EL UNIVERSAL, Meksika, 17.09.2021

Müəllif: Gabriel Moyssen

Ermənilərlə atəşkəsdən sonra hökumət minaların təmizlənməsi və sərhədlərin delimitasiyasını prioritet hesab edir; lakin bu, asan iş deyil.

Güclü partlayış, ardınca boz tüstü Azərbaycanın 27 illik erməni işğalından sonra 44 günlük müharibədə geri aldığı Dağlıq Qarabağdakı Füzuli ilə Cəbrayıl arasındakı magistral yolda sakitliyi pozur. Bu, 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən sonradır. Beləliklə, tank əleyhinə mina Azərbaycanın Minatəmizləmə Agentliyinin qrupları tərəfindən heç kimə zərər vermədən, məsafədən partladılır. Hadisə “El universal” da daxil olmaqla, Latın Amerikasının mətbuat nümayəndələrinin bu Qafqaz ölkəsinə səfəri zamanı, bizim gözlərimizin önündə baş verir.

Amma bu, dənizdə bir bamladır. Ərazinin minalardan təmizlənməsi işlərinə məsul olan zabitin dediyi kimi, 35 dərəcədən yuxarı hərarətdə yüz minlərlə tank və piyada əleyhinə minaları zərərsizləşdirmək lazımdır. Ermənistan qoşunları Qarabağ və ona bitişik 7 rayon ərazisində hətta plastic minalar belə, quraşdırıb. Bu gün 1,2 milyon qaçqının geri qaytarılmasına ən böyük maneə məhz budur.

Atəşkəsdən sonra bu minalar 103 mülki azərbaycanlının, həmçinin 4 hərbçinin ölümünə səbəb olub, yüzlərlə insanı yaralayıb. Hətta iki erməni də öz hərbçilərinin basdırdığı minaya düşərək, həlak olub.

10 min kvadrat kilometrlik ərazinin minalardan təmizlənməsi çox çətin, səbr tələb edən prosesdir. Çünki Ermənistan hökuməti Azərbaycana minalanmış ərazilərin xəritələrinin yalnız bir qismini verib.

Azərbaycanın dəniz kənarında yerləşən müasir paytaxtı Bakıda ölkənin xarici işlər nazirinin müavini Elnur Məmmədovdan müsahibə alırıq. O, deyir ki, minaların təmizlənməsi və sərhədlərin demarkasiyası Azərbaycan prezidenti İlham Əliyev hökumətinin prioritetlərindəndir. Lakin Ermənistan buna hələ də müsbət reaksiya vermir. Yerevanın Azərbaycan əsgərlərinin Syunik və Geqarkunik bölgələrinə girdiyini bəyan etməsindən sonra (Bakı bu iddiaları rədd edir), Moskva bu ilin mayında iki ölkə sərhədlərinin demarkasiyası üçün müştərək komissiyanın yaradılmasını təklif edib. Lakin Ermənistan hökuməti Azərbaycan qoşunlarının geri çəkilməsini tələb edərək, danışıqlara yalnız bundan sonra başlaya biləcəyini deyir.

Elnur Məmmədov ərazilərin minalanması ilə bağlı BMT-yə və Avropa İnsan Haqları Məhkəməsinə məlumat verdiklərini bildirir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə deyir: “Təkcə Ağdam ətrafında 97 minə yaxın mina və partlamamış hərbi sursat var. 1992 -ci ildə Ermənistanın Qarabağı işğal etməsindən sonra ATƏT tərəfindən yaradılmış Minsk qrupu bu münaqişəni sülh yolu ilə həll etməli idi. Lakin bu qurum 30 ildə heç nəyə nail ola bilmədi”.

“İndi prezident Əliyev onlardan üçtərəfli atəşkəs sazişinin həyata keçirilməsinə dəstək vermələrini istəsə də, hələlik qarşı tərəfdən konkret təklif yoxdur”, – deyə Leyla Abdullayeva bildirir.

Abdullayeva Bakının Latın Amerikası ilə əlaqələrindən də danışıb. Onun sözlərinə görə, Azərbaycan 2019-cu ildən etibarən Sakit Okean Alyansında (Meksika, Peru, Çili və Kolumbiya) müşahidəçi statusuna malikdir. “Artıq coğrafi məsafə ölkələr arasında münasibətlərin inkişafına maneə deyil. Bu, turizm, iqtisadiyyat və mədəni sahələrindəki ortaq maraqlarımıza mane ola bilməz”, – deyə L.Abdullayeva qeyd edib.

