Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

“Sülh qovşağı”: dalandan necə çıxmalı?
Cənubi Qafqazda sabitliyə aparan yola İrəvan və Bakıdan baxış

Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması Ermənistan üçün Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb ola bilər. Neft, qaz və dəmir yolu xətlərinin keçməsi üçün dolayı marşrutların yaradılmasına gətirib çıxaran uzun sürən blokadadan sonra Ermənistanın regionda kommunikasiya qovşağına çevrilmək imkanı yaranıb. Bu fikirləri İrəvan və Bakı Mətbuat Klublarının CivilNet-in efirində birgə təşkil etdikləri onlayn müzakirə zamanı erməni və azərbaycanlı ekspertlər səsləndiriblər.

İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan və Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov Ermənistan və Azərbaycanın niyə hələ də nəqliyyat əlaqələrinin qurulmasına başlamadıqlarını və bəzi ekspertlərin də iddia etdiyi kimi, “Sülh qovşağı” layihəsinin hansı səbəbdən sülh müqaviləsinin özünün imzalanmasından vacib ola biləcəyinin səbəblərini müzakirə ediblər.

Mütəxəssislər ümumilikdə belə bir rəylə razılaşıblar ki, regionda SSRİ-nin dağılmasından sonra bir kənara atılan və ya funksionallığını itirən bütün nəqliyyat və iqtisadi əlaqələrin dirçəldilməsi Ermənistan və Azərbaycanın maraqlarına uyğundur.

İnkişafın zəif olmasının səbəbləri

İrəvan və Bakı İkinci Qarabağ müharibəsindən sonra 2020-ci ilin dekabrında nəqliyyat marşrutlarının bağlanması üçün danışıqlara başlayıblar. Bu, sülh sazişinin mühüm hissəsi hesab edilirdi. Amma bu məsələdə ciddi irəliləyiş əldə etmək mümkün olmadı.

Əsas problem Azərbaycanın əsas ərazisi ilə Naxçıvan muxtariyyətini birləşdirməli olan, Ermənistanın cənub hissəsindən keçəcək dəmir və avtomobil yollarının bərpası cəhdləri idi. Azərbaycan bu yolların “Laçın dəhlizinin” statusuna bənzər statusa malik olmasında təkid edirdi, Ermənistan isə bunu qəti şəkildə rədd edirdi.

“Eksterritoriallıq mövzusu İrəvan və Bakının kommunikasiyaların açılmasına başlamasına ciddi şəkildə mane oldu. Böyük mənada, onun əsası 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb və orada yola nəzarətin Rusiya FTX-nın sərhəd qoşunları tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Bu gün Ermənistan tərəfi üçün qəbuledilməz olan məqam məhz budur. Üstəlik, artıq ümumiyyətlə bu bəyanatın digər bəndlərinin həyata keçirilməsindən danışmaq mənasızdır”, - Boris Navasardyan qeyd edib.

Bu arada, Dağlıq Qarabağ üzərində nəzarət bərpa edildikdən sonra Azərbaycan hakimiyyətinin Ermənistan ərazisindən tranzitə marağı nəzərəçarpacaq dərəcədə azalıb. Bakı Tehranla Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirmək üçün İranın şimal hissəsindən keçəcək dəmir yolunun çəkilməsi barədə razılığa gəlib.

Təxminən eyni vaxtda Ermənistan nəqliyyat kommunikasiyalarının bərpa edilməsi ilə bağlı “Sülh qovşağı” adlı öz layihəsini təklif etdi. Bu layihə regionda şimaldan cənuba, qərbdən şərqə bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpasını nəzərdə tutur.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 26-da Tiflisdə keçirilən “İpək Yolu” beynəlxalq forumunda “Sülh qovşağı” layihəsinin təqdimatı zamanı deyib: "Bu layihənin əsas məqsədi avtomobil və dəmir yollarının, boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin bərpası, tikintisi və istismarı yolu ilə Ermənistan, Türkiyə, Azərbaycan və İran İslam Respublikası arasında kommunikasiyaların inkişaf etdirilməsidir".

Paşinyan eyni zamanda, Ermənistan tərəfinin hansısa eksterritoriallığın yolverilməzliyi ilə bağlı prinsipial mövqeyini xüsusi qeyd edib: “Bütün infrastruktur, o cümlədən avtomobil, hava və dəmir yolları, boru kəmərləri, kabellər, elektrik xətləri ərazisindən keçdiyi dövlətlərin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərir”. 

Ümid işartıları 

Sabit Bağırovun qeyd etdiyi kimi, “Sülh qovşağı” layihəsi Ermənistanın Cənubi Qafqaz ərazisində nəqliyyat habının yaradılmasına ciddi yanaşma nümayiş etdirməyə hazır olduğu ilə bağlı bəzi ümidlərə əsas verib. “Hesab edirəm ki, bu, çox mühümdür və təkcə iqtisadi inkişafın deyil, həm də regionda insanlar arasında mədəni münasibətlərə fayda verəcək”, - ekspert qeyd edib.

Sabit Bağırov ermənilərin irəli sürdüyü layihə ilə bağlı rəsmi Bakının mövqeyi ilə tanış olmasa da, yerli mətbuatda gedən reaksiyalara əsasən hesab edir ki, Azərbaycanda onun həyata keçirilməsinə maraq var. “Bu layihə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə üç, Türkiyə ilə sərhəddə isə iki keçid məntəqəsinin açılmasını nəzərdə tutur ki, bu da çox ciddi məsələdir. Bu, yükdaşımaların artmasına və hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək”, - deyə Bağırov vurğulayıb.

Boris Navasardyanın fikrincə, regionda vəziyyətin stabilləşdirilməsi və münaqişə vəziyyəti səviyyəsinin azaldılması məsələsində kommunikasiyaların açılması praktikada hətta sülh sazişinin imzalanmasından daha vacibdir. Çünki qarşılıqlı asılılığın artmasına və ümumi maraqların yaranmasına gətirib çıxarır. Baxmayaraq ki, bu, dövlətlərarası münasibətlərin normallaşdırılmasını təsbit edən siyasi sənədin zəruriliyini inkar etmir.

“Bu, tərəflərdən heç birinin gələcəkdə hər hansı problemi güc tətbiqi yolu ilə həll etmək istəyinə düşməsini istisna etmək üçün stimul ola bilər. Nəqliyyat kommunikasiyalarından birgə istifadə özü-özlüyündə regionun strateji iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı proqramlar üçün perspektivlər açır”, - Boris Navasardyan deyir.  - “O, Cənubi Qafqazın beynəlxalq ticarət sistemi üçün əhəmiyyətinin artmasına töhfə verəcək kommunikasiya layihələrinin həyata keçirilməsinə xarici investisiyaların cəlb edilməsinə yönəlmiş səylərə xüsusi əhəmiyyət verir”.

“Düşünürəm ki, bir çox ölkələrin buna marağı yüksək olacaq. Geosiyasi ziddiyyətlərə baxmayaraq, hətta Rusiya belə, bu gün ümumi konsensusa əsas maneə olan sərhəd qoşunlarının statusundan asılı olmayaraq burada öz marağını görə bilər”, - ekspert yekunlaşdırıb.

Press Klub