Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Reportaj

Qalibi olmayan başdaşı yarışları - REPORTAJ
Azərbaycandakı qəbir daşları islam dininə, yoxsa ənənəyə görə seçilir?

“Günəşin dünya dolusu gur işığında kəndin qəbiristanlığı da elə bil bayram libası geymişdi. Biri-birindən uca başdaşıları, biri-birindən bəzəkli məzar üzlükləri. Sanki o dünyaya gedənlərin hansının daha diri olduğunu sübuta yetirmək üçün qəbir sahibləri öz aralarında gizli yarışa başlamışdılar” - (Əkrəm Əylisli, “Metro vaqonunda gün işığı”) 

Yazıçı Əkrəm Əylislinin təsvir etdiyi bu obrazlar uydurma deyil, real həyatdan götürülüb. Dünyasını dəyişən insanın yaxınları, əksər hallarda, onun məzarının mümkün qədər dəbdəbəli hazırlanmasına çalışırlar. Qəbirstanlıqlarımız sonuncu rahatlıq ünvanı, ibrət məkanı, xatirə əlaməti olmaqdan çıxıb, dəbdəbə, nümayiş yerinə çevrilib. Nə üçündür bu dəbdəbəli məzarlar? Ölülər, yoxsa dirilər üçün? Dindirsək, hər kəs bir ağızdan ölülər üçün deyər. Amma ölünün bundan xəbəri varmı? Yoxsa bu cür dəbdəbəli məzarlar ölülərə savab qazandırır? İnsanların bir hissəsi beşikdən qəbirəcən yarışmağı, bəhs etməyi özlərinə vəzifə ediblər sanki. Adını da qoyublar “el qınağı”... Elə buna görə də doğru bilinən yanlışlar həyatımızın mərkəzində özünə taxt qurub.

Yeri gəlmişkən, ötən yazılarımızdan birində təmtəraqlı ehsan süfrələrindən, mərasim zallarındakı  menyu qiymətlərindən yazmışdıq. İndi isə təmtəraqlı məzar daşlarından, büstlərdən, heykəllərdən yazacağıq. Olar, olmaz?

Görəsən, ölülər üzərindən aparılan bu dəbdəbə, şöhrət yarışı nə dərəcədə doğrudur? Niyə Azərbaycanda ölüm bu qədər bahalıdır?  İslam dininə görə məzarlar necə olmalıdır? 

Mövzu ilə bağlı Pressklub.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, daş və yas biznesi konkret bir dairənin əlində inhisardadır. 

“İllərdir təmtəraqlı məzar daşlarının günah və israf olması haqda danışıram. Qara mərməri, ağ mərməri və digər bahalı daşları ölkəyə gətirən, satan, pul qazanan məmurlar, oliqraxlar var. Onlar bu daşları dəbə salıb satırlar”. 

İlahiyyatçı deyib ki, insanların çoxu dinimizin tələblərini və hökmünü bilmir. Din xadimləri isə belə şeylərdən danışmırlar: “Ya daş oliqarxlarından qorxurlar, ya da təqlid etdikləri İran müctəhidləri fitva vermir. Çünki axundların hamısı xarici ali din adamlarını təqlid edirlər. Yəni, din xadimləri havayı pul alıb cəmiyyətə heç bir fayda vermədikləri kimi belə məsələlərdə də təbliğat aparmırlar. Ona görə ümid yenə də dövlət məmurlarına qalır. İcra hakimiyyətləri, bələdiyyələr, ictimai şuralar təbliğat aparmalıdır”.

Müsahibimiz bildirib ki, islam dininə görə qəbir sadə olmalı, yalnız nişanə xarakteri daşımalıdır. Türkiyədə, hətta İranda və bir çox müsəlman ölkələrində belədir: “Bizə ermənilərdən keçib qara mərmər məsələsi. Din xadimləri də xalqı maarifləndirmək yerinə, buna təşviq etdiyi üçün cəmiyyət bir-biri ilə rəqabətə girib, daha bahalı daşlar qoymaqda bəhsə girirlər”. 

Müsahibimiz problemdən çıxış yolu kimi standart məzar daşlarına keçilməsi üçün qanun qəbul edilməsini təklif edir. O, deyib ki, standart qəbir daşları ona görə tətbiq etmirlər ki, məmurların və yaxınlarının məzarı kasıbın, adi vətəndaşın məzarı ilə eyni olmasın. Həm də xaricdən bu daşları gətirib, külli miqdarda pul qazanırlar.

