Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

Rusiya ordusu: qalır, yoxsa gedir?
Ekspert: “Paşinyan çox diqqətli olmalıdır”

“Ermənistan suverenlik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında Azərbaycan və Türkiyə üçün regional kommunikasiyaları açmağa hazırdır”. Bunu Baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

Sərhədlərin delimitasiyası və Azərbaycanın işğal alında olan 8 kəndin qaytarılması tələbinə toxunan Paşinyan əks iddialarla çıxış edib. “Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim də 8 kənd problemimiz var, çünki həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var: Berkaber, Ayqeovit, Vazaşenum, Paravakar və s. kəndlər. Anklavlardan danışarkən deməliyik ki, bura 29 800 km² Ermənistan ərazisinə daxil olan Artsvaşen də daxildir”, - Paşinyan bildirib.

Paşinyan Ermənistanın “3+3” formatında görüşlərə hazır olduğunu söyləyib və qeyd edib ki, bundan əvvəl Tehranda bu formatda növbəti görüşlə bağlı razılıq əldə olunub. O deyib ki, bu formatda danışıqların hansı səviyyədə aparıacağı da aydınlaşdırılmalıdır.

Qarabağdakı rus sülhməramlılarının taleyinə gəlincə, Paşinyan bildirib ki, Rusiya bu məsələ ilə bağlı Azərbaycanla danışıqlar aparır.

“Sülhməramlılar getsə, onların Ermənistan və ya Azərbaycan ərazisindən keçərək getməsi prinsipial deyil. Amma sülhməramlı kontingentin Ermənistan ərazisində yerləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur”, - Paşinyan bildirib.

Rusiyanın 102-ci hərbi bazasının gələcəyi ilə bağlı sualı cavablandıran baş nazir bazanın qalacağını təsdiqləyib. Ermənistan Rusiya Federasiyasının 102-ci hərbi bazasının və Rusiya sərhədçilərinin mövcudluğu məsələsini qaldırmır, çünki onların Ermənistanda olması üçün bütün hüquqi əsaslar var.

Son məqamlar xüsusilə maraqlıdır - sülhməramlılar və uzun müddət Ermənistan ərazisində yerləşən Rusiya hərbçilərinin gələcəyi.

Birincisi, Paşinyan açıq şəkildə bildirir ki, Rusiya sülhməramlıları tezliklə Azərbaycandan çıxarılsa, onları Ermənistan ərazisində qəbul etməkdən heç də məmnun deyil. O, sülhməramlılara evə getmək üçün yalnız dəhliz verməyə hazırdır.

İkincisi, o, etiraf edir ki, Rusiya hərbi bazası da, sərhədçiləri də qalacaq. Bax bu məqam, təbii ki, son vaxtlar yayılmaqda olan “Ermənistan Rusiyadan uzaqlaşaraq Qərbə dönüş edir” iddiaları ilə bir araya sığmır.

Əgər baza və sərhədçilər Ermənistanda 2044-cü ilə qədər qalırlarsa (bazanın istismarı haqqında saziş 25 il müddətinə bağlanıb və Rusiya prezidenti D.Medvedevin 2010-cu ildə Ermənistana səfəri zamanı daha 49 il müddətinə (2044-cü ilə qədər) uzadılıb), onda bu necə dönüş olur? Burada yalnız onu güman etmək olar ki, Paşinyan Rusiyanın Ukraynada davam edən müharibə fonunda zəifləyəcəyinə və nəticədə, sadəcə olaraq, müqavilənin müddəti bitməmiş ordusunu bütün texnikası ilə bir yerdə çıxartmaq məcburiyyətində qalacağına ümid edir.

Bəlkə, Paşinyan başqa bir şeyi nəzərdə tutub?

“Birinci sualla bağlı qeyd etmək istərdim ki, Paşinyan artıq 3 ildir Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə regional kommunikasiya xətlərini açmağa hazır olduğunu deyir. Lakin bunu həyata keçirmək üçün Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalıdır”, - deyə, politoloq, BDU-nun müəllimi Sultan Zahidov Pressklub.az-a açıqlamasında bildirib.

“Sülh razılaşması olmadan nəqliyyat xətlərinin açılması mümkün deyil. Sazişə gəlincə, məhz Ermənistan sülh prosesini yubatmağa çalışır, qeyri-konstruktiv mövqe nümayiş etdirir, qeyri-regional tərəfdarlarının iradəsini həyata keçirməyə çalışır.

Paşinyanın Azərbaycanın 8 anklavı müqabilində bizdən tələb etdiyi kəndlərə gəlincə, ötən il Praqada hər iki tərəf bir-birinin ərazi bütövlüyünü Alma-Ata protokolları əsasında tanımaq barədə razılığa gəlib. Bu o deməkdir ki, sərhədin delimitasiyası Rusiya Federasiyasının hərbi qərargahının təqdim etdiyi protokollar və xəritələr əsasında həll edilməlidir.

