəlkə də xoşagəlməz kəşflər olacaq.

Zelenskinin işğalın əvvəlində Ukraynaya heç bir dəstəyin olmadığı, bu dəstəyin sonra ortaya çıxması ilə bağlı bəyanatı ilə razılaşa bilərik. Bir istisna ilə: dəstəyin həmişə olduğunu söyləmək daha ədalətli olardı, amma işğalın əvvəlində bu dəstək demək olar ki, yalnız ritorik idi və yalnız zaman keçdikcə maddi konturlar əldə etdi. Bununla belə, Zelenskinin bir sıra digər bəyanatlarının tamamilə doğru olduğunu söyləmək olmaz.

Aydındır ki, həm 3,5 ay əvvəl, həm də indi Ukrayna səmasının NATO qüvvələri tərəfindən bağlanması tələbi alyans üçün qəbuledilməzdir. Qərb NATO təyyarələrinin Rusiya qüvvələri tərəfindən vurulmasnın nüvə dövlətlərinin birbaşa silahlı toqquşmasına səbəb olacağından qorxur.

Aydındır ki, hətta tam miqyaslı silahlı təcavüzdən, Rusiya ordusunun Ukraynada vəhşiliklərini sübut edən faktlardan sonra belə, Qərb yarımçıq sanksiyalar qəbul edir, Rusiyanın neft-qazı üçün onun müharibə aparmaq imkanını üstələyən məbləğ ödəyir. Buna görə də bu ölkələr “uzaq Ukraynaya müdaxilən olacağı barədə” xəbərdarlığa görə daxili biznes mühiti pisləşdirəcək real addımlar atmayacaqdı.

Nəhayət, aydındır ki, hətta iri miqyaslı sanksiyalar da silahlı təcavüzə tez reaksiya verilməsi vasitəsi deyil. Ən azından, Rusiya kimi nəhəng və haradasa özünü təmin edə bilən ölkəyə qarşı qabaqlayıcı sanksiyalar öz effektini ancaq bir neçə il sonra göstərəcək.

Rusiyaya qarşı tam miqyaslı sanksiyaların hələ 2008-ci ildə Gürcüstana təcavüzə cavab olaraq tətbiq edilməməsinə təəssüf etmək olar. Bəlkə də, bu halda Krımın, Luqansk və Donetsk vilayətlərinin şərq rayonlarının işğalının, indiki genişmiqyaslı təcavüzün olmayacağını iddia edənlər haqlıdırlar. O zaman bu, sözün əsl mənasında Ukraynaya qarşı sonrakı müharibənin qarşısını alan sanksiyalar olardı. Amma bu iddiaların indi araşdırdığımız “qiyabi mübahisə”yə aidiyyatı yoxdur.

Təəssüf ki, tam miqyaslı təcavüzdən öncə Qərb liderlərinin gözündə Ukraynanın özünü işğaldan qoruya bilməyəcək və bir neçə gün və ya həftəyə qaçılmaz olaraq məğlubiyyətə uğrayacaq ölkə imicinə sahib olduğunu söyləməliyik. Ölkənin bu cür imicinin yaranmasında kimin daha çox günahkar olduğunu birmənalı şəkildə söyləmək çətindir - Ukrayna rəhbərliyinin, yoxsa bu cür rəhbərliyi seçmiş Ukrayna xalqının. Hətta burada Rusiyanın Qərbə yönəldilmiş təbliğatının da müəyyən rol oynaması mümkündür. Amma bütün hallarda müdafiə istəyi və imkanı olmayan imicə malik bir ölkəyə genişmiqyaslı qabaqlayıcı yardım göstərilməsi qəribə olardı. Təkrar edirəm, söhbət real vəziyyətdən yox, Qərb dövlətlərinin rəhbərlərinin Ukraynanı necə qəbul etməsindən gedir. Ekspertlərin fikrincə, bəzi Qərb ölkələrində, məsələn, Almaniyada və Avstriyada, indiyə qədər də belə bir fikir hakimdir ki, Rusiya-Ukrayna müharibəsi “slavyanların daxili işidir” və ona hətta sanksiyalarla belə, müdaxilə edilməsi lazım deyil. 

Əslində, Qərb ölkələrinin Ukraynanı istənilən əhəmiyyətli miqdarda müasir silahlarla təmin etmək istəməməsinin kökündə “dünyanın ikinci ordusu”nun birbaşa iri miqyaslı təcavüzü halında Ukraynanın qaçılmaz məğlubiyyəti ehtimalı dururdu. Çünki bunun Ukraynanı xilas etməyəcəyi və silahların Rusiyanın əlinə keçəcəyi ilə bağlı böyük qorxular var idi. Baydenin müharibənin ilk günlərində Zelenskinin Ukraynadan təxliyəsini təklif etməsinin əsasında da bu qorxu dururdu.

Beləliklə, Zelenskinin iki prezidentin bu “qiyabi mübahisəsində” ifadə etdiyi iddialar zamana o qədər də uyğun görünmür. İndi o, şübhəsiz ki, müəyyən mənada “azad dünyanın lideri” hesab edilir, qabaqcıl ölkələrin prezidentləri və parlamentləri tərəfindən dinlənilir, ümumiyyətlə, silah tələbləri də mümkün sürətlə təmin edilir. Amma o, üç ay yarım əvvəl Qərb tərəfindən zəif dövlətin zəif rəhbəri idi, “Putinin gözünün içinə baxmaq istəyini” nümayiş etdirirdi və Ukraynanın şərqindəki müharibəni sülh razılaşması ilə bitirməyə hazır idi.

Xalqın cəsarəti, prezidentin və onun ətrafındakı insanların gözlənilməz cəsarəti ilə Ukraynanın bəxti gətirdi, indi artıq bütün sivil dünya Ukraynanın bu müharibədə qaçılmaz qələbəsini qəbul edir. Üstəlik, belə görünür ki, bu qələbə sanksiyaların kumulyativ effekti nəticəsində Rusiyanın hərbi-sənaye kompleksində həlli mümkün olmayan problemlərin yığılması hesabına olacaq. Lakin Zelenskinin indi danışa biləcəyi mövqe, dünyanın onu fevralın 24-dən əvvəl necə qəbul etdiyi ilə tam uyğun deyil. Buna görə də, fikrimcə bu mübahisənin başlanması (deyəsən, Zelenski daha çox Ukrayna auditoriyasına təsir etmək üçün bu mübahisəyə qoşulub), eləcə də onu davam etməsi vaxtsız və ümumi iş üçün zərərlidir.

Rusiya məğlub olduqdan sonra qaçılmaz olaraq onun gələcəkdə bu cür aqressiv hərəkətlərinin qarşısının alınması məsələsi ortaya çıxacaq. O zaman bu müharibənin qarşısını almaq üçün nə edildiyi və daha yaxşı nəticə üçün nə etmək mümkün olduğu barədə təhlil kifayət qədər aktual olacaq. Və inanıram ki, o zaman Rusiyanın müasir miqyasda qonşu dövlətlər üçün həmişə təhlükə törədəcəyi ilə bağlı fərziyyə, nəhayət, sübuta yetiriləcək və müvafiq olaraq, ərazi baxımından nüvə silahına malik bu nəhəng bədheybətin əlində nüvə silahı olmayan 20-30 müstəqil respublikaya çevrilməsi cəhdləri olacaq. Və o zaman hətta bu respublikaların bəzilərində avtoritarizmin mümkün qələbəsi nə qonşu ölkələr, nə də bütün bəşəriyyət üçün ölümcül təhlükə yaratmayacaq.

Rauf Orucov