Logo
news content
User
Kateqoriyalar

İcmal

Ukrayna ilə döyüşməkdən imtina edərək ordudan qaçmış rus hərbçisinin hekayəsi


Rusiya ordusundan fərarilik edərək Ermənistana qaçmış hərbçi Dmitri Setrakov Ermənistan ərazisində saxlandıqdan sonra Rusiyaya qaytarılıb. Onun Ermənistanda saxlanması barədə xəbəri “İdite lesom” (“Meşə ilə get”) layihəsinin yaradıcısı Qriqori Sverdlin (Rusiyada “xarici agent” kimi tanınır) Teleqram kanalında bildirmişdi.





Hazırda Setrakov Rostov-na-Donu şəhərində Cənub Hərbi Dairəsinin regional Hərbi Polis idarəsindədir və onun müdafiəsi üçün vəkil axtarılır, Ermənistan Helsinki Vətəndaş Assambleyası-Vanadzor hüquq-müdafiə təşkilatı bildirib.





Qurumun açıqlamasına görə, Dmitri Setrakov noyabrın 30-da “İdite lesom” hüquq müdafiəçilərinin vasitəçiliyi ilə Ermənistana yollanıb. Lakin artıq dekabrın 7-də o, saxlanılaraq Gümrü şəhərindəki Rusiya hərbi bazasının ərazisinə aparılıb.




Erməni hüquq müdafiəçiləri Setrakovun Rusiya hərbi polisi tərəfindən saxlanıldığını bildirirlər.





Rusiya hərbi polisinin Ermənistanda “hətta Rusiya vətəndaşlarını belə saxlamağa ixtiyarı yoxdur, bunu yalnız Ermənistanın hüquq-mühafizə orqanları edə bilər” (Rusiya tərəfi axtarışda olan vətəndaşı tapmaq üçün onlarla əlaqə saxlamalıdır), “Helsinki Vətəndaş Assambleyası – Vanadzor” hüquq müdafiə təşkilatının bəyanatında deyilir.





Təşkilatın rəhbəri Artur Sakunts Rusiya hərbi polisinin hərəkətlərini “Ermənistanın hüquq sisteminə, suveren bir dövlət kimi Ermənistana hücum” adlandırıb.





Cəbhədə




“İdite lesom” layihəsinin təsisçisi Qriqori Sverdlinin BBC Rusca xidmətinə dediyinə görə, Dmitri Setrakov 2022-ci ilin sentyabrında Ukraynadakı müharibəyə səfərbər edilib. Sverdlinin sözlərinə görə, 39 yaşlı Rostov vilayətinin sakini Dmitri Setrakov 2023-cü ilin noyabrında hüquq müdafiəçilərinə müraciət edib.





Setrakov onlara deyib ki, digər çağırışçılarla birlikdə Çeçenistanın Borzoy kəndinə, oradan maşınla Mozdoka, daha sonra ilhaq edilmiş Krımdakı Cankoydan keçməklə Donetsk vilayətinin işğal olunmuş ərazisindəki poliqona aparılıb.





Bu poliqonda Setrakov iki həftədən bir qədər çox vaxt keçirib və oktyabrın 18-də “cəbhə xəttinə göndərilib”. “Ora çatan kimi bir neçə nəfər həlak oldu”, - o, hüquq müdafiəçilərinə deyib.





Bir neçə günü ön cəbhədə keçirdikdən sonra Setrakovu digərləri ilə birlikdə poliqona qaytarıb oradan da Zaporojye vilayətinə köçürüblər. Orada hərbçilər bir ay qalıblar, sonra onları Zaporojye vilayətinin Orexov şəhəri yaxınlığındakı Rabotino kəndinə göndəriblər. Qərb jurnalistlərinin məlumatlarına görə, Ukrayna ordusunun yaydakı əks-hücumu zamanı əsas hücum istiqaməti məhz bu ərazidə yerləşirdi.




