Ermənistan: Ruslar tədricən gedir?
İran sərhədindəki keçid-buraxılış məntəqəsi yerli sərhədçilərin nəzarətinə keçir
11 Oktyabr 2024
Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Ermənistan və İran arasında keçid-buraxılış məntəqəsinin 2025-ci il yanvarın 1-dən yalnız erməni sərhədçiləri tərəfindən qorunacağı barədə razılıq əldə ediblər. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, bu barədə liderlər arasında oktyabrın 8-də keçirilən görüşdə razılaşma əldə olunub.
“2025-ci il yanvarın 1-dən Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının da iştirak etməsi ilə bağlı razılıq əldə olunub. Bu zaman, Ermənistan-İran sərhədində keçid-buraxılış məntəqəsinə nəzarət yalnız Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçiriləcək”.
Beləliklə, Zəngəzur dəhlizinin Rusiya sərhəd qoşunları tərəfindən mühafizəsi məsələsi gündəmdən çıxarılır. Bu məqam həmin yolun təhlükəsizlik rejimi məsələsində Bakı ilə danışıqlarda İrəvanın mövqeyini gücləndirə bilər.
Maraqlıdır, Rusiya bunu anlayaraq niyə belə bir addım atıb? Onun artıq Naxçıvandan keçərək Türkiyəyə gedən birbaşa yola ehtiyacı yoxdur? Bundan sonra Ermənistan ərazisindən Zəngəzur dəhlizinin çəkilməsi məsələsində Bakının ritorikası dəyişə bilərmi?
Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
Onun fikrincə, əslində rusların İranla sərhədi tərk etməsi gözlənilməz deyil.
“Bu məsələ uzun müddətdir müzakirə olunurdu. Məsələ ondadır ki, bizdə hələ də “Rusiya hərbçiləri girdikləri yerdən heç vaxt çıxmırlar” kimi köhnə fikir qalır. Onlar çıxırlar və bundan əvvəl də çıxıblar. Təkcə bizim gözümüz qarşısında Əfqanıstan, Kuba, Vyetnam, bütün Şərqi Avropa, sonra isə Ukrayna, Gürcüstan və Moldova istisna olmaqla, postsovet məkanını tərk ediblər.
Düzdür, onlar bəzən qayıdırlar. Məsələn, qısa müddətə olsa da, 2020-ci ildə Azərbaycana qayıtdılar”, - analitik qeyd edib.
O hesab edir ki, strateji baxımdan bu gün rus sərhədçilərinin Zəngəzurda olması Moskvaya ümumiyyətlə sözünün ən birbaşa anlamında heç nə vermir. “Düzdür, bu mövcudluğu Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək adı altında formalaşdırmaq niyyəti var idi. Lakin burada başa düşmək lazımdır ki, Zəngəzur dəhlizi Rusiyanın Ermənistanda və bütövlükdə Qafqazda hərbi mövcudluğunu rəsmiləşdirmək üçün bəhanə idi. Moskvanın bu addımı kifayət qədər maraqlıdır. Kreml sadəcə olaraq Bakıya, İrəvana, Tehrana deyir ki, biz çəkildik, görək öz aranızda necə razılığa gəlirsiniz. Ümumilikdə götürəndə, Rusiya qoşunlarının Ermənistanda olması həmişə Türkiyədən müdafiənin təminatı kimi zəruri olub. Hələlik həm baza, həm də sərhədçilər Türkiyə sərhədində qalır. Görək bundan sonra nə olacaq”, - deyə Vasadze yekunlaşdırıb.
Rauf Orucov