Lavrov “ərköyün” Paşinyandan niyə şikayət etdi?
Rusiya Ermənistandakı mövqelərini təhvil verə bilər...
05 Sentyabr 2024
“Əgər Ermənistan hakimiyyəti Dağlıq Qarabağ probleminin həlli üçün Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyirsə, Allah xətrinə, aparsın”. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbələri qarşısında çıxışı zamanı deyib.
“Biz, 2020-2022-ci illərdə bir neçə sammitdə Rusiya, Ermənistan və Azərbaycan tərəfindən bağlanmış üçtərəfli sazişlərin havadan asılı vəziyyətdə qalmasından narahatıq. Mən nəqliyyat əlaqələrinin bərpası, bunun üzərində çalışan üçtərəfli komissiyanı xatırlatdım. Komissiya artıq praktik olaraq toplaşmır. İrəvan hesab edir ki, bunu Azərbaycanla birbaşa etmək lazımdır. Əgər onlar uğur qazansalar, Allah xətrinə, etsinlər”, - Rusiya diplomatiyasının rəhbəri deyib.
Lavrov həmçinin qeyd edib ki, Rusiya dövlət sərhədinin delimitasiyası məsələsində iştirakçılar arasında məsləhətləşmələr aparmalıdır, lakin bu baş vermir. “Xeyr, istəmirlər və eyni zamanda daima Qərbi, ABŞ-ı, Avropa İttifaqını, Parisi cəlb etməyə və onları istənilən prosesə himayədarlıq etməsinə çalışırlar. Bu, onların seçimidir, lakin onlar ilk növbədə azərbaycanlı qonşuları ilə danışıqlar aparmalıdırlar. Başqa yol yoxdur”, - deyə Rusiya Xarici İşlər naziri əlavə edib.
Eyni zamanda, nazirin sözlərinə görə, “bütün fərqliliklərə və uyğunsuzluqlara baxmayaraq”, Rusiya və onun həmkarları “kimin nəyin tərəfdarı olduğunu başa düşürlər və razılaşdırılmış paralel yanaşmaların hazırlanması məsələsində artıq nəticə var. Bu da son nəticədə pozitiv xarakter alacaq”.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də İrəvanda keçirdiyi mətbuat konfransı zamanı Rusiya prezidentinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi olmaq təklifinə toxunaraq bildirib ki, rəsmi İrəvan vasitəçiliyin əleyhinə deyil, amma hazırkı mərhələdə Bakı ilə birbaşa danışıqlar daha məhsuldardır. O, son telefon danışığı zamanı bu barədə Rusiya prezidenti Vladimir Putinlə məlumat verdiyini də açıqlayıb.
Amma mətbuat konfransının növbəti epizodunda Paşinyan açıq şəkildə bildirib ki, Rusiya danışıqlarda vasitəçi ola bilməz, çünki İrəvanı danışıqları sabotaj etməkdə ittiham edib.
Bu nə deməkdir? Moskva Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində birbaşa və rəsmi vasitəçilik imkanlarını tamamilə itirib? İrəvan açıq şəkildə bunun əleyhinədir və Ermənistan danışıqlarda birbaşa tərəf olduğundan, onun iradəsi olmadan Kreml heç bir şəkildə sərhədlərin delimitasiyası və ya nəqliyyat kommunikasiyalarının bərpası məsələlərində iştirak edə bilməz.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
“Hesab edirəm ki, hər şey həqiqətən də, Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində birbaşa və rəsmi vasitəçilik imkanlarını itirməsinə doğru gedir.
Amma Rusiyanın bu gün Bakı vasitəsilə bu prosesə təsir etmək imkanı var. Gördüyümüz kimi, Azərbaycan Moskvanın Cənubi Qafqazda strateji tərəfdaşıdır və prinsipcə demək olar ki, Ermənistan artıq bizim regionda Rusiyanın forpostu olmaqdan çıxıb. Ermənistan və Azərbaycan bununla bağlı yerlərini dəyişib. Rusiya Azərbaycan rəhbərliyinə daha çox güvənir və öz işlərini onun vasitəsilə həll etmək istəyir. Bu, Rusiyanın maraqlarının Cənubi Qafqazda və daha sonra Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə doğru yayılması deməkdir. Ümumiyyətlə, Rusiyanın bu dəyişkən siyasətinin əsasını məhz o strategiya təşkil edir ki, Ermənistanın getməyə yeri yoxdur - Qərb uzaqdadır, Türkiyə və Azərbaycan yaxındadır, Ermənistan isə Gürcüstan və ya İran vasitəsilə qlobal dünyaya çıxa və inteqrasiya oluna bilməyəcək. Ona görə də, Ermənistanı forpost kimi dəstəkləməkdə davam edərək Azərbaycan və Türkiyəni rəqibə çevirməkdənsə, onlarla strateji tərəfdaş olmağın daha yaxşı olması siyasətini həyata keçirir. Və bu mənada Rusiya strategiyasını dəyişdi. Biz bunu İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra gördük. Rusiya rəhbərliyi, Lavrov, Putinə Ermənistanı açıq şəkildə tənqid edir, sonra isə açıq şəkildə Azərbaycanı dəstəkləyirlər”, - politoloq bildirib.
O, deyir ki, buna görə də Paşinyanı başa düşmək olar. “O, indiki mərhələdə Türkiyə ilə daha çox əməkdaşlıq etmək istəyir. Çünki başa düşür ki, belə bir tərəfdaşlıq olmadan Ermənistanın bu oyunda qalib gəlmək və ərazi bütövlüyünü itirmədən oyundan zərərsiz çıxmaq şansı olmayacaq. Və təbii ki, o zaman Azərbaycanla əlaqələri inkişaf etdirməli olacaq.
Amma bir daha qeyd edirəm ki, Putinin Azərbaycan rəhbərliyi timsalında kozırı var. Və bu mənada mən danışıqlar prosesinin imkanlarına böyük şübhə ilə yanaşıram. Moskva prosesdə birbaşa iştirak etməsə belə, bu o demək deyil ki, onun prosesə təsir etmək üçün rıçaqları və imkanları yoxdur. Çox təəssüf ki, bunu Bakı vasitəsilə edəcək.
Bu baxımdan sülhün bölgəmizə belə tez gəlməyəcəyini düşünürəm. Mən yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması perspektivinə də böyük şübhə ilə yanaşıram. Və hətta deyə bilərəm ki, tərəflər hansısa çərçivə sazişi imzalasalar da, bu o demək deyil ki, bundan sonra Cənubi Qafqazda sülh olacaq və ölkələrimiz arasında artıq hər hansı çəkişmə, müharibə olmayacaq. Bu mənada mən çox pessimistəm. Çünki Rusiya oyunçulardan birinə təsir etmək imkanını özündə saxlayır. O, bu fürsəti əldən versəydi və Ermənistanla Azərbaycan demokratiyaya birgə can atsaydılar, problemlərini birlikdə həll etsəydilər, bu, başqa məsələ. Onda Moskva üçün çətin olardı. Amma indi vəziyyət tamamilə başqadır. Sadəcə olaraq, ölkələrimiz yerlərini dəyişiblər - Ermənistan forpost idi, indi isə Azərbaycan strateji tərəfdaşdır, forposta çevrilir. Bəlkə də artıq forposta çevrilib” , - deyə institut rəhbəri yekunlaşdırıb.
Rauf Orucov