Xarıbülbül sadəcə çiçək deyil…

Əl-Əhram, Misir 15.09.2021

Müəllif: Mahmud Səd Diyab

Cənubi Qafqaz dağlarında 400-dən artıq çiçək növü var. Onların arasında Azərbaycanın Qarabağ bölgəsində bitən Xarıbülbül bir çox qədim əfsanələrdə yer alıb və bu əfsanələr nəsildən-nəslə keçib. Bu nadir çiçək məhəbbət və sədaqətin, eləcə də xəyanətin rəmzinə çevrilib. Xarıbülbülün qəribə özəlliyi ondadır ki, bu çiçək yetişdiyi torpaqdan ayrı düşdükdə solur. Onu başqa yerlərdə becərmək cəhdləri uğursuz olur. Çünki onun yayıldığı unikal təbii areala dünyanın başqa yerində rast gəlinmir.

Xarıbülbül Qarabağın qəlbi sayılan Şuşada daha çox bitir. O, formasına görə bulbul adlı quşa oxşayır. Gülün adı da buradan götürülüb. “Xarı” Azərbaycan dilində tikan deməkdir, bülbül isə quş adıdır. Xarıbülbülə yaxından baxsan, gülün ətrafa sallanmış üç ləçəyinin olduğunu asanlıqla görə bilərsən. Onlardan ikisi quş qanadını xatırladır, ortadakı isə bülbülün baş hissəsinə oxşayır. Olduqca zərif və qoxusuz olan bu çiçək heyrətamiz görkəmə malikdir. Bitkinin gövdəsinin hündürlüyü 60-70 santimetrdir. Çiçək soyuğa dözümlüdür. O, dağlarda qarın əriməsindən sonra çiçək açaraq, sanki baharın müjdəçisi olur. Buna görə də xarıbülbülün çoxlu əfsanə və xalq nağıllarının mövzusuna çevrilməsi heç də qəribə deyil.

Sülh və sevgi əfsanəsi

Çox yayılmış əfsanələrdən birində deyilir ki, bir bülbül Şuşada bitən yüzlərlə gülün içərisində adi bir çiçəyə aşiq olur. Onların səmimi sevgi hekayəsi aləmə yayılır, quşlar, çiçəklər, ağaclar bundan xəbərdar olur, insanlar arasında olduğu kimi, onlar arasında da söz-söhbətlər dolaşır. Bülbül və gül bir-birini dəlicəsinə sevirlər. Bülbül gecə-gündüz sevgilisinə nəğmələr qoşur, öz hisslərini ifadə edir. Tezliklə onların eşq hekayəsi ətrafa yayılır. Eşidənlərin çoxu sevinir. Lakin xarı, yəni tikan buna dözə bilmir və bu eşq hekayəsini dayandırmaq üçün tələlər qurmağa başlayır. Bir müddət keçdikdən sonra tikan da həmin gülə sevgisini bildirərək, aşiqlər arasına ayrılıq sala biləcəyini düşünür. Lakin alicənab gül onun sevgisini rədd edir və bülbülə olan məhəbbətinə sadiq qalmağı seçir. “Xarı” çox qəzəblənir və gülün ləçəklərini bir-bir yeyir. Ləçəklərin yalvarışları bülbülə çatır. Quş anlayır ki, onun sevimli çiçəyi ölümlə üz-üzədir. Ona görə də həzin bir nəğmə oxumağa başlayır, bütün qonşu çiçəklər də ona qoşulur…

Amma yazıq gül zəfiləyir. Hamı onun xilası üçün yalvarır, hətta bu böyük sevgi uğrunda özlərini qurban verməyə hazır olduqlarını bildirirlər. Onların çağırışları cavabsız qalır. Bülbül bunu görüb özünü sevgilisinin qəlbində gömməyə qərar verir. Bununla da gül, tikan və bülbül bir çiçəyin – xarıbülbülün ayrılmaz hissəsinə çevrilir. Çiçəyin üzərində bülbülün baş hissəsini örtən ağ və sarı rənglər, onun qanadlarını örtən açıq qırmızı rəng bir-biri ilə harmoniya yaradır.

Həmin həzin nəğmə sevgi yolunda fədakarlıq rəmzinə çevrilir. Hər baharda çiçəyin ləçəkləri açılarkən insanlar sülh, məhəbbət və vəfa əlaməti olan bu nəğməni oxuyurlar. Üzü çiçəyin ürəyinə doğru əyilmiş “xarı”nın (tikan) şəklindən görünür ki, o, sevgililəri ayırmaq üçün etdiyi cinayətdən xəcalət çəkir, sanki özünü əbədi olaraq dünya işığından gizlədir. Vaxt keçdikcə, çiçək bütün regionun rəmzinə çevrilir.

Xarıbülbülün təsvirinə Azərbaycan xalçalarında da rast gəlmək mümkündür. Hazırda bir musiqi ansamblı “Xarıbülbül” adlanır. Azərbaycanın 20 manatlıq əsginasının üzərində də xarıbülbül çiçəyinin şəkli var.