Füzuli, Cəbrayıl, Ağdam, həmçinin Azərbaycan mədəniyyətinin beşiyi sayılan, dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə yerləşən Şuşaya səfərimiz  zamanı son döyüşlərin şiddətini təxmin edə bildik. Son müharibədə hər iki tərəfdən ümumilikdə 6-10 min arası insane həlak olub. Münaqişə bu əraziləri böyük xarabalığa çevirib. Dağılmış evlərin qalıqları, tərk edilmiş tanklar, sökülmüş abidələr, Fars imperiyası və ya Sovet dövrünə aid dağılmış tarixi binalar kədərlidir…

Bələdçinin sözlərinə görə, Cəbrayıl təpələrindəki müsəlman qəbiristanlığı ermənilər tərəfindən təhqir olunub – onlar cəsədlərin qızıl dişlərini sökmək meyitləri məzardan çıxarıblar…

Bu kimsəsizliyin ortasında kimsəsiz əsgər məzarına gətirilmiş qırmızı çiçəklər isti Qafqaz yayının qəhvəyi, sarımtıl mənzərəsi və ümumi ruhu ilə ziddiyyət təşkil edir…

Müharibə zamanı ermənilər azərbaycanlıların daha “Dağlıq” adlandırmadıqları Qarabağdan xeyli uzaqda yerləşən, ölkənin ikinci böyük şəhəri olan Gəncəni də ballistik raketlərlə vrublar. Nəticədə 30-dan çox dinc sakin həlak olub. Ermənilər bunu Stepanakertdəki (Xankəndi – WM) etnik ermənilərə hücuma cavab adlandırırlar. Onlar bu şəhəri 1991-1994-cü illərdəki müharibə nəticəsində işğal etdikləri torpaqlarda elan etdikləri, lakin tanınmamış “Artsax Respublikası”nın (dırnaq işarəsi bizə aiddir – WM) payaxtı sayırlar.

Azərbaycan işğaldan azad etdiyi ərazilərdə artıq yenidənqurma işlərinə başlayıb. Hər yanda əsas infrastrukturu qurmaqda olan ağır texnikalar görünür. İddialı planlar var. Füzuli Beynəlxalq Hava Limanı artıq istifadıyı verilib. İndi bu bölgədə “ağıllı şəhər”lər qurulur. Prezident İlham Əliyevin Ağdamdakı xüsusi nümayəndəsi Bəşir Hacıyev belə deyir.

Mütəxəssislər bu prosesin 10 il davam edəcəyini və təxminən 25 milyard manata (təxminən 15 milyard dollar) başa gələcəyini düşünürlər. Onlar xatırladırlar ki, bu, Azərbaycanın bir illik büdcəsidir. Odur ki, bu işlərə əlavə sərmayələr cəlb olunmalıdır. Beynəlxalq Valyuta Fondu 2020-ci ildə ölkə ÜDM-nin COVID-19 səbəbindən 4,3% azaldığını bəyan edib. Amma ümumilikdə son illərdə Azərbaycanın enerji bumu Bakı-Tbilisi-Ceyhan neft kəməri və ölkəni Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində daha da güclənib. Bu, Avropa, Mərkəzi Asiya və Çin arasında dəhlizin cəlbediciliyini artırıb. İndi yeni İpək yolu Rusiya və İrandan yan keçməklə, Avropaya uzanır. Cənubi Qafqaz Qaz Kəməri isə Türkiyə ərazisindəki Transanadolu qaz xəttinə qoşulmaqla, Avropa ilə Türkiyənin Rusiya qazından asılılığını azaldır.

Strateji mövqeyə malik Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Belə şəraitdə o, ikitərəfli əlaqələri təşviq edir, xüsusilə Türkiyə və İsrail ilə möhkəm ikitərəfli münasibətlər qurur. Yeri gəlmişkən, Azərbaycanın son müharibədəki qələbəsindəbu iki ölkənin hərbi texnologiyaları mühüm rol oynayıb.

Bakıdakı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qoşulmama Hərəkatının BMT-dən sonra ən çox üzvə malik beynəlxalq qurum olduğunu xatırladır. 2019-2022-ci illərdə ona sədrlik məhz Azərbaycandadır.

Son müharibəyə gəlincə, Şəfiyev deyir ki, Ermənistanda ABŞ, Fransa və Argentinadakı nüfuzlu erməni diasporunun dəstəyi ilə revanşist mövqeli qüvvələr olsa da, yeni savaşın başlayacağı inandırıcı deyil. “Bizim məqsədimiz münaqişəyə birdəfəlik və tam son qoymaqdır”, – deyə o, vurğulayır.

(İspan dilindən tərcümə – WorldMedia.Az)