İlahiyyatçı bildirib ki, islam dinində bu cür təmtəraqlı məzar daşları, büstlər haramdır: “Qəbrin üstündə bir qarışdan hündür daş qoymaq haramdır. İndi məzarlıqlarda milyardlar yatır. O qədər pulu müsəlmanlar israf ediblər. Burada tanınmış adamların, böyük ictimai-siyasi liderlərin, xalqın öndə gələnlərinin məzarı istisnadır ki, onlara abidələr qoymaq olar. Peyğəmbərin də məzarı üstündə böyük məscid, abidə var. Amma bahalı daşlar, qəbirlərin geniş yerlərdə israf edilməsi, dünyadan beş əlli yapışmaq acgözlükdür. Qəbrin üstünə bahalı daş, abidələr qoymaq haram və böyük günahdır. Kasıblar da varlının qoyduğu daşa baxır, o da geri qalmamaq üçün kredit, sələm, borc alıb, həmin daşlardan qoydurur. Sonra da iki il kredit ödəyir. Bu, müsəlmanlıq deyil. Allaha və axirətə inanan adam ölüsünün üstünə bahalı daş qoydurmaq yerinə ölüsünün adına savab işlər görər, bulaq çəkər, yol düzəldər, kasıba əl tutar, yetimin təhsil haqqını ödəyər, şəhid ailəsinə dəstək olar, bu da onun ölüsünün əbədi savab dəftərinə yazılar”.

Məzar daşları haqqında daha çox məlumat almaq üçün onların satıldığı obyektlərdən birinə yaxınlaşdıq. Obyektin yanındakı heykəl diqqətimizi çəkdi. Divarlarında cürbəcür mərmər daşların asıldığı mağazaya daxil olub satıcıdan heykəlin qiymətini soruşduq. 32 min manatdır dedi. 

  • Heykəllərin qiyməti neçə manatdan başlayır?

  • Onu dəqiq demək olmur. Hansı daş olmasına, ölçüsünə, formasına, daşın qalınlığına, eninə, uzunluğuna görə qiymət dəyişir. Amma təxmini belə deyim, büst 17-18 min manata, büstdən bir az böyüyü 24-25 min manata, yarımçıq 26-27 min manata, bütöv isə 30 min manata olur. (Telefonunu çıxarıb, şəkilləri göstərir - red). Baxın, bu, daşla birgə 15-16 min manata başa gəlir. Sinə daşı və çatdırılmayla birlikdə isə haradasa 20-22 min manat olacaq.

  • Bəs məzar daşlarının qiyməti neçə manatdan başlayır?  

  • Ağ mərmər 800 manatdan, qara qranit isə 1400 manatdan başlayır. Ölçüyə və formaya görə qiymət dəyişir. 

  • Hansı ölkənin istehsalıdır?

  • Qara qranit Ukraynanın, Hindistanın və Çinin olur. Ağ mərmər isə yerli və Türkiyənin.

  • Bəs ən yaxşı, keyfiyyətli daş hansıdır? 

  • Ukrayna daşı ən yaxşısıdır.

  • İnsanlar ən çox hansına üstünlük verir? Həmişəki kimi ən bahalısına qaçırlar?

  • Elədir ki, var. İzah edə bilmirik ki, fərqi nədir, belə baxanda hamısı eyni şeydir. Gücünüz nəyə çatır, onu da etdirin. Müştəri gəlir, ilk sualı o olur ki, camaat ən çox hansından etdirir? Ən yaxşısı hansıdır? Biz də göstəririk, axırda başlayır endirim istəməyə. Deyirəm, imkanınız nəyə çatır, onu edək. Deyir, yox, sonra deyəcəklər, filankəsin qoydurduğu daşa bax. Ayıbdır, özümə sığışdırmaram. Siz ən aşağı yerini deyin, mən o pulu düzəldib, gələcəm. 

  • Gəlirlər?

  • Hə, eləsi var, qızılın satır, eləsi var borca girir. Amma necəsə o pulu düzəldib, gəlir. Biz də bacardığımız qədər endirim edirik. Vallah, heç düz-əməlli xeyir də götürə bilmirik. Bilirsiniz, Ukraynada bu saat müharibədi. Daşı gətirmək də zülmdür, ikiqat bahadır.


    Gələn müştəri də ondan istəyir özü də endirimli. Ürəyim dözmür, endirim edirəm, axırda olan mənə olur. Gərək hər kəs yorğanını ayağına görə uzatsın. Pulun çatmırsa, nə vacibdir ən bahasını etdirmək? Guya ölünün bu təmtəraqdan xəbəri olur? Hamımız ölüb gedəcəyik də. Nəyə lazımdır bu yarış?


  • Düzdür. Bəs məzarın yanındakı güldanlar neçəyədir?

  • Kvadrat güldanı hədiyyə edirik. Amma digərləri 60 manatdır.

  • Hədiyyəni qoyub 60 manatlığı seçən olur?

  • Niyə olmur. Elə imkanlılar var ki, güldan nədir, hətta büst qoydururlar. (Gülərək, sözünə davam etdi - red). Elə məzarlar görmüşük ki, adamın lap ölməyi gəlir. Hələ onun hasarını, geniş çardağını demirəm... Həyatdır da, bu dünyada görmədiyimiz dəbdəbəni öləndən sonra görürük. Heç onu da görmürük. Biz öləndən sonra nə bilirik qəbrimiz quru taxtadandır, yoxsa uca mərmərdən. Nəticədə hamımız eyni kəfənə bükülüb, giririk yerin altına.

