Müəllif: Emin Pazarcı

Akşam (Türkiyə), 05/09/2021: 

İran rəsmiləri sıraya düzülüb. Uzun müddətdir Azərbaycanla çəkişirlər. Biri dayanır, digəri başlayır – hədəf Azərbaycan Prezidenti İlham Əliyevdir.

Niyə?

Çünki Əliyev “kral çılpaqdır” deyib. Xalq məsəli ilə desək, “sirr saxlanan məsələni toy məclisində danışıb”. Hər birimizin və dünyanın bildiyi İran gerçəkliyini açıqlayıb. Adı “İslam Cümhuriyyəti” olan İranın müsəlman Azərbaycanı qarşısında Ermənistana dəstəyini ifşa edib.

Bununla da hücumlar başlayıb…

Qəribədir ki, etiraz edənlər tez-tez “sionist rejim”, “İsrail” ifadələrindən də istifadə edirlər. Halbuki, baş verənlərin nə sionizmə, nə İsrailə aidiyyatı var. Problem Yerevana nə daşıdıqları bilinməyən İran TIR-larıdır! Üstəlik, bu, heç də yenilik deyil. İran Azərbaycana qarşı illərdir Ermənistanı dəstəkləyir.

Çünki Azərbaycanın güclənməsini istəmir. Azərbaycanı özünə təhlükə sayır. Səbəb isə öz içərisindəki İran Azərbaycanıdır. Güclənən Azərbaycanın onun sərhədləri daxilində də təsir imkanlarına malik olacağından çəkinir. Bu qorxu ilə illərdir erməniləri dəstəkləyir.

Ortaya çıxmış son problem Azərbaycan Prezidenti İlham Əliyevin bu əməkdaşlığı ifşa etməsindən, “artıq yetər” deməsindən qaynaqlanır.

***

Uzun illər öncəydi. Azərbaycan müstəqillik qazanmışdı. Prezident Əbülfəz Elçibəy ilk mətbuat konfransını keçirirdi. Çıxışının bir hissəsində bu sözləri dedi:

“Şimali Azərbaycan qurtuldu. İndi növbə Cənubi Azərbaycanındır!”.

Doğru idi, yoxsa yanlış, zamanı idi, yoxsa deyildi – bunlar ayrı söhbətin mövzusudur. Amma Elçibəyin bu sözləri söylədiyinə şəxsən şahidəm. Çox sayda azərbaycanlının yaşadığı İran o vaxtdan bu yana Azərbaycana qarşıdır. Adı “İslam Cümhuriyyəti” olsa da, o, müsəlman azərbaycanlılara qarşı davamlı olaraq Ermənistanla əməkdaşlıq edib.

Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin də səbri tükəndi…

“Artıq yetər” dedi.

Bu açıqlamasının ardından o, İran rəsmilərinin hədəfinə çevrilib.

***

Çox səs-küylü bir hadisəni açıqlamağın vaxtıdır…

Bu gün Azərbaycan və İlham Əliyevib əzmi, Türkiyənin dəstəyi ilə işğaldan azad olunmuş Qarabağ ermənilərin hücumuna məruz qalmışdı. Ruslardan dəstək alan ermənilər Qarabağı addım-addım işğal edirdi. Rusiya helikopterləri aviazərbələrlə yol açır, arxadan ermənilər gəlirdi. Dövrün dövlət başçısı Əbülfəz Elçibəy dərdli idi. O, Türkiyədən belə, yardım ala bilmirdi.

Nəhayət, çarə tapılmışdı. Əfqan mücahidlərlə əlaqə yaradılmış, özbək komandir Azad Bəy yardım göstərəcəklərinə söz vermişdi.

Bir qrup mücahid Azərbaycana yardıma gələcək, helikopterlərə qarşı “Stinger” raketləri də gətirəcəkdilər. Bununla da onlar Azərbaycan polisi ilə birlikdə Yerevana qədər gedə bilərdilər. Xəbər İranın xüsusi xidmət orqanlarına çatır və Azad Bəyin helikopteri Hazara bölgəsində vurulur. O zaman bölgə İranın nəzarətində idi. Maraqlıdır ki, vurulmuş helikopterdə olan hər kəs sağ qalır, tək Azad Bəydən başqa…

Azad Bəy dostum idi. Bu, detallarını bildiyim hadisədir. İranın gizli əməliyyatı idi.

Guya “İslam Cümhuriyyəti” olan İran belə dövlətdir. O, Azərbaycanı itirməmək üçün şeytanla da əməkdaşlığa gedər.

Necə ki, gedib.

(Türk dilindən tərcümə – WorldMedia.Az, mənbə: AKŞAM)