Logo
news content
User
Kateqoriyalar

Reportaj

Təmas xətti

Taleyin ümidinə buraxılan tarixi abidələr
Abidə qorunmayacaqsa, onun elə minilliklər boyu yatdığı torpaqda qalması yaxşıdır

“Azad edilmiş torpaqlarda beynəlxalq ekspedisiyaların fəaliyyət göstərməsi qarşımızda duran vəzifələrdən biridir!” Bunu Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bir neçə ay əvvəl Bakıda keçirilmiş elmi sessiyada söyləyib, Qarabağda – Xocalıda, Ağdamda, Füzulidə, Zəngilanda arxeoloji tədqiqatların aparılacağını, ya genişləndiriləcəyini deyib. 

Tədqiqat aparmaq, keçmişi öyrənmək vacib məsələdir. Amma üzə çıxarılan abidələri maddi-mədəni nemətlər kimi qorumaq, dünyaya nümayiş etdirməyi bacarmaq ondan az əhəmiyyət kəsb etmir. (Təsadüfi deyil ki, institut direktoru beynəlxalq ekspedisiyaların – özü də məhz azad edilmiş ərazilərdə – bu işə cəlb ediləcəyini xüsusi vurğulayır.) Abidə qorunmayacaqsa, onun elə minilliklər boyu yatdığı torpaqda qalması yaxşıdır. 

Bəşər tarixində sıçrayış və sivilizasiyanın başlanğıc nöqtəsi sayılan neolit dövrünə və ondan sonrakı mərhələlərə aid arxeoloji abidələrin sayı Azərbaycanda kifayət qədərdir. İndiyədək tədqiq olunmuş və hazırda da araşdırmalar davam etdirilən qədim yaşayış məskənlərimiz var. Onların ətradında son illər aparılan işlərə ABŞ, Almaniya, Cənubi Koreya, Yaponiya, İtaliya, Danimarka, Rusiya və başqa ölkələrin mütəxəssisləri böyük maraq göstərirlər. 

Biz də öz araşdırmamızı aparmışıq və təəssüf doğuran nəticəyə gəlmişik: arxeoloji qazıntılardan sonra tədqiqat işləri mövsümi, ya başqa səbəbə görə dayandırılmış, yaxud başa çatdırılmış tarixi əhəmiyyətli məkanlar, necə deyərlər, Allahın ümidinə buraxılırlar. 

Belə abidələrdən biri Ağcabədi rayonu Taynaq kəndi ərazisində yerləşən, xalkolit, yəni mis dövrünə aid Canavartəpə qədim yaşayış məskənidir. 

Burada arxeoloji tədqiqata 2024-cü ilin oktyabr ayının 10-dan başlayıblar.

Abidənin ətrafı örüş və əkin sahələridir, odur ki, əraziyə tez-tez məişət və heyvandarlıq məhsullarının tullantıları atılır. Antisanitar vəziyyət burada araşdırmaların aparılmasına mane olmaqla yanaşı, həm də yerli arxeoloqlarla birgə çalışan xarici qonaqlarda mənfi təəssürat oyadır.

Canavartəpə abidəsində aparılan qazıntı işlərində Almaniyadan olan mütəxəssislər də iştirak edirlər... 

 

Arxeologiya və Antropologiya İnstitutu "Qarabağ" arxeoloji ekspedisiyasının çöl tədqiqatlarının rəisi, tarix elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Hidayət Cəfərov deyir ki, qazıntı işləri başa çatdıqdan sonra abidələrin əhəmiyyəti daha da artır.

- Bir abidə üstü açıldıqdan sonra konservasiya olunmursa, üstü bağlanmırsa, qorunmursa, mühafizə edilmirsə, tədqiqat aparmağın mənası qalmır. Çünki o dağılıb gedəcəkdir.

Arxeoloji qazıntı qaydalarına görə, bir dəfə açılan abidəni bərpa etmək – tam əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. Burada onun hansı kateqoriyaya aid olması xüsusi rol oynayır:

 - Söhbət kurqandan, qəbirdən gedirsə, qazıntı birmənalı olaraq qurtarmalıdır. Yaşayış yerlərində isə müəyyən bir sahə götürülür, müəyyən dərinliyə qədər tədqiqat davam etdirilir, təbəqələr öyrənilir, ərazinin planı və fotosu çəkilir, hesabat hazırlanır. 

Dünya praktikasında bütün arxeoloji abidələrin sonrakı taleyi əvvəlcədən müəyyən edilir. Xüsusi əhəmiyyətlidirsə, layihəsi hazırlanır, qazıntı müəyyən şərtlər əsasında aparılır, iş başa çatdıqdan sonra tədqiqat sahəsinin üstü yüngül konstruksiyalı şüşə örtüklə bağlanır. Bu, abidəni yağışdan, küləkdən mühafizə edir, onun aşınmasının qarşısını alır, həm də arxeoloji tədqiqatın mahiyyətini gücləndirir. Abidənin olduğu kimi saxlanılması, bina və ya ocaq yerlərinin, məişət qalıqlarının, ümumiyyətlə, mədəni təbəqələrdən nə çıxırsa, hamısının müəyyən mənada konservasiyası təmin olunur.

