Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

“Ararat”dan “Qarabağ”a kimi: Top oynayaq, yoxsa mif uyduraq?
Azərbaycan və Ermənistan Premyer Liqasının futbol komandalarının adları haqqında

“Oyun, sadəcə zövq almaq üçün yüngül əyləncə deyil. Burada hər bir insanın “şəxsi mən”i risk altındadır” – müasirimiz, amerikalı psixoloq Robert Çaldini belə hesab edir.

O, “Təsir psixologiyası” kitabında müharibədən qayıtdıqdan sonra danışmaqdan imtina edən veteran hərbçi haqqında yazır. Həkimlər onun beyin funksiyalarının qaydasında olduğunu təsdiqləsələr də, hərbçi uzun illər boyu bircə kəlmə də kəsməyib. Aradan 30 il keçib. Bir gün o, sevdiyi komandanın iştirak etdiyi futbol matçını izləyərkən, hakimin bu komandaya qarşı ədalətsiz qərar verdiyini görüb və qəzəbdən ayağa qalxaraq qışqırıb: “Ey axmaq eşşək! Yoxsa bu oyunu onlara satmaq istəyirsən?” O, bu sözlərdən sonra yenidən susub – bu dəfə əbədi olaraq.

Çaldini bu fenomenal hadisə barədə nəticə çıxararaq, 30 illik “susqun çürümə”ni, həmin veteranın daxilində ölməyən qələbə arzusunun sübutu kimi dəyərləndirir. O, qeyd edir ki, milyonlarla insan sevimli futbol komandaları ilə o qədər güclü bir assosiasiya yaradır ki, bu, onların uzun illər dəyişməz qalan həyat tərzini belə dəyişə bilər.

Miflərdən danışırıqsa, qeyd etməliyik ki, məişət düşüncəsində miflərin ən çox əks olunduğu sahələrdən biri də məhz idman sahəsidir. Xüsusilə də, radikal millətçi çağırışların siyasi və hüquqi baxımdan qadağan olunduğu vəziyyətlərdə idman, xüsusən futbol, bu duyğuların cəmiyyətə sirayət etməsi üçün ideal meydan olaraq qalır. Avropada neofaşizmin müasir anlamda dirçəlişinin əsas ocaqlarından birinin məhz bəzi futbol klubları olması təsadüfi deyil. Maraqlıdır ki, bəzi radikal islamçı hərəkatlar da məscidlərə yaxın ərazilərdə idman obyektləri – fitnes mərkəzləri, trenajor zalları açaraq gəncləri öz sıralarına cəlb etməyə çalışırlar.

Bu kontekstdə Ermənistan və Azərbaycan Premyer Liqasının komandalarının adlarının mifoloji yüklülük dərəcəsi baxımından müqayisəsi olduqca maraqlı görünür.

2024–2025 mövsümündə Ermənistan və Azərbaycanın futbol klublarının adları

Ermənistan

Azərbaycan

Ararat – qonşu dövlətin ərazisindəki Ağrıdağla bağlı mifoloji adNeftçi – peşə adı
Ararat-Ermənistan – eyni mifin davamıQarabağ – coğrafi bölgə
Alaşkert – qonşu dövlətin ərazisindəki şəhərZirə – paytaxt yaxınlığındakı qəsəbə

Qərbi Ermənistan – başqa dövlətin ərazisi

Sumqayıt – paytaxt yaxınlığında şəhər
Noa – dini-mifoloji şəxsSəbail – regional rayon
Urartu – qonşu ölkələrin ərazisində yerləşmiş qədim krallıqSəbail – paytaxtda rayon
CSKA – ordu klubu 
Van – başqa dövlətin ərazisiTuran – türklərin mifoloji birliyi
Şirak – regional mərkəzSabah – tərcümədə “sabah” deməkdir
Pyunik – mifoloji Zümrüd quşuAraz – çay adı
Qandzasar – başqa dövlətin ərazisiŞamaxı – regional şəhər

 

Göründüyü kimi, Azərbaycan Premyer Liqasının 10 komandasından yalnız biri ideoloji və ya mifoloji ad daşıyır, qalanları isə real coğrafi, tarixi və sosial mənbələrə əsaslanır. Ermənistan liqasında isə 11 komandadan doqquzunun adı ya mifoloji motivlidir, ya da qonşu dövlətlərin ərazilərinə istinad edir. Bu fakt Ermənistanda idmanda mifoloji yüklülüyün Azərbaycanla müqayisədə çox yüksək olduğunu göstərir.

Belə ehtimal etmək olar ki, bu, sadə təsadüf deyil. Buna SSRİ-nin keçmişdə apardığı anti-türk siyasət, o cümlədən Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarını dolayısı ilə dəstəkləyən siyasəti də zəmin yaradıb.

Axı hər bir komandanın öz tarixi var. Gəlin, bəzi komandaların yaranma və ya ad dəyişmə tarixlərinə baxaq:

Ararat (İrəvan) – 1935

Ararat-Ermənistan – 2017

Alaşkert – 1990

Qərbi Ermənistan – 2019

Noa – 2017

Urartu – 1992

Van – 1990

Pyunik – 1992

Qandzasar – 2004

Bu siyahıdan görünür ki, yalnız Ararat-İrəvan komandası sovet dövründə yaranıb. Qalan bütün klublar ya Qarabağ müharibəsindən sonra, ya da millətçi ideologiyanın gücləndiyi dövrdə yaradılıb. Bu da təbiidir – çünki “qalibiyyət mifologiyası” öz əksini ilk olaraq idmanda tapır. Hər nə qədər “əsas iştirakdır” deyilsə də, qələbə müasir dövrdə tez-tez siyasi simvol halına gəlir. Məsələn, futbol üzrə Fransa yığmasının dünya çempionu olması 1998-ci il prezident seçkilərində Jak Şirakın qələbəsində az rol oynamayıb.

Əlbəttə, tarixdə bəzən idmanda əks olunmuş müəyyən ideoloji klişelər zamanla öz təsir gücünü itirir. Məsələn, çox çətin ki, müasir rus cəmiyyətində “Spartak” futbol klubunun adını bolşevizm-kommunizm ideologiyası prizmasından nəzərdən keçirərək, onu proletariatın varlılara qarşı mübarizəsinin qəhrəmanı kimi assosiasiya edənlər var. Xüsusilə nəzərə alaq ki, hazırda bu klub məhz bolşeviklərin nifrət etdiyi sinfin – oliqarxların nümayəndəsi Vahid Ələkbərovun şirkətinə məxsusdur.

Lakin Ermənistan cəmiyyətində “tarixi ərazilər” ideologiyası hələ də insanların düşüncəsini qarışdırmaqda davam edir və nəticədə bu miflərin idmanda, eləcə də həyatın digər sahələrində əks olunması mehriban qonşuluq şəraitində birgəyaşayış mədəniyyətinin formalaşmasına mane olur.

Azərbaycana gəlincə, Ermənistan cəmiyyətinin XX əsrin 90-cı illərində və XXI əsrin əvvəlində bacarmadığı qələbə sınağı indi – məhz bu illərdə bizim cəmiyyət üçün başlayır. Azərbaycan bu sınaqdan ləyaqətlə çıxacaq, yoxsa millətçi xurafatın miflərində itib-batacaq – bunu zaman göstərəcək.

Ancaq məncə, biz sadəcə gözləməməliyik. Belə miflərin digər ölkələrin idmanında əks olunmasının hansı fəsadlara səbəb olduğunu göstərən mənfi təcrübəni aidiyyəti dövlət və ictimai qurumların diqqətinə çatdırmalıyıq.

Anar Eyyubov,
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi