Logo
news content
User
Kateqoriyalar

Analitika

Kremldə beşinci dövr: təhlükəli saray oyunları
Putinin əsas məqsədi Ukraynadır...

Bu gün Rusiya Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov Moskvada saxlanılıb. Bu barədə rəsmi TASS agentliyinə hüquq-mühafizə orqanları məlumat verib. Qeyd olunur ki, onun evində və iş otağında axtarış aparılıb. 

Yerli teleqram kanallarının yazdığına görə, mayın 13-də Moskvanın 235-ci Qarnizon Hərbi Məhkəməsinin iclasında general barədə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verilib. “Kommersant” qəzeti bildirir ki, məhkəmə Kuznetsovu rüşvət aldığına görə istintaq təcridxanasına göndərib.

Kuznetsov 2023-cü ilin mayında Rusiya Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, 2010-2023-cü illərdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışıb. Müdafiə Nazirliyinin tərkibindəki bu qurum dövlət sirrinin mühafizəsi, xüsusi rabitə, şifrələmə və hərbi senzura xidmətlərinə nəzarət edib. Teleqram kanallar iddia edirlər ki, generalın həbsi məhz onun fəaliyyətinin bu dövrü ilə bağlıdır. 

Bu, ötən üç həftədə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyində həyata keçirilmiş ikinci həbsdir. Aprelin 23-də Rusiya İstintaq Komitəsi nazir müavini, general Timur İvanovu rüşvət almaqda şübhəli bilərək həbs edib, məhkəmə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. O, nazirliyin bütün tikinti işlərinə, alqı-satqıya nəzarət edirdi.

Onunla birlikdə iş üzrə təqsirləndirilən digər şəxs - iş adamı Sergey Borodin iki ay müddətinə həbs edilib. Aprelin 25-də üçüncü təqsirləndirilən şəxs - “Olimpsitistroy” şirkətinin təsisçisi Aleksandr Fominin həbsi barədə məlumat yayılıb. O, rüşvət verməkdə ittiham olunur.

Müdafiə Nazirliyində baş verən hadisələr Prezident Vladimir Putinin beşinci inauqurasiyası ərəfəsinə təsadüf edib. Bu da 2 ildən artıqdır Ukraynaya qarşı aparılan işğalçı müharibədə ciddi uğursuzluğa görə sərt tənqid olunan nazir Sergey Şoyqunun postundan kənarlaşdırılacağına işarə idi. Doğrudur, Putinin andiçməsində, 9 may paradında Şoyqu onun yanında əyləşmişdi, bu da onun növbəti mərhələdə vəzifəsini qoruyacağına ümid yaratmışdı. Amma gözlənildiyi kimi olmadı, Prezident onu vəzifədən kənarlaşdırıb, Rusiya hakimiyyətinin “boz kardinalı” hesab olunan Nikolay Patruşevin yerinə (Təhlükəsizlik Şurasının katibi) təyin etdi.

Müdafiə naziri postuna isə hərbi sistemdən kənar, ümumiyyətlə, hərbi xidmətdə olmamış 65 yaşlı Andrey Belousovu gətirdi. 

Belousov 2020-ci ildən Rusiya Baş nazirinin birinci müavini vəzifəsini icra edirdi. Onu hökumətdə iqtisadi blokun kuratoru da adlandırırlar. Biznes mediası onun iqtisadiyyatla məşğul olan qurumlar və Mərkəzi Bankla münaqişələri barədə tez-tez məlumat yayırdı. Belousovun hökumətin iqtisadiyyata daha çox cəlb olunmasının tərəfdarı olduğu bildirilir. Yəni, iqtisadiyyatda dövlətin payının artmasına tərəfdardır. Rusiya iqtisadiyyatında son illərin statistikasında bu tendensiya özünü göstərir, ötən il ölkə iqtisadiyyatında dövlətin payı 60 faizi keçib.  

Kremlin mətbuat katibi Dmitri Peskov Belausovun müdafiə naziri postuna təyin olunmasını şərh edərkən deyib ki, döyüş meydanında yeniliklərə daha açıq olan qalib gəlir. O qeyd edib ki, nazirin vəzifəsi təhlükəsizlik blokunun iqtisadiyyatını ölkə iqtisadiyyatına inteqrasiya etmək olacaq. Peskovun sözlərinə görə, Müdafiə Nazirliyində hərbi komponentlə Baş Qərargah məşğul olur, onun rəhbəri Valeri Gerasimov isə vəzifəsində qalır. Yəni, yeni nazir iqtisadiyyatın daha çox hərbiləşdirilməsinə çalışacaq. 