Professor Cəfərov deyir ki, arxeoloji abidəni bərpa etməyə heç kimin ixtiyarı yoxdur. Tədqiqat yerində hər şey necə varsa, o cür də konservasiya edilməklə saxlanılmalıdır: 

- Bu, həm mütəmadi olaraq arxeoloji araşdırmaları davam etdirməyə, həm də arxeoturizmin inkişafına yaxşı şərait yaradır.

 “Elə arxeoloji abidələr ki var, qazıntılardan sonra onların böyük əhəmiyyət daşıdığı məlum olur. Belə obyektləri özəl sektorda turizm sahəsində çalışan sahibkarlara vermək mümkündür? Turizm şirkətləri həm onları qoruya, həm də ora ziyarətçilər cəlb edə bilərlərmi?” sualına professor belə cavab verir: 

- Bu, yenilik deyil... Düşünürəm ki, bunun üçün sırf dediyimiz işlə məşğul olan müəssisələr yaranmalı, onlar özləri maliyyələşməlidir. Hazırda Mədəniyyət Nazirliyində tarixi abidələrin mühafizəsi ilə məşğul olan qurum var. Amma misal üçün, biz abidənin əhəmiyyətini elmi cəhətdən əsaslandırarıq, onun mühafizəsi və arxeoturizmin inkişafını isə özəl sektor təmin edə bilər. Qardaş Türkiyənin nümunəsinə baxmaq olar. Orada arxeoloji abidələrin qorunması və təyinatı üzrə istifadə edilməsi bələdiyyələrin səlahiyyətindədir. Bir misal da çəkim. Ölkə rəhbərinin göstərişi ilə Ağdamdakı 4 minədək yaşı olan, Azərbaycanın dövlətçilik tarixini, proto-şəhər mədəniyyətini öyrənmək üçün çox böyük əhəmiyyətə malik Üzərliktəpə yaşayış yerində arxeoloji tədqiqatlar gedib. Min kvadratmetr sahəyə yaxın ərazidə yüksək səviyyədə, müasir tələblərə uyğun araşdırma aparılıb. Düzdür, hazırda da orada arxeoloq qrupu araşdırmanı davam etdirir. Oranın da üstü primitiv şəkildə bağlanmışdı... Külək vurur, yağış yuyub aparır. Özü də, yenidən tikilən Ağdam şəhərinin düz mərkəzinə düşür. Həmin abidə arxeoturizm üçün çox əlverişli ola bilər. 

Üzərliktəpə arexoloji abidəsində ötən əsrdə də araşdırma aparılıb və burada əldə olunan nümunələr orta tunc dövrünün öyrənilməsində böyük əhəmiyyət daşıyıb.

Rayon ərazisində xeyli arxeoloji abidə var ki, son vaxtlara qədər burada aparılan qazıntılar zamanı nəinki Azərbaycan, hətta Cənubi Qafqaz tarixini öyrənmək üçün tutarlı maddi nümunələr aşkarlanıb. Çəmənli və Sarıcalı kəndləri yaxınlığında eneolit dövrünə aid dörd yeni yaşayış yeri – Sarıcalı, Qarağantəpə, Garus-1 və Garus-2-nin, Mirəşelli kəndində bizim eradan əvvəl XII-XI əsrlərə aid Palıdlı-2 yaşayış məskəninin və ondan bir kilometr şimalda çoxtəbəqəli Şomulutəpə yaşayış yerinin, yaxınlıqdakı Palıdlı nekropolunun, Quzanlı kəndi ərazisində eneolit dövrünə aid Leylantəpə arxeoloji abidələrinin də bugünkü vəziyyəti acınacaqlı sayıla bilər.

Bölgədə, bərpaya və mühafizəyə ən çox ehtiyac duyan abidələrdən biri isə Füzuli rayonunun Babı kəndində yerləşən, camaat arasında “Şıxbaba türbəsi” kimi tanınan səkkizguşəli Şeyx Babı Yaqub türbəsidir. Bu tarixi memarlıq abidəsi 1273-1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən ucaldılıb. Ətrafında bir neçə sərdabə var ki, artıq tamamilə dağılıb və ya yer üzündən silinmək ərəfəsindədir. Qəbirlərdəki tarixi əşyalar açıq havanın təsirindən tamam korlanıb.

 

Şuşa və Xudafərin körpüsündən sonra Qarabağın ən dəyərli memarlıq abidələrindən biri sayılan Şeyx Babı Türbəsi Qarabağ müharibəsinin iki mərhələsində də ciddi zərər görüb, 90-cı illərdə əlavə dağıntıya məruz qalıb. İndi onun gələcək nəsillərə çatdırıla bilməsi üçün bu abidənin ən yüksək səviyyədə mühafizəsinə və konservasiyasına ehtiyac var. 

Teymur Zahidoğlu