Xan qızının əfsanəsi

Xarıbülbüllə bağlı daha bir əfsanə var. Deyilənə görə, İran şahının oğlu Şuşa üçün qəribsəyən xanımı, Qarabağ xanının qızı üçün bir bağ saldırır. Qadının nisgilini azaltmaq üçün bu bağda Qarabağda, Şuşada bitən bütün ağacları, gülləri əkirlər. Hamısı bitir, xarıbülbüldən başqa.

Bu çiçəyə həsr edilmiş nəğmə nəsildən-nəslə gəlib çatmış folklor nümunəsidir.

Təbiətin möcüzəsi

Araşdırmaçı jurnalist Vasif Quliyev çiçək haqqında bunları deyir: “Yazın gəlişindən bir neçə gün sonra qarlı dağlar ağ libaslarını dəyişərək yaşıl örtüyə keçir. Bu zaman bu regionun meşələrində, çöllərində bir çiçək baş qaldırır. Onun adı xarıbülbüldür, o, təbiətin möcüzəsi və sevgi çiçəyi hesab edilir”.

Jurnalist deyir ki, kökləri kartof bitkisinə bənzəyən bu çiçəyin ömrü cəmi bir aydır. Bitkinin gövdəsinin yerdən hündürlüyü 70 santimetrə çatır. Bir bitkinin üzərində 7 çiçək olur. Çiçəklər aşağıdan yuxarıya doğru növbə ilə açır. O qeyd edir ki, xarıbülbül ekvatorial səhləbkimilər fəsiləsinə aid olsa da, məhz qışı soyuq olan bu regionda bitir. Ümumiyyətlə, bu fəsiləyə aid çiçəklər arı, hörümçək, ağcaqanad və s. həşaratlara oxşar şəkildə olur. Bu fəsilədən olan digər bitki növü qədim yunanlarda sevgi ilahəsinin adı ilə “Venera ayaqqabısı” adlanır. Bununla bağlı bir əfsanədə deyilir ki, Zöhrə (Venera) səmada gəzib dolaşırmış. Kainat Veneranın gözəlliyinə vurulur və onun adını planetə verir. Venera səmada sevincindən rəqs edərkən ayaqqabısı yerə düşür və çiçəyə çevrilir. Onun adını “Venera ayaqqabısı” və ya “Venera çəkələyi” qoyurlar.

Xarıbülbül festivalı

Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan sonra, mayın əvvəlində şəhərdə 32 ildən sonra ilk dəfə Beynəlxalq Xarıbülbül Festivalı keçirilib. 1989-cu ildən 1992-ci ilədək Şuşada bu festival davamlı olaraq keçirilib və onda bir neçə dövlətin nümayəndələri iştirak edib. Festival çərçivəsində incəsənət, rəsm, poeziya və ədəbiyyat üzrə yarışlar, eləcə də at yarışları keçirilərdi. Məşhur Qarabağ atları bu festivalda diqqət mərkəzində olar, həmçinin Cıdır düzündə konsertlər, güləş yarışları təşkil edilərdi. Festival beynəlxalq səviyyədə nüfuz qazanmışdı. O, təkcə Azərbaycanın yo, bütünlükdə keçmiş SSRİ-də mühüm mədəniyyət tədbirlərindən hesab edilirdi.

2021-ci ildə festival fərqli ruhda keçib. Şuşada baharın gəlişi münasibətilə Novruz tonqalı qalanıb. Bu, baharın gəlişi ilə əlaqədar ənənələrdən biridir və bütün Orta Asiya dövlətlərində yayılıb.

Tədbir çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışları olub, klassik və xalq musiqi nümunələri dinlənilib. Festivala dəvətlilər arasında tanınmış ictimai xadimlər, mədəniyyət nümayəndələri, Qarabağın, o cümlədən Şuşanın məşhur şəxsləri, Azərbaycanda yaşayan xalqların folklor qrupları var idi. Festivalda Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi musiqi sənətinin inkişafına adlarını əbədi həkk olunmuş müğənnilərin əvvəllər bu festivaldakı çıxışlarından lent yazıları da nümayiş etdirilib.

Şuşa 270 il əvvəl Qarabağ xanı Pənah Əli xan tərəfindən inşa edilib. İndi xarıbülbül çiçəyi və eyni adlı festival bu şəhərin öz qədim şöhrətinə qayıdışının rəmzidir. Şəhər əsrarəngiz təbiətə malikdir. Burada dünyada tayı-bərabəri olmayan gözəl abu-hava hökm sürür. Şuşaya gələn qonaqlar onu tərk etmək istəmir. Şuşanı tərk etmiş sakinlərin sanki ruhu sönür – sudan çıxmış balıq kimi…

(Ərəb dilindən tərcümə – WorldMedia.Az)