Logo
news content
User
Kateqoriyalar

Xəbər

Araşdırma

“Paşinyan bunu xalqına izah edə bilmirsə...” – Qarabağda SON DURUMUN TƏHLİLİ

Sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan və Ermənistanın Kəlbəcər və Laçın istiqamətində, hələ dədiqləşdirlməmiş dövlət sərhədlərində baş vermiş hərbi qarşıdurma 44 günlük müharibədən sonra ən ağır itkilərlə başa çatıb. Ermənistanın Baş naziri Nikol Paşinyan hələlik öldürülən erməni hərbçilərinin sayının 49 olduğunu, amma bu rəqəmin dəyişə biləcəyini deyib. Azərbaycan tərəfi isə 200-ə yaxın erməni hərbçisinin öldürüldüyünü, çoxlu sayda ağır texnika, o cümlədən HHM sistemlərinin sıradan çıxarıldığını açıqlayıb. Onların bəzilərinin foto və video görüntüləri teleqram kanallarına yerləşdirilib.

İtkilərə gəlincə, Azərbaycan Müdafiə Nazirliyi hələlik rəsmi məlumat yaymayıb, amma sosial şəbəkələrdə 8 hərbçimizin şəhid olduğuna dair fotolar və məlumatlar paylaşılır. 

Azərbaycan Xarici İşlər Nazirliyi gecə bəyanatla çıxış edərək, Ermənistanın dövlət sərhədimizin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətdiyini açıqlayıb.

Rəsmi məlumata görə, bu gün səhər saat 9:00-dan etibarən atəşkəs rejimi qüvvəyə minib.   

Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, atəşkəs Moskvanın səyləri sayəsində əldə edilib: "O cümlədən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında söhbətdən, İrəvanın KTMT-yə müraciətindən və Rusiya Xarici İşlər Nazirliyinin gərgin əməyindən sonra toqquşmalar dayanıb”. 

ABŞ Dövlət Katibi Entoni Blinken, onun köməkçisi Karen Donfrid, Avropa İttifaqı rəsmiləri də toqquşmaları dərhal dayandırmağa çağırıb. Bundan əvvəl Ermənistanın Baş naziri Paşinyan Fransa, ABŞ və Rusiya rəsmiləri ilə telefonla danışmışdı. 

Politoloq Fərhad Məmmədov Pressklub.az-a baş verən hərbi toqquşmanın səbəbləri və mümkün nəticələri haqda danışıb. O, qeyd edir ki, Ermənistanın şərti sərhəddə törətdiyi təxribatın motivini anlamaq üçün istinad edilməli olan çoxlu sayda hadisə və proseslər baş verib: 

“- Avqustun 31-də Brüssel görüşünün nəticələrinə əsasən, ayın sonuna kimi sülh müqaviləsinin mətnini hazırlamaq üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilməlidir;

- Brüssel görüşündən sonra Rusiya fəallaşdı - Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı, Vladivostokda Putinlə Paşinyan arasında təkbətək görüş keçirildi;

- Azərbaycan və Ermənistan liderləri sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək ŞƏT sammitində iştirak etməli idilər;

- ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş danışmanı Filip Riker regiona gəlib. O, dünən Tiflisdə idi və Bakıya uçmalıdır...

Yəni, Ermənistan elə bir vəziyyətə düşüb ki, qərar qəbul etməlidir. Bu qərarın Rusiyanın, yoxsa Brüsselin vasitəçiliyi ilə olmasının fərqi yoxdur. Sülh gündəmi yaradacaq qərar verilməli idi".

Ekspert hesab edir ki, İrəvanda prosesi ləngitmək üçün sərhəddə təxribat törətmək variantı seçilib: "Bu məntiqə görə, Rusiyanı KTMT ilə prosesə sürükləmək də mümkündür. Bütün bu hərəkətlər isə Rikerin Bakıya səfəri günlərində baş verir. Azərbaycan ən sərt cavabı verdi, çünki danışıqlara ayrılan vaxt daralır. Ermənilərin gündəmlə bağlı belə saxta oyunları ATƏT-in Minsk Qrupunu “narahat etmək” və “status” mövzusunu “oyatmağa” hesablanıb. Nəzərə alaq ki, Ermənistan Qarabağda silahlı birləşmələrini saxlamaqda hələ də davam edir".

Bundan sonra nə olacaq?

F.Məmmədov deyir ki, bu, Ermənistan rəhbərliyindən asılıdır: "Ermənistanın Baş naziri razılaşmaları pozmaq üçün destruktiv addımlar atmaqda davam edərsə, o zaman Azərbaycanın cavabı özünü çox gözlətməyəcək. O da mümkündür ki, Ermənistan rəhbərliyi öz cəmiyyətinə dinc gündəliyin zəruriliyini başqa cür izah edə bilmədiyi üçün yenidən eskalasiya yolu ilə qərar qəbul etməyə getsin. Bir şey aydındır ki, Azərbaycanın mövqeyi aydın və ardıcıldır, resurslarla dəstəklənir. Ermənistanın mövqeyi yayğın və ziddiyyətlidir. Belə bir şəraitdə Ermənistana ümid verən qüvvələr İrəvan rəhbərliyini inandırmalıdırlar ki, öhdəliklərini yerinə yetirməlidirlər, əks halda, yeni şərtlər daha ağır olacaq. Biz Ermənistan silahlı birləşmələrinin Qarabağdan tamamilə çıxarılmasını gözləyirik".

Ekspertə görə, əgər Ermənistanın himayədarları erməni illüziyalarının közərməsinə imkan verməkdə davam edərlərsə, bu, ilk növbədə Ermənistanın özünə mənfi təsir göstərəcək. "Ortaya çıxacaq nəticələrinə görə məsuliyyəti bu qüvvələr daşıyacaq", -deyə F.Məmmədov vurğulayıb.

Turqut