Paşinyan “3+3” formatında danışıqlara hazır olduğunu bildirsə də, son hadisələr göstərir ki, Ermənistan hazırda Rusiya və ya digər regional oyunçuların vasitəçiliyi ilə aparılan müzakirələrdə iştirak etmək istəmir. Əslində, İrəvan Rusiyanın Bişkekdə keçirilməli olan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə vasitəçi qismində çıxış etmək təklifini rədd etdi və bu, bir daha təsdiq edir ki, Qərb oriyentasiyasına sadiq olan Ermənistan Azərbaycanla sülh prosesində Aİ, Fransa və ABŞ vasitəçiliyinə üstünlük verir. Paşinyan Azərbaycanın iştirakı olmadan Aİ, Almaniya və Fransa ilə birlikdə Qranadada sülh prosesini müzakirə edib ki, bu da onun qərbyönümlü oriyentasiyasını bir daha göstərir. O, güman edir ki,  Qərb Azərbaycanla danışıqlar masası arxasında ona müəyyən uğur qazanmağa kömək edəcək. Əslində isə Qərbin müdaxiləsi tərəflər arasında gərginliyi daha da artırır və sülh prosesini ləngidir”, - politoloq deyir.

Onun fikrincə, ortaya ciddi sual çıxır: əgər Fransa regiona sülh gətirmək istəyirsə, o zaman Ermənistanı niyə silahlandırır? “Ermənistanın silahlanması, şübhəsiz ki, Azərbaycanın müvafiq reaksiyasına səbəb olacaq və bu da öz növbəsində regionda yeni “Təhlükəsizlik dilemması”nın yaranmasına gətirib çıxaracaq.

Sülhməramlılara gəlincə, Putin Valdaydakı son çıxışında bəyan etdi ki, onların statusu hazırda Rusiya və Azərbaycan arasında müzakirə mövzusudur, çünki Ermənistan artıq bu məsələdə tərəf statusunu itirib. Paşinyan da mesajında deməyə çalışır ki, Ermənistan Qarabağdan qayıdan sülhməramlıların öz ərazisində yerləşdirilməsini istəmir. Paşinyanın bu ritorikası Sovet İttifaqının dağılmasından sonra Rusiya və Ermənistan arasında münasibətlərin ən aşağı səviyyəyə enməsindən xəbər verir. Bununla belə, o əlavə edib ki, Rusiyanın 102 saylı hərbi bazası və Rusiya sərhəd xidməti Ermənistanda qalacaq.

Paşinyanın Rusiya hərbi bazası və sərhədçiləri ilə bağlı bu fikri Ermənistanın qərbyönlü dövlət olması diskursunu şübhə altına alsa da, əslində bu, belə deyil. Fakt budur ki, Ermənistan hazırda həqiqətən də siyasətini Qərbə doğru yönləndirmə yolundadır, digər tərəfdən də Rusiyanın Cənubi Qafqaz siyasətindən ciddi narahatdır. Paşinyan başa düşür ki, Ermənistanı Rusiyanın təsirindən dərhal çıxarmaq mümkün deyil, çünki uzun illər Ermənistanın iqtisadiyyatı, infrastrukturu, enerji sektoru, təhlükəsizliyi Rusiyadan asılı olub, hətta xarici siyasət sahəsində Ermənistan “finlandiyalaşma” adlanan prosesdən keçib. Bu, kiçik dövlətin xarici siyasətinin qonşu dövlətə tabe olması mənasını verir.

Deməli, Rusiya ilə bütün əlaqələri kəsmək Ermənistan üçün ağlasığmaz bir məsələdir. İkincisi, Paşinyan ehtiyat edir ki, Ermənistan Gürcüstanın taleyini yaşaya bilər. O zaman Saakaşvili açıq şəkildə Rusiyanı pisləyərək, ABŞ-ı bölgəyə cəlb etmək istəyirdi, lakin Rusiya 2008-ci ildə beş günlük müharibə nəticəsində Gürcüstanın ərazilərini işğal etdi. Böyük ehtimalla, Putin Ermənistanda əlində olan müxtəlif rıçaqlardan istifadə edərək Paşinyan rejimini devirməyə çalışır və bundan sonra da cəhd edəcək. Ona görə də, Paşinyan artıq Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərə almaq fikrində deyilsə, öz hərəkətlərində çox diqqətli olmalıdır.

Rusiya geosiyasətinin xaç atası Aleksandr Duqinin də dediyi kimi, Ermənistanın gələcəyi baş nazirin oriyentasiyasının dəyişməsindən asılı olacaq və bu baş verməsə, Ermənistan uduzmaqda davam edəcək. Ona görə də, Rusiyanın regionda maraqlarına məhəl qoymamaq siyasətini davam etdirmək Ermənistan üçün ölüm-dirim məsələsinə çevrilə bilər...”, - deyə politoloq yekunlaşdırıb.

Rauf Orucov