
Unudulmuş dava: 110 il əvvəl nə baş vermişdi?
“İkinci vətən müharibəsi” dünyanın xəritəsini dəyişdi
05 Avqust 2024
110 il əvvəl Birinci dünya müharibəsi başladı. Başqa iştirakçı ölkələrdən fərqli olaraq, Rusiya imperiyasının yerində yaranan SSRİ-də bu savaş az tədqiq olunub və bir növ unudulub. Rəsmi sovet ideologiyası Birinci dünya müharibəsini imperialist müharibə kimi qiymətləndirir, onun qurbanlarını yad etmir, iştirakçılarına imtiyaz tanımırdı. Belə münasibət SSRİ-yə daxil olan bütün ölkələr, o cümlədən Azərbaycan üçün xarakterik idi. Halbuki yaşadığımız dünyanın siyasi xəritəsi əsasən Birinci dünya müharibəsinin yekunudur: Azərbaycan Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası da daxil olmaqla (Pressklub.az).
***
Birinci dünya müharibəsi (28 iyul 1914-cü il - 11 noyabr 1918-ci il) bəşəriyyət tarixinin ən geniş miqyaslı hərbi konfiktlərindən biridir.
Müharibəyə hələ bir neçə il qalarkən Avropanın böyük dövlətləri - Almaniya, Avstriya-Macarıstan, Böyük Britaniya, Fransa və Rusiya arasında ziddiyyətlər çoxaldı.
Almaniya imperiyası Avropa qitəsində siyasi və iqtisadi hegemonluğa can atırdı. Çoxmillətli imperiya olan Avstriya-Macarıstan daxili millətlərarası ziddiyyətlər üzündən daimi qeyri-sabitlik ocağı idi. O, Berlin konqresinin qərarı ilə aldığı və 1908-ci ildə ilhaq etdiyi Bosniya və Herseqovinanı özündə saxlamağa çalışırdı. Bu zaman əsrlər boyu permanent ərazi ekspansiyası həyata keçirən və öz üzərinə Balkanlardakı bütün slavyanların hamisi rolunu götürən Rusiyaya qarşı dururdu. Eləcə də Serbiya, Rusiyanın müttəfiqi, cənub slavyanlarının birləşdirici mərkəzi olmağa iddialı idi.
Savaşın müxtəlif mənbələrdə göstərilən səbəblərinə iqtisadi imperializm, ticari əngəllər, silahlanma, militarizm və avtokratiya, qüvvələr balansı, həmin ərəfədə baş verən lokal konfliktlər, ərazi iddiaları və Avropa dövlətlərinin müttəfiqlik öhdəlikləri daxildir.
Müharibəyə bəhanə isə Avstriya ershersoqu Frans Ferdinandın və arvadı Sofiya Xotekin 1914-cü il iyunun 28-də Sarayevoda Bosniyalı serb tələbə, bütün cənubi slavyan xalqlarının bir dövlətdə birləşməsi uğrunda mübarizə aparan “Mlada Bosna” terrorçu təşkilatının üzvü Qavrilo Prinsip tərəfindən öldürülməsi oldu. Avstriya və Almaniyanın hakim dairələri bu qətldən Avropa müharibəsinə başlamaq üçün bəhanə kimi yararlandılar.
Birinci dünya müharibəsi belə başladı. Bu ad yalnız 1939-cu ildə İkinci dünya müharibəsi başlayandan sonra təsdiqləndi. 20-30-cu illərdə “Böyük müharibə” (ing. The Great War, fr. La Grande guerre) adı işlənirdi. Rusiya imperiyasında onu həm də “İkinci Vətən”, “Böyük Vətən”, eləcə də qeyri-rəsmi “alman”, sonra SSRİ-də “imperialist” müharibəsi adlandırırdılar.
Avstriya-Macarıstan 1914-cü il iyulun 28-də Serbiyaya müharibə elan edəndən sonra Avropanın, demək olar, bütün böyük dövlətləri konfliktə cəlb olundular. Bolqarıstan, Yunanıstan, İspaniya, Niderland, Danimarka, İsveç, Norveç, ABŞ və bir sıra Latın Amerikası və Asiya ölkələri, eləcə də Almaniya-Avstriya blokunun müttəfiqləri - İtaliya və Rumıniya - tələsik bitərəfliklərini elan etdilər. Almaniya siyasətinin farvaterində olan Türkiyə də bitərəfliyini elan etdi, amma artıq avqustun 2-də Berlinlə məxfi müqavilə imzaladı, ümumi səfərbərliyə başladı və faktiki bütün Osmanlı qüvvələrini Almaniya Baş qərargahının ixtiyarına verdi. Rusiya və Türkiyə arasında Qafqaz cəbhəsi yarandı və bu cəbhə rusların xeyli qüvvəsini Şərqi Avropa cəbhəsindən yayındırdı.
