Logo
news content
User
Kateqoriyalar

İcmal

Sosial media Dağıstanda antisemitik zorakılığı necə alovlandırdı?


Bazar günü səhər saatlarında Təl-Əvivdən uçan təyyarənin Mahaçqalaya çatması ilə bağlı məlumatlar Rusiyanın ən cənubunda yerləşən Dağıstanda məşhur olan Telegram kanalında paylaşılıb.





“Dağıstan Səhəri” adlanan Telegram kanalı izləyicilərini xəbərdar edərək, onları Mahaçqalada yerləşən Dağıstanın əsas hava limanında “gözlənilməyən ziyarətçilərlə görüşə” çağırıb. Təyyarə yerli vaxtla saat 19:00-da aeroporta enəcəkdi.





Təyin edilmiş vaxtda yüzlərlə gənc oğlan hava limanına çatıb. Aeroportun təhlükəsizlik qüvvələrini əzib keçən kütlə uçuş-enmə zolağına daxil olub və hətta onlardan bəziləri aeroport binasının damına çıxmağa müvəffəq olublar. Onlar hava limanında yəhudi sərnişinləri axtarırdılar.


Yayılan videolarda Fələstin bayrağının dalğalandığı görünür və antisemit şüarlar eşidilir. Polislər bir neçə saat ərzində etirazçıları ərazidən uzaqlaşdırmağa nail olub. Rusiya media agentliklərinin yazdığına görə 60-a yaxın insan həbs edilib.




Etiraz aksiyası hava limanının təhlükəsizlik qüvvələrini də təəccübləndirib. Bəs etirazçılar belə bir aksiyanı necə effektiv şəkildə təşkil və koordinasiya edə biliblər?





BBC “Dağıstan Səhəri” kanalında paylaşılan mesajların izi ilə gedib. Biz də Telegramda antisemitik ritorikalar paylaşan və zorakılığa çağırış edən yerli kanallar aşkarladıq.





“Dağıstan Səhəri” Rusiya əleyhinə olan islamçı kanaldır və Qafqazda “Moskvanın işğal rejiminə” son qoyulmasına dair çağırışları müdafiə edir. Kanal həmçinin Rusiyanın Ukraynadakı işğal müharibəsi ilə yanaşı, yerli hadisələrlə bağlı yenilikləri paylaşır.





Bundan əlavə, kanal, Rusiya istisna olmaqla, bir çox ölkələr tərəfindən terrorçu qruplaşma kimi tanınan HƏMAS-ı dəstəkləyərək, İsrail-Fələstin münaqişəsi barədə də məlumatlar yayımlayır.





Hər kəsə açıq olan “Dağıstan Səhəri” kanalının bir neçə gün əvvəl 50 min izləyicisi var idisə, hazırda bu rəqəm 85 minə yaxınlaşır.





Bazar günü kanalın paylaşdığı yazılar təyyarəni tərk edən israilli sərnişinlərin qarşısını kəsmək üçün izdiham yaratmaq məqsədi ilə aeroporta gəlmək istəyənlərə təlimatlar da verib.





“İcazə verin onlar bir-bir çıxsınlar və onlardan İsraili lənətləmələrini istəyin. Əgər onlar İsraili lənətləməkdən imtina etsələr, hava limanını bağlayacağıq və oradan uzaqlaşmalarına imkan verməyəcəyik”, - kanalın paylaşdığı postlardan birində belə deyilir.





Kanal həmçinin izləyicilərini sərnişinlərin şəkillərini çəkməyə, onların mindiyi avtomobilləri təqib etməyə və beləliklə onların Dağıstandakı ünvanlarından ibarət siyahı hazırlamağa çağırıb.





Rusiya, Dağıstan, hava limanı, etiraz, aksiya, İsrail, Fələstin


Bir neçə gün əvvəl isə həmin kanal Mahaçqalada və digər şəhərlərdə insanları yürüyüşə dəvət edərək, onları “iki milyon müsəlmana dəstək” verməyə çağırıb. Anti-semitik mesajlar paylaşan “Dağıstan Səhəri” şəhər əhalisini evlərini yəhudilərə kirayə verməməyə səsləyib.





Bununla belə, biz əsas siyasi maraqları əks olunmayan, lakin zorakılığa dair çağırışlar edən digər Telegram kanalları da tapdıq və onların on minlərlə izləyicisi var.





Alış-veriş saytı olan “Avito”nun Telegram kanalında da Dağıstanda yaşayan və İsrail naminə mübarizə apardığı deyilən yəhudi ailəni hədəf alan mesajlar tapdıq.





İzləyici sayı 17 min olan Gorets kanalında isə insanları yerli yəhudiləri, eləcə də Dağıstana gələn yəhudiləri təqib etməyə cəsarətləndirən postlar mövcuddur.





