Logo
news content
User
Kateqoriyalar

Araşdırma

İkinci cəbhə dəhşəti: “Bu qədər cəsədi görmək ağır idi...”
Dünyanın taleyini dəyişən hadisənin canlı şahidləri danışır

Dünən – mayın 6-da müttəfiqlərin işğal altındakı Normandiyaya çıxmalarının və nasist Almaniyası ilə mübarizənin ikinci cəbhəsinin açılmasının 80-ci ildönümü idi.  

Xatirə tədbirlərində iştirak etmək üçün ABŞ prezidenti Co Bayden Fransaya gəlib. O, yaxın günlərdə bir neçə Avropa liderləri, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. 

Britaniyadakı xatirə tədbirlərini Portsmutda keçirdilər. 1944-cü ilin iyununda təxminən 160 min hərbçinin La Manş vasitəsilə daşınması buradan başlayıb. 


“[Bu insanların] mətanətinə, igidliyinə və qəhrəmanlığına kimsə laqeyd qala bilməz. Bu, bizim üçün ilham mənbəyidir, o böyük hərb nəslinə nə qədər borclu olduğumuzun xatırlatmasıdır”, - kral III Çarlz toplananlar qarşısında deyib. 

Monarx ikinci cəbhənin açılmasında təkcə britaniyalıların deyil, daha otuza qədər ölkələrin hərbi qulluqçularının iştirak etdiyini yada salıb. 

Nasistlər üzərində qələbədə sovet qoşunlarının əsas rol oynamasına baxmayaraq, Ukraynaya təcavüz səbəbindən Rusiya nümayəndələri təntənələrə dəvət olunmayıb. 


80 il öncə La Manşı üzənlər arasında gənc Donald Hokins də vardı. O, İkinci dünya müharibəsinin başlanğıcını arxa cəbhədə keçirib, Bukingemdə qəssab köməkçisi işləyib. 1944-cü ilin mayında könüllülər dəstəsinə yazılıb və “hər necə isə kömək etmək üçün” ön cəbhəyə yollanıb. 

Hokins Middlseks alayının tuşlayıcısı olub. Əməliyyatın başlamasına az qalmış desanta hazırlaşmaq əmri alıb: o, silahların və nəqliyyat vasitələrinin su keçirməməsini təmin etməli idi. 

“Getdik Fransaya”

Həmin vaxt Eddi Braun Kral rabitə korpusunun dispetçeri kimi xidmət edirdi. 

“Gecə saat ikiyə yaxın bizə oyadaraq, yola düşməyə hazırlaşmağı əmr etdilər, hərçənd, hara aparılacağımızı heç kim bilmirdi”, - o, belə xatırlayır. 

Serjant bir frank dəyərində əskinas verəndə onu Fransaya səyahətin gözlədiyini anladı. 

O vaxta qədər nasistlər artıq bir neçə il idi ki, Avropa sahillərinin əksər hissəsində müdafiə olunmağa hazırlaşırdılar. 

“Mən çox qorxmuşdum, - Qordon Praym etiraf edir. - Amma öz qorxunu nümayiş etdirmək olmazdı, yoldaşların arasında vahimə yayardın. Hərçənd, heç qorxmadığını təsvir etmək də tam səfehlik olardı”

Desant təyin olunan gün Qordon və yoldaşları kod adı “Yunona” olan desant gəmisində Normandiyaya tərəf üzdülər. 

O, çatandan sonra sahilə motosikletdə şütüyəcəyini təsəvvür edirdi, amma desant birliyi komandirinin başqa planları vardı. O, Qordona yük yerində 750 kq dinamit və az qala min ton benzin olan yük maşınının sükanı arxasına oturmağı əmr etdi. 

“Müharibə mənim qulaqlarımda idi”

Əməliyyatın 80 illiyinə qədər yaşayan ən yaşlı iştirakçı 104 yaşlı Persival Çeyferdir. 

“Siz təsəvvür edə bilərsinizmi, necə səs-küy idi, - o xatırlayır. - Dəhşətli səslər idi. Əslində bu səslərin mənbəyi qaçan əsgərlər kütləsi idi. Kimisi silahı çiyninə aşırıb qaçırdı, kimisi yoldaşlarını tapmağa çalışırdı”. 

“Zaman-zaman yanında kiminsə yıxıldığını görürsən, yaralıdır, ya ölü, bilinmir. Amma özünü məcbur edirsən ki, buna fikir verməyəsən və qaçmaqda davam edəsən. Müharibə belə şeydir”. 

Meri Skott Kral hərbi-hava qüvvələrinin Portsmutdakı qadın köməkçi xidmətində rabitəçi idi. Portativ radiostansiya vasitəsilə əməliyyatın gedişi haqda son məlumatları Fransaya ötürür, ayrı-ayrı dəstələrin koordinasiyası üçün komandanlığın əmrlərini çatdırırdı. 


“Atışma səsləri gəlir, pulemyotlar şaqqıldayır, toplar gurlayır və çığırtılar, insan çığırtıları, sən də bütün bunları eşidirsən. Sonradan sənə çatır ki, bu, doğrudan müharibədir. Mən həqiqətən də öz qulaqlarımla müharibənin səsini eşidirəm”. 

Həmin vaxt heç 20 yaşı olmayan Corc Horner müharibəni Olster kral atıcıları taqımının üzvü kimi öz gözlərilə görüb.

“Bir neçə desant gəmiləri batırılmışdı, - Horner xatirələrini bölüşür. - Atəş dayanmırdı. Sahilə çatmaq üçün 100-150 metri, demək olar, üzərək keçdik”.  

“Yadımdadır, o zaman özümə dedim: Horner, sən buraya iki ayağın və iki qolunla gəlmisən; məhz belə komplektasiyada da buradan getməlisən”. 

“İnsanlar sadəcə suya yıxılırdılar”

Nasistlər ikinci cəbhənin açılışını şiddətli müdafiə ilə qarşıladılar. Təkcə desantçıxarma günü müttəfiq qoşunlar Normandiyada təxminən 4,5 min döyüşçü itirdilər. Daha 5 mini yaralandı. 

“Sahilboyu bu qədər əsgər cəsədi görmək ağır idi, - hərbi aviasiyada şifrləyici olan Bernard Morqan xatırlayır. - O vaxta qədər ölü adam görməmişdim... Burada isə sadəcə suya yıxılırdılar. Dərin yer idi, ləvazimatlar da ağır, dibə çəkirdi. Bir çoxu sadəcə sudan çıxa bilmədi”. 


Morqan həmin gün gördüyü dəhşətləri danışanda rəvayətinə xeyli qara yumor qatmağa üstünlük verir. Zatən Normandiya əməliyyatının xeyli iştirakçısı belə edir. 

Amma hər bir hekayə özünün səmimiliyi və insaniliyi ilə rəğbət oyadır. Onlardan hünər, müdriklik və eyni zamanda müəyyən praqmatizm qoxusu gəlir. 

“Mənim artıq 103 yaşım oldu, - Donald Hokins dərindən nəfəs alaraq başını aşağı əyir. - İndiyə qədər tez-tez özümdən soruşuram: xeyli dostum və yoldaşım gəncliklərinin çiçəkləndiyi zaman öldükləri halda mənə niyə bu qədər uzun ömür qismət olub?”. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.bbc.com/russian/articles/c1008q4d0e7o