Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Sanksiyaya düşmüş dəbdəbəli avtomobillər Rusiyaya necə gətirilir

Yanvarda Rusiyanın böyük bir mərc şirkəti müştəriləri üçün xüsusi "Rolls Royce Cullinan" mükafatı elan edib. Məsələ bundadır ki, Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələr Rusiyaya dəyəri 50 min dollardan yuxarı avtomobillərin ixracını yasaqlayıb. 50 min dollar "Cullinan"ın başlanğıc qiymətinin 1/10-nə bərabərdir. Rusiyada bu avtomobilin qiyməti 1 milyon dollara yaxınlaşır.

Bir sıra böyük avtomobil istehsalçıları da Rusiyada zavodlarını, ofislərini bağlayıblar.

Son illər Rusiyanın avtomobil bazarının siması da dəyişib. Hazırda Çin brendləri bu ölkədə sürülən yeni maşınların 70 faizə qədərini təşkil edir.

Amma yenə də super varlılar Qərb istehsalı dəbdəbəli avtomobilləri asanlıqla əldə edə bilirlər.

Rusiya gömrük bilgilərinə görə, 2022-ci ilin martından indiyədək Rusiyaya dəyəri 100 min dollar və yuxarı olan 1300-dək avtomobil gətirilib.

Bu idxalı kim və necə həyata keçirir?

AzadlıqRadiosunun "Sistema" rusdilli araşdırma layihəsi təchizat zəncirini izləyib, bir sıra şirkətlərin Cənubi Koreya kimi yurisdiksiyalar vasitəsilə avtomobilləri idxal etdiyini aşkarlayıb. Amma Seulun özünün də Rusiya, Honq-Konq və Qırğızıstana bahalı avtomobil ixracına qadağaları qüvvədədir. Müharibə dönəmində Bişkekin Avropa ölkələrindən maşın idxalı yüksəlib.

"Sistema" üzə çıxarıb ki, Rusiyada iqtisadiyyatın digər sahələrində olduğu kimi, hərbi və təhlükəsizlik xidmətləri ilə əlaqələrin dəbdəbəli maşın biznesinə də faydası var.

"Bentley" avtomobilləri Moskva yaxınlığındakı diler mərkəzinin salonunda. 2016

Sanksiyaların aşılması

Sanksiyalara cavab olaraq, prezident Vladimir Putin paralel idxalı leqallaşdıran qanun imzalayıb – yəni məhsulun hüquqi mülkiyyətçinin (right-holder) icazəsi olmadan idxal olunması.

Bu qanun bir sıra malların yeni idxal kanallarına icazə verib. Buraya "Bentley" və "Maserati" kimi avtomobillər də daxildir.

Ancaq bu, heç də Rusiyadan kənarda sanksiyalı məhsullarla ticarətin leqallaşdırılması demək deyil.

Təkcə 2024-cü ildə Almaniyada üç nəfər Rusiyaya yüzlərlə bahalı maşın ixrac etdiyinə görə 4 ildən 6 ilədək həbsə məhkum edilib.

Ötən ay isə Litvada iki belaruslu və iki litvalı oxşar fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar.

Ümumilikdə, "Sistema" 179 rusiyalı idxalçını və 26 ölkədən 226 ixracatçını müəyyənləşdirib. Onlar 2022-ci ilin martından 2024-cü ilin oktyabrınadək qadağan olunmuş avtomobillərin idxalında iştirak ediblər.

Sözügedən Rusiya şirkətləri avtomobil biznesiylə məşğuldurlar, bazarı zəbt etməkdə olan yeni Çin brendləri ilə yanaşı, sanksiyaya düşmüş maşınlar da satırlar.

Sankt-Peterburqda yerləşən, fiberoptik komponentlər üzrə ixtisaslaşmış bir şirkətin isə ən bahalı avtomobilləri idxal etdiyi üzə çıxıb.

"Garant LLC"nin 2022-ci ilədək gəlirləri böyük olmayıb, 2020-ci ildə 250 milyon rubl təşkil edib. Bu isə ovaxtkı məzənnə ilə 3.3 milyon dollar idi.

Şirkət vebsaytında özünü "elektron avadanlıq və komponentlər tədarükçüsü" kimi reklam edir.

Paralel idxal qanunu qüvvəyə minənədək "Garant" idxala ildə cəmi 880 min dollar xərcləyib.

Şirkətin yeganə təchizatçısı Honq-Konqdakı "Jiating Product Factory Limited" şirkətidir. Onun sahibi çinli, Şanxay sakini Myao Donqdur.

"Jiating" 2013-cü ildə qeydiyyatdan keçib. Vebsaytında yazılıb ki, şirkət son 15 ildə "çətin tapılan" malların aparıcı distribütoruna çevrilib.

2018-2021-ci illər arası "Jiating" Rusiyaya ildə azı 1 milyon dollarlıq mal ixrac edib və bunlar da, əsasən, fiberoptik şəbəkələr üçün komponentlərdən ibarət olub ki, bunun da yarısı "Garant"a gedib.