Qərbi Avropa ölkələrinin diqqəti hərbi əməliyyatların Avropa teatrında cəmlənərkən, Yaponiya Almaniyaya ultimatum verərək, Uzaq Şərq sularında və Sakit okeandakı bütün hərbi qüvvələrini çəkməyi və “icarəyə götürdüyü” Jiaozhou ərazisini Sindao limanı ilə birlikdə təhvil verməyi tələb etdi. Berlin ultimatumu rədd etdi. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya müharibə elan etdi. Qısa mühasirədən sonra yaponlar Sindaonu tutdular, daha sonra Okeaniyada Almaniyaya məxsus Marşal, Karolin və Marian adalarını ələ keçirdilər.
Beləliklə, Avropada başlayan savaş Yaxın və Uzaq Şərqə sıçrayaraq, dünya müharibəsinə çevrildi.
Birinci dünya müharibəsi sivilizasiyanın böhranlı vəziyyətini ortaya qoydu. Bütün döyüşən ölkələrdə demokratiya məhdudlaşdırıldı, bazar münasibətləri çevrəsi daralır və yerini istehsalın sərt dövlət tənzimlənməsinə verirdi. Bu meyllər Qərb sivilizasiyasının təsərrüfat əsaslarına zidd idi.
Konflikt sənaye inkişafının katalizatoru oldu. Savaş illərində 28 milyon tüfəng, 1 milyona yaxın pulemyot, 150 min top, 9200 tank, minlərlə təyyarə istehsal edildi, sualtı donanma yaradıldı (təkcə Almaniyada bu illər ərzində 450-dən çox sualtı qayıq inşa edildi).
Sənaye inkişafının hərbi təmayülü aşkar oldu, növbəti addım insanların kütləvi qətli məqsədilə texnika və texnologiyanın yaranması idi. Artıq Birinci dünya müharibəsi zamanı dəhşətli təcrübələr həyata keçirildi, almanlar 1915-ci ildə Belçikada, İpr şəhəri yaxınlığında ilk dəfə kimyəvi silah işlətdilər.
Müharibə bəşəriyyət tarixində mühüm mərhələ oldu. O, dünyanın bütövlüyünü sübut etdi və iqtisadiyyatda, daxili siyasətdə, beynəlxalq münasibətlərdə, mədəniyyətdə, ən əsası, insanların şüurunda və davranışında köklü dəyişikliklərin başlanğıcı oldu.
Rusiya monarxiyası dünya savaşının sınağından çıxmadı. Hərbi məhsulların çox hissəsi dövlətə məxsus hərbi zavodlarda istehsal olunurdu. Geridə qalmış avadanlığa malik bu zavodlar cəbhənin tələbatını ödəyə bilmirdi. Başqa orduların ixtiyarında olan çox şeyi Rusiya sənayesi ümumiyyətlə istehsal etmirdi.
Çətin vəziyyətdən çıxmaq istəyən çar hökuməti əvvəlcə böyük hərbi sifarişlərin müttəfiq dövlətlərdə təşkili yolunu seçdi. Amma onların yerinə yetirilməsinin çox çəkməsi, Baltik və Qara dənizdə gedən hərbi əməliyyatlar üzündən çatdırılmanın çətinliyi hökuməti hərbi ehtiyacın ödənilməsinə özəl zavodları cəlb etməyə məcbur etdi. Görülən tədbirlər nəticəsində ordunun təchizatı xeyli yaxşılaşdı.
Hərbiyə aidiyyatı olmayan bir çox müəssisələr də hərbi sifarişlər almağa başladılar. Nəticədə dinc məhsulun istehsalı azaldı, ya da tam dayandı. Özəl müəssisələrin militarizasiyası xalq təsərrüfatının və əhalinin zəruri ehtiyaclarını ödəyən sənaye sahələrində pozuntu yaratdı ki, bu da istehsalın anarxiyasına və təsərrüfat dağınıqlığına səbəb oldu.
