Logo
news content
User
Kateqoriyalar

Müsahibə

Əlvida, Avropa: qərar, yoxsa blef?

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdə Azərbaycanın Avropa Şurasından çıxması məsələsinə baxacağını bildirib.

Onun sözlərinə görə, Azərbaycan sülh prosesinə sadiqdir. “Məhz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra biz sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Faktiki olaraq, biz sülh nizamlanması üçün 5 əsas prinsip hazırlamışıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etmişik. Əgər sülh istəmiriksə, bütün bunları niyə etməliyik?!

Amma Əliyev deyir ki, “Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıdandan sonra hücuma məruz qalıb”.

Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Ukraynanı götürək: Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər, bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür.

Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir. 

Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq.

Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik” – Əliyev yekunlaşdırıb.

Beləliklə, onun sözlərindən belə çıxır ki, Azərbaycan institusional müstəvidə Avropa məkanından tamamilə çıxmaq perspektivi qarşısındadır. Bəli, Avropa ölkələrinə qaz və neft satışını davam etdirmək mümkün olacaq. Amma Avropa Şurasından çıxsaq, AŞPA-da Azərbaycan parlamentinin nümayəndə heyəti, Avropa İnsan Haqları Məhkəməsində azərbaycanlı hakimlər olmayacaq. Ölkəmiz hara üz tutacaq? Asiyaya? Bu bizim yolumuzdur? Yoxsa bu cür ritorika sadəcə xəbərdarlıqdır və strateji baxımdan Azərbaycan Avropanın siyasi məkanını tərk etmək fikrində deyil?

Pressklub.az-ın bu suallarını tanınmış ekspertlər cavablandırıblar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru, diplomat Fərid Şəfiyev bildirib ki, Avropa ilə münasibətlərin bütün çətinliklərinə baxmayaraq (hətta hipotetik olaraq AŞPA ilə əməkdaşlığı dayandırdığımızı fərz etsək belə), Azərbaycanın hansısa formada əlaqələri donduracağını düşünmür.



Burada ona xüsusi diqqət yetirmək lazımdır ki, prezident bu yaxınlarda Münhenə səfər edib, Berlində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqlar yenicə yekunlaşıb. Biz siyasi əlaqələrdən imtina etmirik”, - deyə Şəfiyev qeyd edib.

O, bildirir ki, bizim təzyiq dilini qəbul etməməyimiz başqa bir məsələdir. “Biz ikili standartları qəbul etmirik və amma onlar açıq şəkildə özünü göstərir. Məsələn, Aİ-nin müşahidə missiyası Ermənistanın razılığı ilə regionda ona görə işləyir ki, guya Ermənistan üçün müəyyən təhlükələr var. Eyni zamanda, əvvəlki onilliklərdə Azərbaycan ərazisi işğal altında olanda Avropa bu mövzuda hər hansı monitorinqin keçirilməsinə maraq göstərmirdi. Bu, artıq kifayət qədər məşhur olan ikili standartlar mövzusudur. Bu baxımdan bizim mövqeyimiz dəqiqdir və təzyiq olarsa, daha sərt olacaq”, - diplomat vəd edir.

Ancaq biz yenə də Avropa strukturları və tərəfdaşlarımız ilə işləməyə davam edirik. Aydındır ki, Fransanın və bəzi digər dövlətlərin rolunu nəzərə alsaq, yəqin ki, bizim üçün beynəlxalq platformalarda işləmək daha çətin olacaq, lakin ikitərəfli əsasda bu iş yalnız genişlənəcək. Bizim Aİ-nin 9 ölkəsi ilə strateji tərəfdaşlıq müqaviləmiz var. Yeri gəlmişkən, AŞPA-da Azərbaycanla bağlı səsverməni xatırlayırsınızsa, bir sıra ölkələr ümumiyyətlə orada iştirak etməyib.

Ona görə də, fikrimi yekunlaşdıraraq demək istərdim ki, mən Azərbaycanın fəaliyyətinin sonrakı vektorunu “Asiya” olaraq görmürəm. Hesab edirəm ki, idarəetmə strukturlarında və ekspert birliyində bir çox insanlar bu məsələyə tam eyni münasibət bəsləyirlər. Qərb istiqaməti, əlbəttə ki, bizim üçün vacibdir. Müxtəlif nöqteyi-nəzərdən. Həm iqtisadi, həm humanitar, həm təhsil, həm də siyasi. Amma görünən odur ki, orada (bunu da etiraf etmək lazımdır) erməni tərəfinə rəğbət var. Bu, islamofobiya, türkofobiya kimi fundamental problemlərlə və geosiyasətlə bağlı olan digər elementlərlə izah olunur. Və biz münasibətlərimizdə bütün bunları nəzərə almalıyıq”, - deyə Şəfiyev yekunlaşdırıb.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə fərqli fikirdədir.



Hesab edirəm ki, İlham Əliyev fundamental geosiyasi qərar verib və strateji baxımdan ölkəmizi bir tərəfdən Rusiya ilə müttəfiqlik, digər tərəfdən türk dövlətləri ilə müttəfiqlik münasibətlərində görür. Prinsipcə, o, son seçkilərdən sonra inauqurasiya nitqində bu haqda danışıb. Azərbaycan hakimiyyəti AŞPA başda olmaqla, Qərb strukturları və institutları tərəfindən diktə edildiyini düşündüyü münasibətlərdə heç bir fayda görmür. Amma Azərbaycan demokratiyanın, insan haqlarının inkişafı, hüquq sahəsində və iqtisadiyyatda islahatların aparılması üçün müəyyən öhdəliklər götürüb”, - Qasımlı xatırladır.

O, Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamadığını, bunun əvəzində onunla hansısa strateji saziş imzalamağı təklif etməsi faktını qeyd etməyi vacib sayır. “Amma təəssüf ki, Bakı ilə Brüssel arasında uzun illər danışıqların bir neçə raundunun olmasına baxmayaraq, belə bir saziş imzalanmadı. Sazişin imzalanmamasının əsas səbəbi isə məhz demokratiyanın, insan haqlarının, iqtisadi azadlıqların təmin olunması kimi şərtlərdir. Bu, Azərbaycan hakimiyyətinin razılaşmadığı, yəni Avropa standartlarını qəbul etmək istəmədiyi bir şeydir”, - institut rəhbəri bildirir.

Onun fikrincə, hakimiyyət Qərbi ittiham etmək oyununu davam etdirəcək. “Deyirlər ki, onlar pisdir, Azərbaycanla bərabər münasibət qurmaq istəmirlər, daha çox xristian dövlətlərinə - Ukraynaya, Gürcüstana meyl edirlər, ermənilərlə bizdən daha yaxşı davranırlar və s. Hesab edirəm ki, bütün bunlar reallığa uyğun gəlməyən demaqogiyadır. Çünki biz çox yaxşı bilirik ki, Azərbaycanda insan haqları, demokratiya, vətəndaşların seçki hüququ, bizdə olmayan iqtisadi azadlıqlar məsələsində vəziyyət necədir. Mən hesab edirəm ki, bunda Qərb deyil, Avropa Şurası qarşısında bu cür öhdəlikləri qəbul edən, lakin onları həyata keçirməyən Azərbaycan rəhbərliyi günahkardır”, - deyə analitik yekunlaşdırıb.

Rauf Orucov