2022-ci ilin əvvəlində "Jiating" əsas müştərisinə bahalı avtomobillər ixracına keçib, ümumi dəyəri 31.2 milyon dollar olan 305 avtomobil göndərib. Maşınların 139-unun dəyəri 100 min dollardan yuxarı olub.

"Garant"ın baş direktoru Mariya Stebakova və FSO əməkdaşı Sergey Luşnikov

Rusiya avtomobil bazarında hərbi idmançılar

"Garant"ın təsisçisi və direktoru Mariya Kalenovadır, rəsmi olaraq doqquz işçisi var.

Kalenova həm də keçmiş hərbçi arvadıdır. Onun keçmiş əri Aleksandr Stebakov vaxtilə Hərbi Fiziki Tərbiyə İnstitutunun (VIFK) kursantı olub, iki digər kursantla birlikdə 2003-cü ildə Sankt Peterburqda küçədə 17 yaşlı oğlanı döyüb. Bunu "Sistema" polis sənədlərindən öyrənib.

Onların üçü də saxlanıblar, amma bu insident karyeralarına elə də təsir göstərməyib.

Onlardan biri Sergey Luşnikov Federal Mühafizə Xidmətinə (FSO) qoşulub, 2017-ci ildə Sankt-Peterburqda keçirilən Beynəlxalq Mədəniyyət Forumunda prezident Vladimir Putini qoruyan mühafizəçilərdən olub.

Kalenova və Stebakov 2010-cu ildə boşansalar da, Luşnikov Kalenova təkrar ailə qurandan sonra onun dostu olaraq qalıb.

Luşnikovun işinin Kalenovanın sahibkarlıq fəaliyyətinə təsiri ola bilər, çünki FSO qeyri-rəsmi olaraq idxal-ixracla məşğul olan biznesləri də qoruyur.

"Sistema"nın əldə etdiyi maliyyə bilgilərinə görə, "Garant" Rusiyanın "Rolf""Major-Auto" kimi böyük avtodiler qrupları üçün yalnız vasitəçidir. Honq-Konqdan idxal olunan avtomobillər sonucda bu iki şirkətə gedir.

"Rolf" şirkətini 1991-ci ildə rusiyalı biznesmen Sergey Petrov təsis edib. 2023-cü ildə onun biznesini dövlət ələ keçirib. 2020-ci ildən Beynəlxalq Boks Assosiasiyasının rəhbəri olmuş Umar Kremlev "Rolf"un yeni başçısı elan edilib.

Rusiya müstəqil mediası Kremlevi ölkənin təhlükəsizlik xidmətlərinə, eləcə də idmana bağlı biznesmen kimi təsvir edirlər.

Orada olmamışıq, xəbərimiz yoxdur!

Qərbin böyük avtomobil bazarları üçün Rusiya bazarını itirmək ağrılı olub. Söhbət Moskvanın Ukraynaya qarşı tammiqyaslı işğala başlamasından sonrakı dövrdən gedir.

"Sistema"nın təhlil etdiyi gömrük datasına görə, sanksiyalardan öncə "Mercedes-Benz" 2 il yarımdan çox müddətdə Rusiyaya idxal edilən bahalı avtomobillər siyahısında başda gəlib.

"Mercedes-Benz"dən "Sistema"nın sorğusuna cavab olaraq bildiriblər ki, araşdırmanın nəticələrinə baxacaqlar, şübhəli fəaliyyətə əsas tapsalar, uyğun orqanlarla əlaqə saxlayacaqlar.

"Jaguar Land Rover" (JLR), "Porsche", "Audi" və BMW də oxşar cavablar təqdim edib.

"Garant"ın sanksiyalı avtomobil idxalında Cənubi Koreya, Qırğızıstanın da payı var.

Bişkekdəki rusiyayönlü hökumət bildirir ki, Rusiyaya sanksiyalı malların axınını önləməkdən ötrü əlindən gələni edir.

Britaniyalı vəkil Aleks Prezanti "Sistema"ya deyib ki, Böyük Britaniya və Aİ ixracatçılara üçüncü ölkələrlə müqavilələrə Rusiya bazarına malların təkrar ixracını dayandıran xüsusi "Rusiyasız" bəndi daxil etməyi tövsiyə edir.

"Transparency International" təşkilatının Rusiya bölməsinin keçmiş direktoru İlya Şumanov "Sistema"ya bildirib ki, Brüssel bu bəndlə bağlı daha sərt davranır, Avropa Şurasının buna dair qərarı da var.

"Garant LLC", "Rolf", "Major-Auto", "Jiating Product Factory Limited", "Bentley" və Mariya Kalenova "Sistema"nın suallarını cavablamayıblar.

Yazını AzadlıqRadiosunun əməkdaşları Dmitri Suxarev, Kris Riklton və "Sistema" araşdırma layihəsi hazırlayıb.