Logo
news content
User
Kateqoriyalar

Analitika

Beynəlxalq Ədalət Məhkəməsi: Hər şeyi gələcək göstərəcək
Azərbaycan və Ermənistan bir-birini irqçilikdə ittiham etməyə çalışırlar

Beynəlxalq Ədalət Məhkəməsi bir-birini İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanı pozmaqda ittiham edən Azərbaycan və Ermənistanın qarşılıqlı iddialarına baxmağa qərar verib. Bu barədə BBC məlumat yayıb.

Çərşənbə axşamı keçirilən dinləmə zamanı məhkəmə həm Ermənistan, həm də Azərbaycan hakimiyyətlərinin vəsatətlərini təmin etməkdən imtina edib. Qeyd edək ki, hər iki tərəf qaşı tərəfin iddiasının məhkəmənin yurisdiksiyasına aid olmadığında təkid edib.

Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın bütün etirazlarını rədd etsə də, Ermənistanın bəzi etirazlarını təmin edib.

Bu o deməkdir ki, Azərbaycan iddiası daha az məsələni əhatə edəcək. Yəni, məhkəmə Birinci Qarabağ müharibəsi zamanı baş verən hadisələrə, eləcə də Ermənistana qarşı irəli sürülən təbiətə zərər vurmaq ittihamlarına baxmayacaq.

Ermənistan 2021-ci il sentyabrın 16-da irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozmaq ittiham ilə Azərbaycana qarşı iddia qaldırıb.

İki il sonra Azərbaycan da məhz eyni məzmunda əks iddia irəli sürüb.

Ermənistan məğlub olduğu 2020-ci il müharibəsindən bir il sonra Azərbaycanı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edərək Haaqa Beynəlxalq Məhkəməsinə müraciət edib. Söhbət, guya ki, Qarabağda ermənilərin hüquqlarının pozulmasından gedir.

Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda anti-terror əməliyyatı keçirib. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hakimiyyəti öz ləğvini elan edib. Bir neçə gün ərzində isə “DQR”in yüz mindən çox əhalisi Azərbaycandan qaçıb. 

Ermənilər və bəzi beynəlxalq müşahidəçilər Azərbaycanı “ermənifobiyada” ittiham edirdilər. Guya ki, azərbaycanlılar xoşlarına gəlməyənə “erməni” deyirlər.

Məsələn, baş prokurorun müavinlərindən biri jurnalistləri “erməni mahiyyətli adamlar” adlandırmışdı.

2023-cü ildə Azərbaycan irqi ayrı-seçkiliklə bağlı əks iddia qaldırdı.

Rəsmi Bakı bildirir ki, Ermənistan hakimiyyəti “azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə ayrı-seçkilik törədib və etməkdə davam edir”. İddiada mədəniyyət obyektlərinin dağıdılması da qeyd olunub.

Həqiqətən də, 1992-ci ildə başlayan müharibədən sonra Ermənistanda yaşayan azərbaycanlıların hamısı oradan qovulub və geri qayıda bilmirlər. Onlar öz təhlükəsizliklərindən narahatdırlar. 

Eyni sözləri birinci Qarabağ müharibəsi zamanı Azərbaycandan qaçan ermənilər haqqında da demək olar.

Bəs, İrəvan və Bakının qarşılıqlı iddiaları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində hansı qərarlar çıxarıla bilər? Yəni, tərəflərin istək və iddialarının təmin olunacağını gözləmək olarmı? Və bu qərarların praktikida həyata keçirilməsi mümkün olacaqmı?

Siyasi şərhçi, hüquqşünas, ictimai xadim Fuad Ağayev bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

İki dövlət Beynəlxalq Ədalət Məhkəməsində bir-birinə qarşı iddia qaldırıb. Bu, dünyanın ən nüfuzlu beynəlxalq məhkəmə orqanıdır. Hələ sovet dövründə “Haaqa məhkəməsi” deyəndə, məhz Beynəlxalq Ədalət Məhkəməsini nəzərdə tuturdular. Azərbaycan və Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın iştirakçısı olması faktı, müvafiq ilkin şərtlər olduqda Beynəlxalq Məhkəməyə müraciət etməyə əsas verir. Hər iki dövlət də bundan istifadə edib”, - vəkil qeyd edib.

Onun sözlərinə görə, hazırda Haaqada elan edilən qərarlar işin mahiyyəti üzrə deyil, mahiyyəti üzrə baxılma predmetini müəyyən etmə xarakteri daşıyır. “Orada hər iki dövləti vəkil qrupları təmsil edir. Onların arasında kifayət qədər təcrübəli və bilikli beynəlxalq hüquqşünaslar da var.

Bu iddiaların təmin edilməsinə gəldikdə isə məhkəmə beynəlxalq konvensiya çərçivəsində bu və ya digər pozuntuları və ya müxtəlif növ pozuntuları müəyyən edə, bu və ya digər dövlətin üzərinə müəyyən öhdəliklər qoya bilər. Amma bunların hamısı fərziyyədir, bunu gələcək göstərəcək.

Təəssüflə qeyd etmək istərdim ki, son illər bəzi dövlətlər, xüsusilə də İsrail bu məhkəmənin nüfuzunu (xüsusilə 7 oktyabr 2023-cü il tarixindən sonra) sarsıdır. Bu il Fələstindəki vəziyyət və İsrailin bu ərazidəki hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyi açıqlanıb. Bu rəyin dövlət üzərində öhdəlik gücü olmasa da, buna baxmayaraq, orada müəyyən ciddi nəticələr çıxarılıb. Yəni, məsələn, İsrailin yerində bizim ölkəmiz olsaydı, biz bu rəyi nəzərə almasaydıq, müəyyən dövlətlərdən, bir qrup dövlətdən və hətta BMT Təhlükəsizlik Şurasından çox ciddi sanksiyalar gələ bilərdi. Amma gördüyümüz kimi, İsrail bu məhkəmənin nüfuzunu sarsıtmaqda davam edir”, - deyə Ağayev bildirib.

Rauf Orucov