Logo
news content
User
Kateqoriyalar

Analitika

Təmas xətti

“Zvartnots”dan çıxdılar – davamı olacaqmı?
Ekspert hesab edir ki, Rusiya hərbçilərinin Ermənistanı tam tərk etməsindən danışmaq tezdir

Rusiya sərhədçiləri iyulun 31-də İrəvandakı “Zvartnots” hava limanındakı keçid məntəqəsini rəsmən tərk ediblər. News.am-ın məlumatına görə, hava keçid məntəqəsində dövlət sərhədinin mühafizəsinin Ermənistan tərəfinə verilməsi haqqında protokolu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunlarının komandanı Edqar Unanyan və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski imzalayıblar.

Sənəddə qeyd olunur ki, Ermənistan Rusiyaya “sərhəd nəzarətinin təmin edilməsində uzunmüddətli birgə xidmətə görə” təşəkkür edib və “qarşı tərəfə heç bir iddiasının olmadığını” bildirib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya sərhədçilərinin iyulun 31-də saat 14-dən etibarən “Zvartnots” hava limanında pasport nəzarətini dayandırdıqlarını elan edib. “Erməni sərhədçilərinə yaxşı və təhlükəsiz xidmət arzulayıram”, - o, “X” sosial şəbəkəsində yazıb.

Rusiya sərhədçiləri 1992-ci ildən “Zvartnots” hava limanının keçid məntəqəsində erməni sərhədçiləri ilə birgə işləyiblər.

Ermənistanın baş naziri Nikol Paşinyan martın ortalarında bildirmişdi ki, Ermənistan tərəfi avqustun 1-dən etibarən “Zvartnots” hava limanında Rusiya sərhədçiləri olmadan müstəqil şəkildə sərhəd nəzarətini həyata keçirmək qərarı qəbul edib və bu  barədə Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsinin rəisini məlumatlandırıb. May ayında Rusiya Federasiyası FTX-nin direktoru Aleksandr Bortnikov bildirmişdi ki, İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını demarkasiya xəttindən çıxarmaq xahişi ilə Rusiya tərəfinə müraciət edib və artıq qərar qəbul edilib. Ermənistan, həmçinin, Rusiya tərəfindən sərhədçiləri “Zvartnots” hava limanından da çıxarmağı xahiş edib.

Paşinyan İrəvanın qərarını onunla izah edib ki, erməni sərhədçiləri xidməti müstəqil şəkildə yerinə yetirmək üçün kifayət qədər təcrübə və bilik toplayıblar. Xarici İşlər naziri Ararat Mirzoyan isə qeyd edib ki, Rusiya sərhədçilərinin hava limanında olması, vaxtilə gənc Ermənistan dövlətinə yardım etmək üçün zəruri olub. Onun sözlərinə görə, indi Ermənistan institusional baxımdan müstəqil şəkildə “Zvartnots”da sərhəd xidmətini həyata keçirməyə qadirdir. O, əlavə olaraq bildirib ki, söhbət ancaq “Zvartnots” hava limanından gedir.

Eyni zamanda, Rusiya sərhədçilərinin Ermənistanda mövcudluğu davam edir: onlar ölkənin Türkiyə və İranla sərhədini qoruyacaqlar. Amma Ermənistan-Azərbaycan sərhədindəki dislokasiya məntəqələrini tərk edəcəklər. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan da təsdiqləyib. O, jurnalistlərə bildirib ki, bütün sərhəd qoşunlarının ölkədən çıxarılmasından söhbət getmir.

Yəni, əslində çoxdan gözlənilən hadisə baş verib. Və proses, Moskvadakı təbliğatçılarının məlumat ilk ortaya çıxdığı yaz aylarından başlayaraq səsləndirdikləri bütün təhdidlərə baxmayaraq, tamamilə səs-küysüz həyata keçirilib. 

Amma Ermənistan rəsmilərinin sözləri ilə əməllərinin üst-üstə düşmədiyini hamı bilir. Yaxın gələcəkdə növbəti addımların Rusiya ordusunun İran və Türkiyə sərhəddən, sonra isə Gümrüdəki hərbi bazadan çıxarılması olacağını gözləmək olarmı? Ermənistan rəhbərliyinin növbəti addımı necə olacaq?

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze fikirlərini Pressklub.az-la bölüşüb.

O, ilk növbədə qeyd edib ki, Rusiya sərhədçiləri bir neçə ay əvvəl bağlanmış müqaviləyə uyğun olaraq “Zvartnots”u tərk ediblər və bu, ümumilikdə, gözlənilən hadisə idi.

Rusların başqa əraziləri tərk etməsinə gəlincə, yox, bunu gözləməyə dəyməz. Çünki nə Ermənistan, nə də Rusiya tərəfi bunu dilə gətirməyib. Üstəlik, Ermənistan rəhbərliyi dəfələrlə vurğulayıb ki, yaxın gələcəkdə Rusiya hərbçilərinin Ermənistan ərazisindən çıxarılmasından söhbət getmir. Deməli, “Zvartnots” xarici siyasət kursunun dəyişməsinin göstəricisindən daha çox, Ermənistanın ictimai rəyinə təsir etmək üçün atılan addımdır”, - Vasadze hesab edir.

Rauf Orucov