  • Hasarla çardaq demişkən, bəs onlar neçə manatdan başlayır?

  • 3 nəfərlik yer üçün hasar minimum təxmini 750 manat, çardaq 2200 manatdır. Təbii ki, ölçüyə görə qiymət dəyişir. 

Söhbət üçün təşəkkür edib, məkanı tərk etdik. 

Qiymətlər həqiqətən də dodaq uçuqladır. İşin qəribə tərəfi də odur ki, insana sağlığında yox, yoxluğunda dəyər verirlər. Bəlkə də ölən şəxs sağlığında gəlib o məbləği istəsə, heç kim verməzdi. Hətta dəsmal çıxarıb ağlaşma qurub, öz borc-xərcindən dəm vurardılar. Amma yas sahibi olanda söhbət dəyişir, qloballaşır. Axı yas zamanı xərc çəkməyəni, ən yaxşısını etməyəni daşqalaq etmək kimi adətimiz də var. El qınağı od olub düşüb camaatın canına. Onun qorxusundan gözüyumulu borca girməyə belə razı olurlar. Amma desən, çıxar yetimə, kasıba kömək elə heç birinin qara qəpiyi də olmaz. 

Mövzu ilə bağlı ziyalıların da mövqeyi maraqlıdır. Görəsən, insanları bu dəbdəbə yarışından necə çəkindirmək olar? 

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli  Pressklub.az-a açıqlamasında bildirib ki, bu cür dəbdəbəli məzar daşları qoydurmaqdan çəkinmək lazımdır: “Qəbirlər müəyyən standartlarla formalaşsa, yaxşı olar. Yaxınını itirən adam məclis verməkdə, abidə düzəltməkdə özünü borclu bilir. Bu, psixoloji baxımdan başa düşüləndir. Amma bilmək lazımdır ki, bu dəm-dəstgahın ölənə heç bir faydası yoxdur. Ona görə də hər şey qədərində gözəldir. Aşırıya qaçmaqdan çəkinmək lazımdır. Aidiyyəti qurumlar standart qəbirlərin qurulması ilə bağlı tövsiyələr edə bilər. İnsanlar da bunu dərk edib, ənənəyə son qoymalıdır”. 

Yeri gəlmişkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiq edilib. Həmin Qaydaların 21 və 22-ci bəndlərində məzar yerləri və qəbirüstü tikililərlə bağlı tələblər də öz əksini tapıb. Burada məsələnin həssaslığı, xüsusilə  onun dini tərəfi nəzərə alınmaqla, qəbir yeri, başdaşı və sinədaşı ölçüləri müəyyənləşdirilib, eyni zamanda, qəbrin ətrafının hasara alınmamalı olduğu bildirilib.Amma yenə də insanların bir hissəsi bu qaydalara məhəl qoymur, öz bildiyini edir. 

Maraqlıdır, bununla bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) hər hansı maarifləndirici tədbirlər görürmü?

DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə Pressklub.az-a açıqlamasında bildirib ki, komitə bu məsələlər barədə maarifləndirmə tədbirlərinin keçirilməsinə önəm verir.

Müsahibimiz bildirib ki, DQİDK cəmiyyətdə rəqabət və sosial təqəbələşmə yaradan qəbirdaşı və yas mərasimlərindəki belə adətlərin aradan qaldırılması üçün ictimai müzakirələrin təşkili, eyni zamanda, həmin müzakirələrə ilahiyyatçı mütəxəssislər və din xadimlərinin cəlb olunmasında yaxından iştirak edir: “Ümumiyyətlə, Dövlət Komitəsi tərəfindən qəbir daşı və yas mərasimlərindəki təmtərağın və digər neqativ tendensiyaların qarşısının alınmasında ən səmərəli vasitə kimi ictimai qınağın və nəzarətin gücləndirilməsi vacib hesab olunur. Bu il də bu istiqamətdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub”. 

Həmsöhbətimiz deyib ki, cəmiyyətdə son illərdə məzar daşı və yas mərasimlərinə münasibətdə müsbət dəyişikliklər baş verib. Yas mərasimlərində və qəbirstanlıqlarda təmtəraq və dəbdəbədən imtina edilməsinə başlanılıb. 

Görəsən, insanların acısından faydalanan, ən həssas tərəflərinə toxunub, buradan biznes yaradan şəxslərə, mollalara, bir sözlə, “yas mafiyası” na son qoyulduğu günlər gələcəkmi?!

Günay Elşən

(Yazının əsas fotosu əslən lənkəranlı qanuni oğru “Çingiz Sedoy”un – Çingiz Axundovun məzar daşının görüntüsüdür)