*** 19:23

Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisinin şəxsiyyəti müəyyənləşib.

Bu barədə Qərb Mərkəzinə Goranboy Rayon İcra Hakimiyyətinin icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov məlumat verib.

Onun sözlərinə görə, bir müddət öncə tapılan nəşin İxtiyar İlqar oğlu Əliyevə məxsus olduğu dəqiqləşib.

Mərhumun nəşi sabah ailəsinə təhvil veriləcək və rayonun Goran kəndində dəfn olunacaq.

Qeyd edək ki, İ.Əliyev ötən il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və sonradan ondan xəbər alınmayıb.

Mərhum ailəli idi, övladı yoxdur.

*** 19:10

Ötən gün işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində Vətən müharibəsində itkin düşmüş bir azərbaycanlı hərbi qulluqçunun meyiti aşkarlanıb.

Bunu Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan tərəfinin nümayəndələrinin iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində azərbaycanlı hərbi qulluqçunun meyiti ilə yanaşı, 2 erməni hərbçisinin də cəsədi aşkarlanıb. Erməni hərbçilərin cəsədi qarşı tərəfə təhvil verilib.

Xatırladaq ki, Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi itkin düşmüş hesab olunurdu. Hazırda itkin qalan 6 hərbi qulluqçumuzun axtarışları davam etdirilir.