Logo
news content
User
Kateqoriyalar

Analitika

Təmas xətti

Düyünə düşmüş sülh müqaviləsi
Paşinyan “hazıram” deyir, amma irəliləyiş yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 10-da “İrəvan dialoqu” beynəlxalq forumunda çıxış edərkən Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə aparılan danışıqlara toxunub.

O, layihənin 13 bəndinin və onun giriş hissəsinin tam razılaşdırıldığını təsdiqləyib. “İki cümlədən ibarət daha 3 bənd qismən razılaşdırılıb. Bu maddələrdə bir cümlə razılaşdırılıb, digəri razılaşdırılmayıb”, - o əlavə edib.

“Sülh müqaviləsinin razılaşdırılmış hissəsi Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər qurulmasına dair müddəanı nəzərdə tutur. Biz açıq və rəsmi şəkildə belə təkliflə çıxış etmişik. Ən qısa zamanda sülh sazişinin mətnini və diplomatik münasibətlər qurulması barədə razılaşmanı imzalamağa hazır olduğunu bildirirəm”, - Paşinyan davam edib.

O, Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı iradlarını rədd edib. Paşinyanın iddiasına görə, əksinə, məhz Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Azərbaycanın 1991-ci ildə qəbul etdiyi Konstitusiya Aktında 1918-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Müstəqillik Bəyannaməsinə istinad edilir. Və burada hazırkı Ermənistanın əraziləri Azərbaycan ərazisi kimi göstərilib. "Lakin biz bunu danışıqların predmetinə çevirmirik. Çünki sülh müqaviləsinin razılaşdırılmış mətnində tərəflərin sülh müqaviləsinin müddəalarına əməl etməməsinə haqq qazandırmaq üçün öz daxili qanunvericiliklərinə istinad edə bilməyəcəkləri barədə bənd var", - o deyib. 

Bəs, Bakı niyə İrəvana doğru addım atmağa, sülh sazişini imzalamağa, Ermənistanla münasibətləri normallaşdırmağa davam etməyə və Rusiyanı regiondan birlikdə sıxışdırıb çıxarmaq üçün razılaşdırılmış hərəkətlərə başlamağa tələsmir? Sülh və xarici təzyiqin olmaması Cənubi Qafqaz xalqlarının və dövlətlərinin maraqlarına uyğun deyilmi?

Rusiyalı siyasi ekspert Yeqor Kuroptev (Tbilisi) Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Hazırda Azərbaycanın Rusiyanı hardansa sıxışdırıb çıxarmağa doğru istiqamətləndiyini görmürəm”, - politoloq deyir. – “Əksinə, Azərbaycan əsas tərəfdaşı olan Türkiyə ilə birlikdə Kremlin təşəbbüsü ilə yaradılmış BRICS-ə üzv olmaq üçün müraciət edib. Rusiya, Çin və İran isə bu təşkilatı siyasiləşdirirlər və ona müharibədən sonra dünya düzənində Qərbə əsas alternativ kimi baxırlar. Bakı, Ankara və digər paytaxtlar bunu başa düşür və şüurlu şəkildə tərəf seçirlər. Gürcüstan hakimiyyəti Rusiyanın xarici agentlər haqqında qanununun analoqunu qəbul edən zaman Kremlin tərəfini tutduğu kimi, BRICS-ə daxil olmaq üçün müraciət də hazırkı geosiyasi reallıqda tərəf seçimidir”.

Onun sözlərinə görə, Ermənistan regionun demokratik dünya tərəfə seçim etməyə çalışan sonuncu ölkəsi olaraq qalır. “Amma təəssüf ki, yumşaq desək, Qərbin Ukraynaya müharibədə qalib gəlməyə kömək etməyə çalışmadığını nəzərə alsaq, hesab edirəm ki, Ermənistan Kremlin yaratdığı hansısa başqa bir birliyə qoşulacaq, ya da Moskvanın həddindən artıq güclü təzyiqlərinə tab gətirməyə məcbur olacaq. Buna qədər Kremlin bölgədəki təsirinin Türkiyə tərəfindən hansısa şəkildə tarazlaşdırılacağına ümid var idisə, BRICS-ə müraciətdən sonra artıq belə ümid qalmayıb”, - Kuroptev yekunlaşdırıb.

Rauf Orucov