Dmitri Setrakov Zaporojye vilayətində döyüşdüyünü deyir

Dmitri Setrakov Zaporojye vilayətində döyüşdüyünü deyir





“Orada səngərlərdəki mövqelərdə yaşayırdıq. Hücumları dəf edirdik, çoxlu həlak olan var idi”, - Setrakov söyləyib. 2023-cü il aprelin sonunda o, xəsarət alıb və işğal altında olan Tokmokda xəstəxanaya yerləşdirilib.





O, hüquq müdafiəçilərinə deyib ki, xəstəxanadan qaçaraq taksiyə minib və evə gedib.





2023-cü il sentyabrın ortalarına qədər Setrakov gizlənib, sonra isə onun arvadına zəng edib deyiblər ki, o, axtarışdadır və Setrakov təslim olmaq qərarına gəlib.





O, Rostov-na-Donuda hərbi qulluqçular üçün nəzərdə tutulmuş xüsusi istintaq təcridxanasına yerləşdirilib. Setrakova qarşı hərbi bölməni icazəsiz tərk etmə maddəsi ilə cinayət işi açıblar. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Setrakov bir dəfə dindirilib.




Gümrüdə saxlanılması




Noyabrda Setrakovu hərbi-tibbi komissiyaya göndəriblər və o qaça bilib. Hüquq müdafiəçiləri ona Ermənistana getməyə kömək ediblər.





Fərari rusiyalının Ermənistanın Gümri şəhərində necə peyda olmasını “İdite lesom” hələ də anlaya bilmir.





Lakin Setrakovun həyat yoldaşına söylədiyinə görə, dekabrın 7-də küçədə gəzdiyi zaman özlərini Ermənistan hərbi polis əməkdaşları kimi təqdim edən naməlum şəxslər ona yaxınlaşıb və onu həbs ediblər.





“Sonra o, Gümridə yerləşən Rusiya hərbi bazasına aparılıb. Yəni aydındır ki, onu Ermənistan güc strukturları deyil, Rusiya təhlükəsizlik qüvvələri və ya xüsusi xidmət orqanları saxlayıb”, - Sverdlin hesab edir.





Bu, “İdite lesom” layihəsinin fəaliyyəti tarixində ilk dəfədir ki, ölkədən qaçan Rusiya hərbçilərindən kimsə tutulur.





Setrakova arvadına bir dəfə zəng etməyə icazə verilib.





“Maksimum ictimailəşdirmək lazımdır. Biz Ermənistan hakimiyyətini gözləyirik, çünki mənə elə gəlir ki, öz suverenliyini qiymətləndirən ölkə üçün başqa ölkə hərbçilərinin onun ərazisində insanları saxlaması qəbuledilməzdir”, - “İdite lesom” layihəsinin təsisçisi Qriqori Sverdlin BBC-yə bildirib.





Onun sözlərinə görə, “İdite lesom” kömək üçün erməni hüquq müdafiəçilərinə müraciət edib.




Setrakovun arvadına zəng etdiyi telefon nömrəsi, göründüyü kimi, Gümri hərbi bazasında xidmət edən Rusiya hərbi polis əməkdaşına məxsusdur. Setrakovun hansı əsaslara görə saxlanıldığı və bundan sonra onu nə gözlədiyinə dair BBC Rusca xidmətinin sualına həmin adam cavab verməyib.





Setrakovun Rusiyaya qaytarılması rusiyalı fərarinin Ermənistan ərazisindən ilk ekstradisiya halıdır. İndiyə kimi müharibə əleyhinə olan emiqrantları Qazaxıstan və Qırğızıstan ekstradisiya ediblər.





BBC Rostov vilayətinin qarnizon hərbi məhkəmələrinin saytlarında Setrakovun cinayət işi ilə bağlı məlumat tapa bilməyib.





Ümumilikdə, 2023-cü ildə regionda yerləşən Novoçerkassk və Rostov qarnizon hərbi məhkəmələri tərəfindən Cinayət Məcəlləsinin hərbi hissəni icazəsiz tərk etmə maddəsi üzrə 167 cinayət işi qeydə alınıb - bu, 2022-ci illə müqayisədə (11 iş) 15 dəfə çoxdur. Bu işlər üzrə 2023-cü ildə artıq 128 hökm elan edilib.


Elizaveta Foxt, İlya Barabanov

BBC News