
Trampın böyük tarif planı haqda bildiklərimiz və bilmədiklərimiz...
03 Aprel 2025
ABŞ prezidenti Donald Tramp iqtisadi planının bir hissəsi olaraq növbəti böyük rüsumları elan etməyə hazırlaşır. Qlobal ticarəti silkələyən Trampın iqtisadi planı ABŞ-nin həm müttəfiqləri, həm də rəqibləri ilə ticarət münasibətlərini yenidən formalaşdırmaq məqsədi daşıyır.
Tramp və onun administrasiyası rüsumların elan edilməsini ABŞ üçün "Azadlıq günü" kimi təqdim ediblər. Tramp administrasiyası ABŞ-nin istehsalını canlandırmaq, ticarət kəsirini azaltmaq və milli borcun azaldılmasını hədəfləyən siyasəti çərçivəsində ölkənin xarici mallardan asılılığını azaltmağa çalışır.
"Prezident on illərdir ölkəmizi soyan ədalətsiz ticarət qaydalarına son qoyacaq rüsum planını elan edəcək. O, bunu Amerika işçilərinin mənafeyi naminə edir", - Ağ evin mətbuat katibi Karolin Levitt jurnalistlərə deyib.
Ağ ev aprelin 1-də bildirib ki, Tramp aprelin 2-də Ağ evin Gül bağında "Amerikanı yenidən zəngin edək" adı altında keçirilən tədbirdə çıxış edəcək.
Lakin yeni rüsumların dəqiq nəyə şamil ediləcəyi, istisnaların, gecikmələrin və ya dəyişikliklərin olub-olmayacağı hələ bəlli deyil.
Levitt deyib ki, hansı tariflərin tətbiqinə qərar vermək prezident Trampın ixtiyarındadır. Artıq bir neçə həftə əvvəl ABŞ prezidenti və müşavirləri tərəfindən rüsumlarla bağlı müxtəlif ssenarilər irəli sürülüb. Bu ssenarilər 20 faizə qədər ümumi rüsumların tətbiq edilməsindən tutmuş, Vaşinqtonun qarşılıqlı rüsum yanaşmasına qədər dəyişir.
Meksika və Kanadaya qarşı daha əvvəl təxirə salınmış 25 faizlik rüsumların tətbiqi, eləcə də taxta, mis, dərman preparatları və mikroçiplərə rüsumların qoyulması da mümkün variantlar arasındadır.
Tramp artıq avtomobil idxalına 25 faizlik rüsum tətbiq edəcəyini elan edib və bu qərar aprelin 3-də qüvvəyə minəcək.
Tramp administrasiyası tariflər haqqında nə düşünür?
Trampın tariflər üçün hansı yanaşmanı seçməsi onun və administrasiyasının maliyyə tədbirlərindən necə istifadə etmək niyyətini açıqlaya bilər.
Tramp administrasiyası rüsumlardan gəlir əldə etmək, yəni ABŞ-yə daxil olan mallara tətbiq edilən idxal vergilərindən faydalanmaq, eyni zamanda, onlardan digər ölkələrə qarşı təzyiq kimi istifadə etmək istəyir. Bununla o, digər ölkələri öz rüsumlarını azaltmağa və ya miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə kimi digər siyasət dəyişikliklərinə məcbur edə bilər.
Lakin bəzi iqtisadçılar və bazar analitikləri qeyd ediblər ki, əgər rüsumlar danışıqlara açıqdırsa və zamanla azaldıla biləcəksə, bu, son nəticədə rüsumların gətirəcəyi gəlirləri məhdudlaşdıra bilər.

Tennessi ştatındakı "Volkswagen" zavodunun işçiləri "Passat" avtomobilləri yığırlar.
Tariflərin ABŞ-də qiymətlərin artmasına səbəb olacağı və daha geniş iqtisadi təsirləri ilə bağlı digər narahatlıqlar da var.
Trampın tarifləri və daha çoxunun tətbiqi ilə bağlı təhdidləri artıq ABŞ səhmlərinin dəyərdən düşməsinə və ölkə iqtisadiyyatının tənəzzülə uğraya biləcəyi qorxusuna səbəb olub. "S&P500" - ABŞ-də 500 aparıcı şirkətin fəaliyyətini izləyən bazar indeksi 2022-ci ilin payızından bəri ən böyük rüblük itkisinə doğru gedir.
ABŞ-nin avtomobil idxalına qoyduğu tariflərin qlobal təsiri necə olacaq?
Avtomobil tariflərinin şoku böyük ola bilər və Avropada, Asiyada uzunmüddətli nəticələrə səbəb ola bilər.