Ekspertlər hesab edirlər ki, Putin Ukrayna və NATO ilə uzun sürən müharibəyə hazırlaşmaq üçün iqtisadçı Belousovu müdafiə naziri postuna təyin edib. 

Hərbi ekspert Ruslan Leviyev deyir ki, Belousovun müdafiə naziri təyin olunması onun üçün sürpriz olub: “Çünki müharibə cəbhəsindən gələn xəbərlər nazir Sergey Şoyqu üçün müsbət görünürdü. Onun indiyə qədər vəzifədən niyə uzaqlaşdırılmamasının səbəbi Putinin yalnız yüz faiz etibar etdiyi adamları yaxın çevrəsində saxlamasıdır. Bu, onun başına nəcislə vurulmayacağına zəmanətdir. Dmitri Peskov açıq deyib ki, Müdafiə Nazirliyinin xərcləri ötən əsrin 80-ci illərinin səviyyəsinə - ÜDM-in təxminən 6-7%-nə yaxınlaşır. Bu, hələ kritik deyil, lakin bütün hərbi büdcə ölkənin hazırkı iqtisadiyyatına daxil edilməlidir. Görünür, hakimiyyət düşünməyə başlayıb ki, müharibənin məsrəfləri çox bahadır, Şoyqu müharibəni daha qənaətcil edə bilmir, ona görə də gəlin bu vəzifəyə iqtisadi cəhətdən daha qabaqcıl bir şəxsi qoyaq, bəlkə o nəyisə bacarar”.

Politoloq Boris Pastuxov isə deyir ki, Timur İvanovun həbsindən sonra nazir Sergey Şoyqunun istefaya göndəriləcəyi gözlənilən deyildi: “Məntiq kifayət qədər sadədir: Putin belə qərarlar verirsə, deməli, onun beynində hansısa plan var. Putinin xarakterinə görə Şoyqunu vəzifədən uzaqlaşdırmaq üçün İvanovu həbs etməyin mənası yoxdur. Şoyqu bir neçə yolla vəzifədən uzaqlaşdırıla bilərdi, buna çoxlu səbəb tapmaq olar, xüsusən seçkilərdən sonra hakimiyyət dəyişikliyi avtomatik baş verir. Korrupsiyaya qarşı mübarizə baxımından təkcə İvanovu yox, hamını həbs etmək lazımdır”.

Ekspert hesab edir ki, Andrey Belousovun təyinatı Ukraynaya qarşı uzun sürəcək müharibənin siqnalıdır: “Belousovu bu vəzifəyə ona görə təyin edirlər ki, Müdafiə Nazirliyində baş verənləri izləsin və qeyd etsin, oğurluğun daha mülayim şəkildə aparılmasını təmin etsin. Düşünmürəm ki, onlar heç oğurlamamalıdırlar - bu, indiki Rusiya dövlət sistemindəki insan amilinə yaddır. Belousov əvvəllər Rusiya iqtisadiyyatını uzun müddət sanksiyalar altında yaşamağa və bu müharibəni uzun müddət aparmağa hazır vəziyyətə gətirməkdə məsuliyyət daşıyırdısa, bundan sonra onun əsas vəzifəsi müharibəni Rusiya iqtisadiyyatına inteqrasiya etməkdir. Şərti olaraq, Putin əvvəllər Qərbin sanksiyalardan sağ çıxmaq üçün kifayət qədər pula və neftə malik olduğuna inanırdısa, indi o, əmin olmalıdır ki, əlindəki ehtiyatlar uzunmüddətli müharibədə ordunun maddi-texniki təminatı - tabutdan tutmuş tankların alınmasına qədər - kifayət edəcək və Rusiya fövqəladə rejimdən çıxa biləcək”

Beləliklə, hərbidə olmamış, iqtisadiyyata nəzarət etmiş şəxsin indiki ağır dövrdə (Ukraynaya qarşı müharibədə ağır itkilər, Qərbin sanksiyaları) Rusiyanın müdafiə naziri təyin olunmasının səbəbi aydınlaşır. O da məlum olur ki, Putinin çox yaxın dostu Sergey Şoyqu da uzağa getmir, onun siyasi çəkisi azalsa da prezidentin  ətrafında mühüm dövlət postuna qalır. 

“Boz kardinal” Nikolay Patruşev isə gözlənilmədən “vuruldu”. Putin Təhülkəsizlik Şurasının keçmiş katibini özünə köməkçi təyin edib. Bu iliyinə qədər sirli, olduqca təhlükəli fiqur da gözdən uzağa getmir. Kreml sahibinin “qanunlarına” görə, yaxın gələcəkdə Patruşev və Şoyqunun sistemdəki klanları yavaş-yavaş sıradan çıxarılacaq. 

Turqut