Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

Dünyanın kül olmaq qorxusu...

ABŞ, Kanada, Tayvan, Polşa, Bolqarıstan, Rumıniya, Latviya, Litva, Estoniya və Moldova da daxil olmaqla dünyanın ondan çox ölkəsi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb. Bu gün isə Çexiya da onlara qoşulub. 

Nə baş verir? Onlar Rusiyanın bilmədiyi nələri bilirlər? Ruslar artıq narahat olmalıdır, yoxsa bu, hələ də sırf siyasi oyunlardır?

Rusiyada bundan əvvəl də hamı Qərb ölkələrinin öz vətəndaşlarına Ukraynanı dərhal tərk etmək və səfirlikləri Kiyevdən çıxartmaq çağırışlarını sırf siyasi oyun kimi qəbul edirdi. Təbliğatçılar, o cümlədən Rusiya XİN-in rəsmi nümayəndəsi Zaxarova, bu çağırışlara qəzəblə reaksiya verirdilər. Heç kim bunun ciddi olduğuna inanmırdı. Amma fevralın 24-də hamı gülməyi dayandırdı.

Hazırkı böhranın əsasında nə dayanır? İlk növbədə, xarici ölkədə ölmək istəməyən çağırış yaşlı yüz minlərlə rusiyalının səfərbərliyə çağırılması və bundan yayınması (Finlandiya hətta onların qarşısını almaq üçün Rusiya ilə sərhəddə hasar çəkməyə qərar verib). Ancaq bu cür narahatlığın səbəbi təkcə səfərbərlik deyil. Ritorika dəyişir, baş verən hərbi uğursuzluq və geri çəkilmələr fonunda demək olar ki hər gün Ukraynaya qarşı taktiki nüvə silahından istifadə çağırışları səslənir. Özü də ki, rusiyalı siyasətçilər dünyanın bu zərbəyə göz yumacağı, NATO-nun tam miqyaslı nüvə müharibəsindən qorxaraq heç bir şəkildə cavab verməyə cəsarət etməyəcəyinə əminliklərini ifadə edirlər.

Kadırov buna çağırır, Medvedev onun səsinə səs verir, Peskov birmənalı şəkildə nüvə doktrinasına işarə edir və nəhayət Putinin özü də kifayət qədər açıq şəkildə Rusiya ərazilərini (Ukraynanın ilhaq olunaraq Rusiyaya birləşdirildiyi elan edilən dörd regionu) qorumaq üçün “bütün vasitələrdən” istifadə etməyə hazır olduğunu bildirir.

Bu gün “The Times” sensasiyalı iddia ilə çıxış edərək yazıb ki, NATO Rusiyanın tezliklə Ukrayna ilə sərhəddə, böyük ehtimalla Qara dənizdə (İlan adasında?) “nüvə sınaqları” keçirə biləcəyinə inanır və bununla da dünyaya “kütləvi qırğın silahlarından istifadə etmək istəyini nümayiş etdirdiyini” hesab edir. Alyans bütün müttəfiqlərinə bununla bağlı xəbərdarlıq edib.

Amma Qərb açıq şəkildə bildirir ki, daha dözmək fikrində deyil, bu təhlükəli hədəni son hədd olaraq qəbul edir və bundan sonra NATO bütün mümkün sədləri aşan münaqişəyə müdaxilə etməli olacaq. Putinə edilən xəbərdarlıqlar çox sərt səslənir. Onlar ictimaiyyətə təfərrüatsız təqdim edilsə də, bəzən detallar sızır. Bu günlərdə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru David Petreus (o, ağlını tamamilə itirmiş qoca hərbçi deyil, Petreus Putinlə həmyaşıddır) bəyan etdi ki, Ukraynada nüvə silahından istifadə edilərsə, NATO əvvəlcə Rusiyanın Ukrayna və Krımdakı bütün qoşunlarını, hərbi texnikasını və infrastrukturunu, həmçinin Qara dəniz donanmasını məhv edəcək. Bu zaman üçüncü dünya müharibəsinə səbəb olmamaq üçün kütləvi qırğın silahlarından istifadə olunmayacaq.

Necədir?!

Optimizmə səbəb olan yeganə şey odur ki, dünyanın ən güclü kəşfiyyat xidmətlərinə malik olan iki dövlət - Böyük Britaniya və İsrail vətəndaşlarına dərhal Rusiyanı tərk etmək və səfirlikləri boşaltmaqla bağlı xəbərdarlıq etməyiblər. Elə Almaniya və Fransa da hələlik həyəcan təbili çalmayıb. Bu o deməkdir ki, hələ də radioaktiv kül olmaq qorxusu yaranmayıb. Hələlik döyüşdən əvvəl “baxış dueli” gedir. Döyüş özü isə baş tutmaya da bilər...