Bazar ertəsi səhər saatlarında Telegramın sahibi Pavel Durov elan edib ki, “zorakılığı təbliğ edən kanallar bloklanacaq” və “Dağıstan Səhəri” kanalının bir postunun ekran görüntüsünü paylaşıb. Bundan bir qədər sonra kanal Telegramda mövcud olmasa da, yenidən axtarış sistemində tapmaq mümkün olub.





“Dağıstan Səhəri”nin arxasında kim dayanır?




“Dağıstan Səhəri” kanalı 2016-cı ildə Ukraynaya getmiş və Ukrayna vətəndaşlığı almış Rusiyanın keçmiş millət vəkili İlya Ponomaryov ilə əlaqələndirilir.





Ponomaryov Rusiyada Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq məqsədi ilə ölkədə etiraz aksiyalarının keçirilməsinə çağırış edən sosial media kanallarına rəhbərlik edir.





Bazar ertəsi Ponomaryov deyib ki, Rusiyanın Ukraynadakı işğalına qarşı yürüyüşlərin təşkil edilməsi və maliyyələşdirilməsi məsələsində köməklik etdiyi “Dağıstandan olan bir qrup İslamçı bir müddət əvvəl onunla əlaqə saxlayıb”.





Ponomaryov onu da əlavə edib ki, “Dağıstan Səhəri” kanalına göstərdiyi dəstəyi 2022-ci ilin sentyabrında dayandırıb. Lakiin onun sonrakı bəyanatları bu iddia ilə ziddiyyət təşkil edir. Belə ki, Ponomaryov bu ilin avqustunda “Dağıstan Səhəri” barədə danışarkən “bizim kanal” ifadəsini işlədib və senytabrda isə kanalı “fəaliyyətinin bir hissəsi” kimi təqdim edib.





Dağıstanın rəhbəri Sergey Melikov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova Ponomaryovun kanal ilə əlaqəsini əsas gətirərək Mahaçqala aeroportunda baş verən aksiyaya görə Ukraynanı günahlandırıb.





“Bu gün biz “Dağıstan Səhəri” kanalının satqınlar tərəfindən Ukrayna ərazisindən idarə edildiyinə dair tamamilə etibarlı məlumat aldıq”, - Melikov deyib.





Kanal daha sonra bəyanat paylaşaraq Ponomaryov və ya Ukrayna ilə hər hansı əlaqəsinin olmadığını bildirib.





Ukrayna Prezidenti Volodimir Zelenski də hava limanında baş verənləri pisləyib.





Həmasın 7 oktyabr tarixində İsrailə qarşı reallaşdırdığı hücumdan sonra Ukrayna prezidenti İsrailə dəstəyini ifadə etdiyi halda, Putin bu hücumu “ABŞ-ın Orta Şərq siyasətinin iflası” kimi şərh edib.





Rusiya Xarici İşlər Nazirliyi isə Həmasın hərəkətlərini qınamaq əvəzinə, hər iki tərəfi de-eskalasiyaya çağıraraq, BMT Təhlükəsizlik Şurasının atəşkəsə yönəlik qətnaməsindən nümunə gətirib.





Ötən həftə Həmas nümayəndə heyəti danışıqlar aparmaq üçün Moskvada səfərdə olub və bu, İsrailin etirazı ilə qarşılanıb.





Antisemitik zorakılığın alovlanması




Dağıstan öz müxtəlifliyi ilə Rusiyanın digər regionlarından fərqlənir. Burada müxtəlif etnik qruplar yaşayır. Dağıstanda müsəlman əhali üstünlük təşkil etsə də, yəhudilər də daxil olmaqla, digər etnik qruplar əsrlər boyu yanaşı yaşayırlar.





Rusiya, Dağıstan, hava limanı, etiraz, aksiya, İsrail, Fələstin


Dağıstanlı sosioloq Rasul Abdulxaliqov hesab edir ki, antisemitik zorakılığın artması regional rəhbərliyin ölkədə Fələstinə dəstək xarakterli aksiyanın keçirilməsinə icazə verməməsi ilə əlaqələndirilə bilər.





“Vəziyyətin bu nöqtəyə gəlməsinə və insanların Fələstinə göstərdiyi rəğbətin digər istiqamətlərə yönləndirilməməsinə görə yeganə günahkar Dağıstanın rəhbəri Sergey Melikovdur”, - sosioloq bildirib.





O hesab edir ki, nifrət nitqi və yalan informasiya yayan Telegram kanalları, WhatsApp yazışmaları və İnstagram səhifələri insanların davranışlarını daha da mürəkkəbləşdirib. (BBC)