Logo
news content
User
Kateqoriyalar

Analitika

Təmas xətti

Sülh müqaviləsində heç kim maraqlı deyil?
Ekspert: “Razılaşmadan bütün vacib məqamlar çıxarıldığından, onun mənası itib”

“Azərbaycanın COP29-dan əvvəl sülh müqaviləsi imzalamasına əsas mane iradənin olmamasıdır”. Bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Müzakirə olunan sənəd ilk bənddən irəli getməyə bilərdi, amma irəli gedib. Biz 13 bənd üzrə razılığa gəlmişik, daha 3 bənd yarıya qədər razılaşdırılıb. Azərbaycanın niyə imza atmadığını deyə bilmərəm. Buraya digər beynəlxalq oyunçuların da cəlb olunmasını, onların bu prosesdən müəyyən dividendlər əldə etmək üçün müsbət və ya mənfi təzyiqlərini istisna etmirəm. Kanada, Fransa, Rusiya və Türkiyənin bəyanatları bu prosesə təsir edir və bu təbiidir. Bütün bunlar prosesi həm irəli, həm də geriyə apara bilər”, - Simonyan qeyd edib.

Onun iddiasına görə, vaxtilə Azərbaycan parlamentinin sədri sülh müqaviləsini razılaşdırılmış 5 prinsip əsasında bağlamağı təklif edib, Ermənistan da buna razı olub.

İndi razılaşdırılmış 13 maddə var. Bəs xanım Qafarovanın hakimiyyət adından səsləndirdiyi təklif necə oldu?

Əgər Azərbaycanın doğrudan da ərazi iddiası yoxdursa, Azərbaycan lideri həqiqətən də regionda sülh istəyirsə, onda top çoxdan meydanın Bakı hissəsindədir. Biz Azərbaycanın sülh müqaviləsinin hansı platformada bağlanacağı, onu necə bağlayacağımız, bütün bunları harada müzakirə edəcəyimizlə bağlı cavabını gözləyirik. Hətta beynəlxalq tərəfdaşlarımız da platformalar təklif edirlər. Bu həm də beynəlxalq ictimaiyyətin gözlədiyi siqnaldır. Mən təsəvvür edirəm ki, COP29-la bağlı Bakıya səfər edəcək beynəlxalq tərəfdaşlar bu saziş barədə, hərbi əsirlər barədə, Azərbaycan prezidentinin Ermənistana ərazi iddiaları barədə danışsınlar. Bu, Azərbaycana doğrudanmı lazımdır?”, - Simonyan sual verib.

Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinə toxunan Simonyan bildirib: “Bu, əsassızdır. İstisna etmirəm ki, bir müddət sonra bu söhbət səngiyən kimi (yeri gəlmişkən, beynəlxalq strukturlarda olan insanlar artıq hər şeyi başa düşüblər və Azərbaycan Konstitusiya ilə bağlı iddialarının əsassız olduğu barədə mesaj almalı idi) onlar yeni səbəb tapacaqlar. Amma biz sülh sazişinin reallaşması üçün işimizi davam etdirəcəyik”.

Ermənistan parlamentinin sədri təkrar edib ki, siyasi iradə olarsa, heç bir problem olmayacaq və bu gün belə, razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsi bağlana bilər.

Beləliklə, ortaya yenə eyni sual çıxır - Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasını kim istəmir, kim mane olur? Bu kimin marağında deyil - Bakı, yoxsa İrəvanın? Və niyə marağında deyil?

Pressklub.az-ın suallarını Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa) cavablandırıb.

 

O, hesab edir ki, sülh müqaviləsi layihəsindən bütün vacib məsələlər - ilk növbədə, Zəngəzur dəhlizi məsələsi çıxarılandan sonra hər iki tərəf ona marağını itirib və tərəflər hesab edirlər ki, bu müqavilə sözün əsl mənasında tamamilə mənasızdır.

Və bu formada müqavilə hətta hər iki tərəf üçün zərərlidir, çünki onlar fərqli düşünürlər.

Azərbaycan üçün bu, mütləq şəkildə hansısa formada kapitulyasiya müqaviləsidir - bu sözlər orada yazılmalıdır və müvafiq olaraq ilhaq və təzminatlarla bağlı bəzi eyhamlar olmalıdır. Əslində, Zəngəzur dəhlizi məsələsi də bununla bağlı idi. Mümkündür ki, delimitasiya prinsipləri haqqında bəzi başqa şeylər də düşünürlər.

Ermənistan üçün bütün bunlar təhlükəsizlik təminatı, yeni müharibə risklərinin azaldılması və daxili siyasi vəziyyətin güclənməsidir.

Bütün bunlar layihədə olmadığı üçün tərəflərin təması yalnız bir ifadədə cəmləşib: sülh müharibədən yaxşıdır. Lakin bu heç kimə praktiki siyasi gəlir gətirməyəcək. Ona görə də, konstitusiya ilə bağlı bütün bu mənasız söhbətlər gedir”, - ekspert deyir.

Onun fikrincə, Azərbaycan danışıqların havadan asılı vəziyyətdə qalması üçün bu mövzuda təzyiq göstərir. “Ermənistan isə özünü elə göstərir ki, konstitusiyaya dəyişikliklər etməyə hazırdır. Sadəcə olaraq, nə qədər sülhsevər və Qərbin tələblərinə cavab verməyə hazır olduğunu nümayiş etdirmək üçün. Ona görə də, hesab edirəm ki, bu sualın cavabı kifayət qədər sadədir - heç kim bu razılaşmada maraqlı deyil”, - Dubnov vurğulayıb.

Rauf Orucov