Pandemiya kitab bazarına necə təsir göstərib?

İki ay əvvəl pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satış qaydaları müəyyənləşdirilib.

Bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi qaydalarda deyilir: 

  • Onlayn satışlara üstünlük verilməlidir;
  • Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir;
  • Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır;
  • Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələrlə təmin olunmalıdır;
  • Müəssisəyə fərdi qoruyucu vasitələrlə daxil olunmalıdır;
  • Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir;
  • İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.

Bəs, bu qaydalara kitab mağazaları necə riayət edir və ümumiyyətlə, ötən müddətdə kitab alan olubmu?

“Ali və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirdi ki, onların mağazaları bütün qaydalara əməl olunmaqla fəaliyyət göstərib:

“Bildiyiniz kimi, artıq uzun zamandır onlayn satış göstərməklə fəaliyyətdəyik və buna görə də onlayn satışlarımızda artım müşahidə olunur. Biz komandamızın bütün gigiyenik qaydalara əməl edərək fəaliyyət göstərmələrini əminliklə qeyd edə bilərik”.

“Libraff” mağazalar şəbəkəsinin PR meneceri Sərxan Rüstəmov qeyd etdi ki, 2 ay əvvəl müəyyənləşdirilmiş qaydalara bütün mağazalarında riayət olunub və olunmaqda da davam edir:

“Martın sonlarından etibarən Bakı və Gəncə şəhərləri də daxil olmaqla, altı kitab mağazamız onlayn satış göstərməkə oxucuların xidmətindədir. Düzdür, pandemiyadan əvvəlki aylara nisbətən kitab satışında azalma müşahidə edilməkdədir. Lakin az da olsa, bütün mağazalarımızda kitab satışı onlayn şəkildə həyata keçirilir”.

“Kitabevim.az”ın məsul şəxsi Emil Sadıqov bildirdi ki, pandemiya dönəmində kitab mağazaları normal faəliyyət göstərməyib:

“Avqustun 5-nə kimi mağaza bağlıdır. Onlayn satışla kifayətlənməyə məcburuq. Yalnız may ayında iyirmi günlük fəaliyyət baş tutdu. İyirmi gün ərzində alıcıların toplu şəkildə içəri buraxılmaması, gigiyena qaydalarına əməl olunması və digər şərtlər daxilində fəaliyyət göstərdik. Elə həmin dövrdə də alıcılar mağazalara daxil olmağa çəkinirdilər, virus qorxusu var idi”.

Sadıqovun sözlərinə görə, pandemiya dönəmində kitab satışı demək olar ki, yox dərəcəsindədir: “Sadəcə, onlayn fəaliyyət göstəririk. Həftə sonları ictimai nəqliyyat da işləmir və yalnız şəhər daxilində bəlli yerlərə kitab çatdırmaq imkanımız var”.

“Qlobus” kitab mağazasından isə dedilər ki, ümumiyyətlə, hazırda heç bir fəaliyyətləri yoxdur. Mağaza əməkdaşının sözündən belə anladıq ki, onlar heç onlayn satış belə həyata keçirə bilmirlər.

Ülviyyə Şahin