İrana qarşı silah embarqosunun, eləcə də İranın adi silahlar ixrac etməsinə qoyulmuş qadağanın müddəti bu gün – 18 oktyabr, 2020-ci ildən etibarən sona yetib.

Bu gün İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qüvvəyə minməsinin 5 ili tamam olur. İdxal-ixrac qadağasının ləğvi məhz bu planda əksini tapıb.

Əvvəllər İrana tanklar, zirehli teknika, iri kalibrli artilleriya sistemləri, döyüş təyyarələri, hərbi helikopterlər, gəmilər, raket və reket sistemlərinin birbaşa və dolayı satışı yalnız BMT Təhlükəsizlk Şurasının icazəsi ilə mümkün idi. Faktiki olaraq, İrana bütün növ silahların satışı qadağan edilmişdi.

Oktyabrın 14-də İran prezidenti Həsən Ruhani silah embarqosunun başa çatması münasibətilə xalqı təbrik edib:

“Nüvə anlaşmasının bizə nə qazandırdığından şübhə edənlər görsünlər ki, bu, onun nəticələrindən biridir. Bazar günündən etibarən biz kimə istəsək silah sata, kimdən istəsək silah ala bilərik”.

Xarici işlər naziri Cavad Zərif silahlanma sahəsində tələbatlarını əsasən Rusiya və Çinin hesabına təmin etmək niyyətlərini gizlətməyib. İranın Rusiyadakı səfiri Kazım Cəlali isə bildirib ki, İran öz müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün Rusiya ilə məsləhətləşmələr aparacaq: “Rusiya hökuməti və xalqı çətin anlarda bizimlə birlikdə idi və birlikdədir. Rusiya bizim üçün prioritet tərəfdaşdır”.

Lakin İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə ehtiyac duyduqları silahların 90%-dən çoxunun ölkə daxilində isethsal olunduğunu söyləyib və xarici dəstəkdən asılı olmadıqlarını vurğulayıb.

Xatırladaq ki, Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ildə Tehran və altılıq ölklələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında 2015-ci ildə imzalanıb. Müqavilənin şərtlərinə əsasən iştirakçı ölkələrdən biri anlaşmanın şərtlərinin pozulmasını səbəb göstərərək ayrılıqda sanksiyaları tam bərpa edə bilər. ABŞ 2018-ci ildə bu anlaşmadan çıxıb və 2020-ci ilin sentyabrında özü təkbaşına İrana qarşı silah embarqosu tətbiq edib.

Press Klub