Logo
news content
User
Kateqoriyalar

Xəbər

Araşdırma

Qorxulu Tehran

Azərbaycanın İranla münasibətləri qəribə dövrünü yaşayır. Bir tərəfdən, Zəngəzur dəhlizinin İran variantı deyilən hissəsinin tikintisinə başlanılıb və tikinti hazırda da davam edir. Yəni, Araz çayı üzərindən dəmir yolu xətləri üçün körpülər tikilir. Dəmir yolu xətləri Ermənistanın Sünik rayonundan yan ötərək, daha sonra çay boyunca İran ərazisindən keçərək, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olacaq.

Amma demək olar ki, eyni vaxtda Tehranın müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən hərbi komandanlıq köhnə oyunu oynamağa davam edir. Onlar Bakını guya regionda sərhədləri dəyişmək istəyində ittiham etməyə başlayıblar. Çox açıq təhdidlər səslənir. Bundan başqa, yolların tikintisi həyata keçirilən ərazinin, eləcə də Türkiyə ilə sərhədin yaxınlığında hərbi təlimlər keçirilir.

İranın bu “əzələ oyunu” və hədələrlə nəyi nümayiş etdirmək istədiyi tam aydın deyil. Bəziləri hesab edir ki, Tehran, Ermənistanın Azərbaycan və Türkiyə ilə sülhə gəlməsi kimi bir regional prosesdən sıxışdırılıb çıxarılmasından narazıdır. Digərləri isə bunun İsrail müdafiə nazirinin Bakıya son səfəri və Azərbaycanın bu ölkə ilə arası kəsilmədən davam edən əməkdaşlığı ilə əlaqədar olduğunu düşünür. Üçüncülər isə hesab edir ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarətində olan İrandan Avropaya narkotik qaçaqmalçılığının yolunu kəsib.

Bu gərginliyin necə inkişaf edəcəyi bəlli deyil. İranla Azərbaycan arasındakı bu mürəkkəb münasibətlərin əsl səbəbi nədir və biz vəziyyət necə inkişaf edə bilər?

Press Klubun suallarını tanınmış analitiklər cavablandırıb.



Konstantin Tasiç, Cənubi Qafqaz üzrə rusiyalı ekspert:

- İran rəsmiləri bundan əvvəl də dəfələrlə regionda sərhədlərin dəyişdirilməsinin əleyhinə çıxış ediblər. İranlı ekspertlərin fikrincə, Tehran Ermənistan ərazisindən keçərək Gürcüstanın Qara dəniz limanlarına, eləcə də Rusiya və Avrasiya İqtisadi Birliyi ölkələrinə sərbəst çıxışını itirməkdən qorxur.

Yəni indiki vəziyyət yeni deyil. Azərbaycanın 2021-ci ilin payızında Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdıraraq, İran daşıyıcılarından gediş haqqı yığmağa başlamasından sonra da Azərbaycan-İran münasibətlərində oxşar kəskinləşmə müşahidə olunmuşdu. O zaman tərəflər sərt bəyanatlar səsləndirdilər. İran Azərbaycan sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirdi. Ancaq sonda vəziyyət həll olundu.

Bu baxımdan, mövcud ziddiyyətlərin geniş miqyaslı hərbi eskalasiyaya gətirib çıxaracağı ehtimalı azdır. Böyük ehtimalla, tərəflər razılığa gəlməyə çalışacaq və ticarət-iqtisadi, enerji və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini davam etdirəcəklər.



Mixail Neyjmakov, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki (Moskva):

- Bu təlimlər Azərbaycan və İran arasında münasibətlərdə narahatlığı artıran amilə çevrilsə də, ölkələr arasında dialoq qapısı bağlı deyil. Bakı ilə münasibətlərdə uzunmüddətli soyuqluq Tehran üçün də sərfəli ola bilməz. Buna görə də, bir sıra İran siyasətçilərinin sərt bəyanatlarına baxmayaraq, tərəflər iki dövlət arasında qarşılıqlı əlaqələrin yenidən intensivləşməsinə zəmin yaradan addımlar atırlar. Məsələn, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmmədhüseyn Baqiri ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında bu yaxınlarda keçirilmiş telefon danışıqları çərçivəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı məsələlərlə bağlı olan əməkdaşlıq məsələləri qaldırılıb.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin İstanbulda keçirilən konfransı çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili arasında son danışıqları da qeyd etmək olar. Çox zaman mədəni əlaqələrin müzakirəsi gərgin münasibətlərdə olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ilk addıma çevrilir.

Bildiyiniz kimi, bu, İran təhlükəsizlik qüvvələrinin 2021-2022-ci illərdə regionda keçirdiyi ilk təlim olmasa da, bir çox qiymətləndirmələrə görə, indiyə kimi keçirilən ən geniş miqyaslı təlimdir. 2020-ci ilin noyabrından başlayaraq Bakı və Tehran arasında münasibətlər həm istiləşmə, həm də daha da gərginləşmə mərhələlərini keçib. Bir daha təkrar edim ki, Bakı ilə münasibətlərdə uzun müddət davam edən gərginlik İran üçün obyektiv olaraq əl vermir. Xüsusən də, “nüvə sazişi” üzrə danışıqlar perspektivinin hələ aydın olmadığı bir vəziyyətdə.

Rauf Orucov