Bu tariflər Asiyada, xüsusilə Cənubi Koreya və Yaponiyanın iqtisadiyyatlarına ciddi təsir göstərə bilər, çünki bu ölkələr avtomobil sektorlarından böyük ölçüdə asılıdır. Avropada isə təsirlər Almaniya və Avropa İttifaqının avtomobil istehsalı tədarük zəncirinə sıx inteqrasiya olmuş qonşu ölkələrə də ciddi zərbə vura bilər.
Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova martın 28-də bildirib ki, avtomobil sənayesi Slovakiya iqtisadiyyatının hərəkətverici qüvvəsidir və bu ölkə Aİ-də tariflərdən ən çox təsirlənən "ilk üçlük" arasında olacaq.
"Goldman Sachs"ın hesablamalarına görə, keçən il ABŞ-də satılan 16 milyon avtomobildən, demək olar ki, yarısı idxal olunub və ümumi dəyəri 330 milyard dollardan çox olub.
Bəzi araşdırmalar göstərir ki, bu tədbirlər Tramp administrasiyasının təşviq etdiyi siyasət nəticələrinə nail olmağa kömək edə bilər.
Cənubi Koreyanın "Hyundai" və "Kia" da daxil olmaqla avtomobil istehsalçıları artıq ABŞ-də istehsalı artırmaq planlarını açıqlayıblar.
Yel Universiteti ilə əlaqəli tərəfsiz bir araşdırma mərkəzi olan "Yel Büdcə Laboratoriyası" da Trampın yeni avtomobil tariflərinin 2026-cı ildən 2035-ci ilə qədər gəliri 600-650 milyard dollara çatdıra biləcəyini hesablayıb. Lakin həmin araşdırma eyni zamanda göstərib ki, rüsumlar ABŞ-də nəqliyyat vasitələrinin qiymətlərinin orta hesabla 13.5 faiz artmasına səbəb olacaq ki, bu da 2024-cü il istehsalı olan yeni avtomobilin qiyməti üçün əlavə 6 min 400 dollara bərabərdir.
Maliyyə konsultasiyası ilə məşğul olan "Anderson Economic Group" isə proqnozlaşdırır ki, polad və alüminium idxalına 25 faiz rüsumların tətbiqi qərarı ənənəvi mühərrikli avtomobillərin qiymətlərini 250-800, elektrikli avtomobillərin qiymətlərini isə 2 min 500 dollar və ya daha çox artıracaq. Polad və alüminium idxalına 25 faiz rüsumun tətbiq olunması ilə bağlı prezident Trampın qərarı martın 12-də qüvvəyə minib.

ABŞ prezidenti Donald Tramp Osakada keçirilən G-20 sammiti çərçivəsində Çin prezidenti Si Cinpinlə əl sıxır.
Yeni tariflər qlobal ticarət müharibəsini gücləndirəcəkmi?
Trampın daha əvvəl tətbiq etdiyi tariflərə artıq cavab tədbirləri gəlib. ABŞ prezidentinin aprelin 2-də elan edəcəyi yeni tariflər qlobal ticarət müharibəsini daha da alovlandıra bilər.
Həm Kanada, həm də Çin bir sıra ABŞ məhsullarına cavab rüsumları tətbiq edib, Aİ isə Amerika viskisi, motosikletləri və motorlu qayıqlarına 50 faiz, habelə saqqız, quş əti, soya və digər mallara aprelin ortalarından başlayaraq əlavə rüsumlar qoyacağını bildirib.
Aİ həmçinin ABŞ-nin bütün idxal məhsullarına 25 faizlik gömrük rüsumu ilə hədələyib, lakin bu qüvvəyə minməyib.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen aprelin 1-də bildirib ki, Brüssel ABŞ rüsumlarına qarşı "güclü bir plan" hazırlayıb. İddialara görə, bu plan çərçivəsində ABŞ bankalarının və böyük texnologiya şirkətlərinin hədəf alınması da mümkündür.
Fevraldan bəri qarşılıqlı rüsumlar tətbiq edən Pekin və Vaşinqton arasında ticarət gərginliyi Trampın "Azadlıq günü" elanından sonra daha da arta bilər.
Lakin ABŞ prezidenti "TikTok"un Çində yerləşən ana şirkəti "ByteDance" ilə razılaşma əldə etmək üçün Çin mallarına rüsumları azaltmaq fikrini də irəli sürüb. Buna səbəb isə "TikTok" tətbiqinin satılması üçün son tarixin yaxınlaşmasıdır.
ABŞ qanunlarına görə, "ByteDance" yanvarın 19-dək "TikTok"a sahibliyindən əl çəkməli və ya ABŞ-də qadağa riski ilə üzləşməli idi. Ancaq prezident Tramp şirkətə 75 günlük möhlət verib və bu tarix aprelin 5-də sona çatır.
Yazı AzadlıqRadiosunun müxbiri Rid Stendiş tərəfindən hazırlanıb.