Nəqliyyat fəlakətli vəziyyətdə idi. Hərbi sifarişlər yerinə yetirən iri parovoz və vaqonqayırma zavodları öz profilləri üzrə məhsulun buraxılışını kəskin azaltdılar. Müharibədə dağılan köhnə parovozlar və vaqonlar mühüm yüklərin daşınmasının öhdəsindən gələ bilmirdilər. Mərkəzi şəhərlərin əhalisi aclıq çəkirdi, halbuki Volqada, Xəzərdə, Donda nəqliyyat olmaması üzündən nəhəng ət, balıq, çörək ehtiyatları xarab olurdu. 1916-cı ildə daşınmayan yüklərin ümumi həcmi 127 min vaqon oldu. Mövcud şərtlər çərçivəsində nəqliyyatı bürüyən dərin böhranın öhdəsindən gəlmək mümkün deyildi (monarxiyaya son qoyan Fevral inqilabı paytaxt Petroqradda çörək çatışmazlığı üzündən başladı, halbuki ölkədə kifayət qədər çörək ehtiyatı vardı, amma daşımağa nəqliyyat yox idi – Pressklub.az).
Kənd təsərrüfatı da çətin vəziyyətə düşdü. Savaş illərində kəndin kişi əhalisinin 48 faizi orduya səfərbər edildi. İşçi qüvvəsinin çatışmaması əkin sahələrinin azalmasına, muzdlu əməyin bahalaşmasına və son nəticədə kənd təsərrüfatı məhsulları qiymətinin artmasına səbəb oldu. Heyvandarlığa da böyük zərər dəydi. Mal-qara sayı kəskin azaldı.
Bütün bunların fəsadları qaçılmaz idi. Ölkədə nəqliyyat və başqa çatışmazlıqlarla bağlı olaraq ərzaq problemi son dərəcə kəskinləşdi. Bu, ordunu da, mülki əhalini də əhatə edirdi. Maliyyə pozuntusu vəziyyəti daha da ağırlaşdırdı. 1917-ci ildə rublun əmtəə dəyəri müharibədən əvvəlkinin 50 faizini təşkil edirdi, kağız pulların buraxılması isə 6 dəfə artmışdı.
Müharibənin iki ili Rusiyanı milli böhran qarşısında qoydu. Döyüşən dövlətlər arasında ən böyük qurbanlar, iqtisadi çöküş, zəhmətkeşlərin geniş təbəqələrinin yoxsullaşması, geniş kəndli kütlələrinin sürətlə iflası, aclıq. Savaş Rusiyanın iqtisadi vəziyyəti haqqında düşüncələrə növbəti təkan verdi. Dövlətin bütün zəif siyasi cəhətlərini göstərdi. Və sonunda - müharibənin məşəqqətləri xalqı siyasi həyatı köklü surətdə dəyişməyə sövq etdi, burjua-demokratik inqilabı baş verdi.
Birinci dünya müharibəsində iştirak edən dövlətlər 10 milyondan çox hərbçi, 12 milyona yaxın dinc sakin itirdilər, 55 milyona yaxın insan yaralandı.
Savaşın nəticəsi Rusiyada Fevral və Oktyabr inqilabları, Almaniyada Noyabr inqilabı, dörd imperiyanın - Almaniya, Rusiya, Avstriya-Macarıstan və Osmanlı - ləğvi oldu, özü də onlardan son ikisi parçalandı.
Almaniya Paris sülh konfransında qalib dövlətlər tərəfindən hazırlanmış və Birinci dünya müharibəsinə rəsmən son qoyan Versal müqaviləsini imzalamalı oldu (1919-cu il iyunun 28-də).
Almaniyanın monarxiyası süqut etdi, ərazisi qayçılandı, iqtisadi baxımdan zəiflədildi. Versal sülhünün Almaniya üçün ağır şərtləri (təzminat ödənilməsi və s.), yaşadığı milli həqarət revanşist əhvalın ortaya çıxmasına səbəb oldu. Bunun da nəticəsində nasistlər hakimiyyətə gəldilər və İkinci dünya müharibəsinə başladılar.
Hazırladı: Yadigar Sadıqlı