Dəhlizə kim nəzarət edəcək?
Ermənistan Zəngəzur dəhlizinə nəzarətin xaricilərə veriləcəyini təkzib etmir
06 Sentyabr 2024
Ermənistan Xarici İşlər Nazirliyi Zəngəzurdan keçən yola nəzarətin hansısa özəl şirkətin nəzarətinə verilib-verilməməsi ilə bağlı məsələnin Bakı ilə müzakirə olunub-olunmadığını şərh etmir. Bu barədə Ermənistan XİN-dən bildirilib.
“Ermənistan Respublikası suverenlik, milli yurisdiksiya, bərabərlik və qarşılıqlılığa hörmət prinsiplərini rəhbər götürərək, regionda kommunikasiyaların açılması prosesində konstruktiv şəkildə iştirak edir”, - deyə departamentdən Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq bildirilib.
Bakı və İrəvan bundan əvvəl açıq şəkildə bəyan etmişdilər ki, onlar Zəngəzurdan keçən kommunikasiyalara nəzarətin beynəlxalq özəl mühafizə şirkətinə verilməsi imkanını müzakirə ediblər.
Vaxtilə bu ideya Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tərəfindən kompromis variant kimi irəli sürülmüşdü. İdeya ondan ibarətdir idi ki, yola nəzarət beynəlxalq standartlar səviyyəsində həyata keçirilsin və hər iki tərəfə uyğun olsun.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, yola nəzarət Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməli idi. Lakin İrəvan sonradan bu sazişdən imtina edərək, Ermənistanın yola nəzarəti özündə saxlayacağını bildirmişdi. Bakı bu tələbi qəbuledilməz hesab etmişdi və məsələ bu günə qədər də həll edilməmiş qalıb.
İlk baxışdan elə görünür ki, bu cür barışmaz mövqelər nəzərə alınsa, Şarl Mişelin ideyası Ermənistan və Azərbaycan üçün tamamilə uğurlu və məqbul həll yoludur. Məsələn, deyək ki, yola nəzarət funksiyasını hansısa tanınmış logistika şirkəti üzərinə götürür. Bu şirkətin neytral statusa malik Avropa ölkəsindən olması daha məqbul variant olardı. Bununla da Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı yaranmış ziddiyyəti aradan qaldırmaq, eyni zamanda Rusiyanın təkidlə bu məsələyə müdaxilə etmək istəyinin qarşısını almaq olar.
Məsələ ilə bağlı Pressklub.az-a açıqlama verən müstəqil siyasi ekspert Nəsimi Məmmədli bildirib ki, Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar başlayandan sonra tərəflər Üçtərəfli Bəyanata istinad etmirlər.
“Eyni zamanda, vasitəçilərə də təkrar olaraq müraciət edilmir. Azərbaycanın 2023-cü il sentyabrın 19-da Qarabağda keçirdiyi anti-terror əməliyyatından sonra Üçtərəfli Bəyanat faktiki olaraq qüvvəsini itirdi”, - deyə politoloq qeyd edir.
Onun sözlərinə görə, Rusiyanın Zəngəzur dəhlizi üzərində nəzarətini tanımamaq Ermənistanın müstəsna hüququdur. “Eyni zamanda, başa düşmək lazımdır ki, Azərbaycan Ermənistanın bu dəhlizə nəzarət etməsini istəmir. Uzun sürən müharibə tərəflər arasında dərin inamsızlıq yaradıb.
Dəhlizin Rusiyanın nəzarətində olması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğun deyil. Rusiya regionda sülhü qorumaq niyyətində deyil. O, daim yeni münaqişələrdə maraqlı ola bilər. Ona görə də Rusiyanın nəzarəti qəbuledilməzdir.
Əlbəttə, ən yaxşı variant dəhlizə neytral statuslu Qərb özəl mühafizə şirkətinin nəzarət etməsi olardı. Əgər tərəflər bu məsələdə razılığa gəlsələr, problemin həlli sürətlənə bilər”, - Məmmədli hesab edir.
Rauf Orucov