Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Bu qədər lider Rusiya ilə müharibə ola biləcəyini deyir. Niyə?

Mənbə: Azadlıq Radiosu

NATO-nun baş katibi Mark Rutte bu yaxınlarda bir çıxışında "Rusiyanın növbəti hədəfi bizik" deyib. 2025-ci ildə Avropanın aparıcı rəsmiləri, kəşfiyyat qurumları Rusiya ilə birbaşa münaqişə ilə bağlı xəbərdarlıqlar səsləndiriblər. AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə müxbiri Rey Förlonq bunun səbəblərindən yazır.

Fevralda Danimarka kəşfiyyatı, iyunda Almaniyanın aparıcı generalı, noyabrda onun polşalı həmkarı Rusiyanın özünü Qərblə münaqişə içində görməsi, NATO-ya qarşı müharibəyə hazırlaşması barədə açıqlamalar dilə gətiriblər. Rutte isə bu haqda daha tez-tez danışıb. O, yanvarda NATO üzvlərini müdafiə xərclərini artırmağa, ya da rus dili kurslarına yazılmağa çağırırdı. İyunda isə deyirdi ki, hücum Çinin Tayvana həmləsi ilə koordinasiya oluna bilər.

Xəbərdarlıqların pərdəarxası

"Bu haqda çox düşünmüşəm, çünki Rusiyanın NATO-ya hücum edə biləcəyi, yaxud bunu istəməsinə dəlil yoxdur", – Britaniyanın Moskva və Kiyevdə keçmiş attaşesi Con Formen AzadlıqRadiosuna deyib.

"Məncə, bir çox siyasətçilər və hərbçilər Rusiya təhdidi spektrindən daha prozaik səbəblər üçün yararlanırlar: Rutte NATO üzvlərini xərcləmə öhdəliklərinə əməl etməyə həvəsləndirmək istəyir. Polşalılar öz ərazilərində daha çox NATO qüvvəsi istəyirlər", – o əlavə edib.

Digər skeptiklər isə Rusiyanın dörd ilə yaxındır gedən müharibədə Ukraynanı zəbt edə bilmədiyini deyirlər.

"Rusiya indiki məqamda NATO-ya hücum niyyətində, yaxud bunu bacaracaq gücdə deyil", – Finlandiya Beynəlxalq Məsələlər İnstitutundan Teemu Tammikko söyləyir.

O, AzadlıqRadiosunun rus xidmətinə onu da deyib ki, prezident Vladimir Putinin hakimiyyətdə qalması xarici təhdiddən asılıdır, bu isə o deməkdir ki, "uzunmüddətli perspektivdə hansısa birbaşa hərbi provokasiya da mümkündür, xüsusilə əgər Ukraynada müharibə dondurularsa".

Bəziləri isə bunun artıq baş verməkdə olduğunu deyirlər, Rusiyanın NATO-nin hava məkanına dron müdaxilələrini göstərirlər.

R.Förlonq builki xəbərdarlıqların daha qaranlıq ssenarilərə işarə etdiyini yazır.

Estoniyaya hücum

Avropa Xarici Əlaqələr Şurasının dekabrın 18-də yaydığı hesabatda Estoniyaya birbaşa hücum sarıdan qorxulardan söz açılır. Bunun ABŞ və NATO-nun digər müttəfiqlərinin savaş hazırlığının sınağı ola biləcəyi deyilir.

Hesabata görə, Avropada narahatdırlar ki, yerli siyasətə başı qarışan Amerika hökuməti tezliklə Avropanın müdafiəsində iştirakını azalda, yaxud şərtlər irəli sürə bilər. Estoniya isə "kiçik, düzənlik, müdafiəsiz" ölkə kimi təsvir olunur. 2016-cı ildə keçirilmiş bir hərbi təlim Rusiyanın bu ölkənin paytaxtını 60 saat ərzində tuta biləcəyini proqnozlaşdırmışdı.

Amma o da qeyd olunur ki, Ukraynada müharibə bitəndən sonra Rusiyaya 5-10 il gərəkəcək ki, "belə bir hücuma hazırlaşsın, yenidən silahlansın".

Avropanın xəbərdarlıqlarını ABŞ rəsmilərinin təkrarlamaması da diqqət çəkir.

Yaxınlarda açıqlanmış Milli Təhlükəsizlik Strategiyasında deyilir ki, "Avropa müttəfiqləri nüvə silahlarını çıxmaqla, demək olar, bütün göstəricilər üzrə Rusiya üzərində hərbi güc üstünlüyünə malikdir". Amma Rusiya ilə Avropa ölkələri arasında münaqişə riskini azaltmaq üçün ABŞ-nin diplomatik fəaliyyətinə ehtiyac da vurğulanırdı.

Kreml ilə razılaşmalar su üstündə yazılır?

Kreml rəsmiləri isə Avropa liderlərini "müharibə qızışdırıcıları", "militaristlər" adlandırır, hər hansı hücum niyyətində olmadığını deyirlər. 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalı ərəfəsində də oxşar şərhlər səslənirdi.

"Rusiya ölkəmizə aid edilən hərbi məqsədlər güdmür", – xarici işlər nazirinin müavini Sergey Ryabkov dekabrın 22-də deyib. O, bunun hər hansı razılaşmada hüquqi öhdəlik kimi götürməyə hazır olduqlarını da əlavə edib.

Di gəl, belə bir öhdəliyi Qərbdə çoxları çətin ki ciddiyə alarlar. Rusiya 1994-cü il Budapeşt Memorandumunu imzalayıb, Ukrayna sərhədlərinə hörmətlə bağlı öhdəlik götürüb. Sonrası bəllidir.

Axı həm də hər şey bir kişidən asılıdır.

"Bilirik ki, Rusiya demokratik ölkə deyil. Vladimir Putin NATO üzvü olan, yaxud olmayan Avropa ölkəsinə hücum etmək qərarı verə bilər...", – RUSI müdafiə və təhlükəsizlik təhlil mərkəzindən Elizabet Brou AzadlıqRadiosunun rus xidmətinə deyib.

"Ona görə də Avropada hərbi liderlər deyirlər ki, sabah baş verə biləcək şeyə hazırlaşmalıyıq. Beş il, 10 il sonra baş verə bilər, verməyə də bilər, amma yenə də arxayın oturmaq olmaz", – o əlavə edir.