Ermənistanın baş naziri Nikol Paşinyan bu gün gözlənilməz bəyanatla çıxış edib. O, hazırkı mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həllinin mümkün olmadığını bildirib.

“Əvvəla, qeyd etmək istəyirəm ki, biz Qarabağ məsələsinin hazırkı mərhələdə və bu mərhələdən başlayaraq uzun müddət diplomatik həllinin olmadığını dərk etməliyik. İndiki vəziyyətdə diplomatik həll tapmaq lazım olduğu yönündə ümidlər, təkliflər bitmiş sayıla bilər. Biz hər zaman deyirdik ki, məsələni kompromislər əsasında həll etməyə hazırıq. Amma erməni tərəfinin razı olduğu və razı olacağı məsələlərlə Azərbaycan tərəfi artıq razı deyil. Bu, onu göstərir ki, ən azı indiki mərhələdə diplomatik həlldən danışmaq mənasızdır”, – deyə Paşinyan “Facebook”da canlı yayımda çıxış edərkən bildirib.

N.Paşinyan Ermənistanın Rusiyanın müttəfiqlik dəstəyini hiss etdiyini söyləyib:

“Biz Ermənistanın və erməni xalqının strateji müttəfiqi kimi Rusiyanın köməyini hiss edirik. Rusiya indiyədək problemin həlli üçün maksimum səy göstərib və əminik ki, göstərəcək. Buna qətiyyən şübhəm yoxdur. Biz vəziyyətdən çıxış yolu axtarmaq üçün effektiv əməkdaşlıq edirik”.

N.Paşinyan nə baş verəcəyindən asılı olmayaraq, hər kəsi fədakarcasına döyüşməyə çağırıb. O, “Qarabağsız Ermənistan yoxdur” deyərək bütün merləri və yerli icma rəhbərlərini könüllü dəstələr formalaşdırmağa çağırıb:

“Biz ayağa durmalı, əlimizə silah alaraq döyüşməli və özümüzü vətənin haqlarının müdafiəsinə həsr etməliyik. Bu prosesin effektiv təşkili halında biz əvvəl-axır məqbul olan diplomatik həllə nail ola bilərik”.

Press Klub