Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prezident Fransa ilə münasibətlərin düzəldiyini deyir

Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qalıb. AZƏRTAC-ın xəbərinə görə, bunu prezidenti İlham Əliyev oktyabrın 16-da Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən deyib.

Əliyev bu ayın əvvəlində Kopenhagendə Fransa prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində iki ölkə arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının, habelə inkişaf etdirilməsinin önəminə toxunub.

Fransanın Azərbaycandakı səfirliyinin məlumatında da bildirilir ki, səfir xanım Sofi Laqut isə öz növbəsində bu yeni dinamikaya töhfə vermək və iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün fəal şəkildə çalışmaq niyyətində olduğunu ifadə edib.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti də vurğulanıb.

Əliyev oktyabrın 2-də Kopenhagendə Makron ilə görüşmüşdü. Həmin gün Danimarkanın paytaxtı Kopenhagendə Avropa İttifaqı (Aİ) liderləri bloka üzv olmayan ölkə başçıları ilə Avropa Siyasi Birliyinin (EPC) sammitində bir araya gəlmişdilər.

Xatırlatma

Səfir Sofi Laqut bu vəzifəyə bu ilin avqustunda təyin edilib. O bu postda Ann Buayonu əvəz edib.

Son illər Azərbaycan və Fransa arasında soyuq münasibətlər müşahidə edilirdi. Bakıda bəzi rəsmilər Parisi Azərbaycan-Ermənistan münaqişəsində birtərəfli olmaqda və müstəmləkəçilik siyasətində ittiham edirdi. Yaxın aylara qədər Bakıda həmin ittihamların səsləndiyi bir çox konfranslar da keçirilib. Fransa rəsmiləri isə Azərbaycan Ermənistan münaqişəsində neytral olduqlarını bildiriblər. Hətta Fransanın bəzi rəsmiləri Azərbaycan hakimiyyətinə yaxın olan bəzi qüvvələri onların daxili işlərinə qarışmaqda günahlandırıblar.