Perspektivdəki sülh sazişi: Hamıya hava və su kimi lazımdır
Ekspert: “Proseslər inkişaf edir və təhlükəsizliyin gücləndirilməsini gecikdirmək olmaz”
21 Oktyabr 2024
Ermənistan hakimiyyətinin bəzi nümayəndələrinin bəyanatları onu deməyə əsas verir ki, Paşinyan Əliyevin təzyiqi altında növbəti güzəştlərə gedib, eləcə də sülh müqaviləsinin digər bəndləri ilə bağlı razılıq əldə olunub. Bu barədə “Hraparak” qəzeti yazır.
“Ermənistan parlamentin spikeri Alen Simonyan Cenevrədə çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi üzrə razılığa gəlmək ərəfəsindədirlər: “Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün biz 16 bənd üzrə razılığa gəlmişik”. Simonyan Bakıya da müraciət edib: “Biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, mümkün olanı reallaşdırmaq üçün bizə qoşulmağa və fürsətdən istifadə etməyə dəvət edirik. Ermənistan günü bu gün sülh müqaviləsini imzalamağa hazırdır”.
Maraqlıdır ki, Nikol Paşinyan təxminən iki həftə əvvəl parlamentdə keçirilən hökumət saatında çıxışı zamanı sazişin 17 bəndindən 13-ü ətrafında razılaşmadan danışıb. O, razılaşdırılmış 13 bəndin dərc edilməsi ilə bağlı diplomatik etika probleminin olduğunu deyib.
Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarkis Xandanyan da müsahibəsində bildirib ki, Paşinyan Əliyevə xarici işlər nazirlərinin iki günlük görüşünü keçirməyi təklif edib. Bu görüşdə sülh müqaviləsinin hələ razılaşdırılmayam 1-2 bəndi razılaşdırılmalıdır, bundan sonra liderlər Bakıda keçiriləcək COP29-a kimi onu imzalamalıdırlar. Xatırladaq ki, “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin bu bəyanatlarından cəmi bir gün əvvəl Əliyev növbəti dəfə xəbərdarlıqla çıxış edərək, qismən razılaşdırılmış sülh müqaviləsini imzalamayacağını bildirmişdi”, - nəşr qeyd edir.
Eyni zamanda, Birləşmiş Ştatlar bəyanat verərək, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini “heç zaman BMT-nin COP29 iqlim konfransı ilə əlaqələndirmədiyini” bildirib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib: “Biz hələ bir neçə ay əvvəl Azərbaycan və Ermənistan arasında sülh görmək istəyirdik və sülh sazişinin imzalanmasında təkid edirdik. Lakin bu, ABŞ-dan deyil, iki tərəfdən asılıdır”.
Ötən ay Nyu-Yorkda Bakı ilə İrəvan arasında danışıqlar bərpa edilib. Bu zaman rəsmi Bakı “siyasi problemləri aradan qaldırmağa” çağırıb. Öz növbəsində, Ermənistan tərəfi bəyan edib ki, həll olunmamış məsələlər olsa da, sülh sazişini COP29-a qədər imzalamaq mümkündür.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan keçən həftə “COP29-a sazişi imzalamaq yaxşı olardı” deyib.
Bununla belə, ötən həftə “TV Berlin” telekanalına müsahibə verən Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrəvanın “günü sabah” sülh sazişi imzalamağa hazır olduğuna şübhə ilə yanaşdığını bildirib.
ABŞ dövlət katibi Antoni Blinken ötən ay Nyu-Yorkda nazirlərin üçtərəfli görüşü zamanı hər iki ölkəni sülh sazişini “mümkün qədər tez” imzalamağa çağırıb.
Beləliklə, hansı nəticəyə gəlmək olar? Tərəflər sülh müqaviləsini imzalamağa reallıqda nə dərəcədə yaxındırlar? İndiki şəraitdə bu kimə daha çox lazımdır - Bakıya, yoxsa İrəvana?
Rusiyalı siyasi ekspert Yeqor Kuroptev (Tbilisi) fikirlərini Pressklub.az-la bölüşüb.
“Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hər iki ölkə, eləcə də, sözsüz ki, regionun bütün digər dövlətləri üçün faydalıdır”, - o bildirib. - “İndi müharibədən sonrakı (Rusiyanın Ukraynaya qarşı müharibəsi) proseslərə hazırlıq kontekstində Kremlin regiondakı rolu güclənəcək. Region ölkələri bu məqama nə qədər müstəqil və başqa problemlərlə yüklənməmiş şəkildə yetişsələr, Moskva ilə çətin danışıqlar zamanı manevr üçün bir o qədər geniş imkanlar əldə edəcəklər”.
O, qeyd edib ki, bu halda danışıqlar Putin Rusiyası ilə iqtisadi əməkdaşlığın gücləndirilməsinə müstəvisinə keçəcək və biz artıq Bakı və Ankaranın Moskva və Çin tərəfindən anti-Qərb ittifaqı kimi irəli sürülən BRICS-ə müraciətini görürük.
“Kremlin digər ehtimal tələbi İrəvanın demokratik Qərb ölkələri ilə fəal əməkdaşlığı tamamilə dayandırması olacaq. Məsələn, Gürcüstanın indiki hakimiyyəti seçkilər ərəfəsində faktiki olaraq belə bir addım ataraq, nümayişkaranə şəkildə Kremli seçdi. Ermənistan indi Putin rejimindən tam asılılığa və onun total nəzarət cəhdinə qayıtmamaq üçün oxşar aqibətdən qaçmağa çalışır. Bu reallıqlara əsaslanaraq, sülh müqaviləsinin imzalanması indi hər kəs üçün faydalıdır və onun mümkün qədər tez imzalanması lazımdır. Çünki ABŞ-da keçiriləcək seçkilər, BRICS formatının inkişafı və əgər Ukrayna qərar verərsə, Rusiya ilə mümkün sülh danışıqları o qədər də uzaq bir perspektiv deyil. Bütün bu böyük proseslər Cənubi Qafqaz ölkələrinə ciddi təsir göstərəcək və təhlükəsizliyin gücləndirilməsini gecikdirmək olmaz. Bakı ilə İrəvan arasında sülh sazişi də məhz təhlükəsizliyin gücləndirilməsidir”, - Kuroptev hesab edir.
Rauf Orucov