Avropada ilk televiziya proqramımız açılır!

– Avropa məkanında ilk dəfədir ki, hansısa ölkənin ümummilli kanalında Azərbaycan proqramı yayınlanacaq.  Təşəbbüs necə yarandı və necə baş tutdu? 

– Bu, Avropa məkanında və ümumiyyətlə dünyada həqiqətən ilk belə təcrübəmizdir. Əslində təşəbbüs illər öncə yaranmışdı. Bir dəfə, 1994-cü ildə, Almaniyanın paytaxtı Berlində işgüzar səfərdə idim. Televiziya məkanı ilə tanışlıqda diqqətimi çəkən məsələlərdən biri orada kabellə yayınlanan ictimai kanalda başqa dildə, daha doğrusu, farsça bir proqram görməyim oldu. Sonra bildim ki, həmin kanalda bir çox dillərdə sərbəst yayınlar var. Türkcə proqrama da rast gəldim. Növbəti dəfə,  1998-ci ildə Berlinə yolum düşəndə, MHP-lilər mənim televiziya rejissoru olduğumu eşidən kimi iş təklif etdilər. Yəni, ictimai kanalda onların verilişlərinin hazırlanmasına kömək etməyimi istəyirdilər. Mən 2 aya yaxın orada qaldım, qısa müddət ərzində verilişləri əməlli-başlı proqram səviyyəsinə çatdırdıq. Daha sonra ”İnternews-Azerbaijan”ın xətti ilə biz ABŞ-a səfərə getdik və New-York-da da belə bir telekanalın olduğunu gördüm. Həmin ictimai kanalda hər kəs öz dilində proqramlarını yayınlaya bilirdi. Əlbəttə, könül istərdi ki, bizim də belə proqramımız olsun. O arzuyla illərdir yaşayırdım…

– Nəhayət, gəlib İsveçə çıxdınız…

– Elədir, İsveçdə dərhal eyni kanalla maraqlandım. Bəlli oldu ki, burada o sahədə iş daha keyfiyyətli qurulub. İzləyicilər də, öz proqramlarını təqdim edən təşkilatlar da fərqli təbəqələrdəndirlər. Almaniyada və ABŞ-da bu kanallara daha çox xarici kökənli insanların yaratdıqları dərnəklər maraq göstərirlərsə, İsveçdə əksinə, onların arasında yerli cəmiyyətlər üstünlük təlşkil edirlər.  Onu da bildirim ki, burada ictimai TV kanalı rəsmi kanallar sırasına daxildir və efir vaxtı ödənişlidir. Kanalın izləyiciləri əsasən isveçlilərdir və xaricilərin çox az təşkilatları var ki, onun verdiyi imkanlardan yararlanmağa gücləri çatır. 

– Məsələn, kimlərin? 

– Kanalda əsasən dini mərkəzlər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, universitetlər və xaricilərin bəzi qeydiyyatdan keçmiş federasiyaları öz təbliğatları ilə məşğul olurlar. Həm də İsveçdə yalnız ən azı bir il əvvəl qeydiyyatdan keçmiş təşkilatlara ictimai kanalda yer verilir. Fərdlər burada yer ala bilməzlər. Bizsə artıq bir ildən çoxdur ki, ”Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi” qurmuşuq. Mərkəzimiz həm İsveçdə, həm də Avropada qısa müddətdə xeyli maraqlı layihə həyata keçirib. Yazda İdarə Heyətimiz ortaya daha bir fikir atdı: niyə bizim televiziyaya öz çıxışımız olmasın? Gənc, təhsilli, müxtəlif təbəqələrdən olan fəal insanları ətrafımıza toplamışıq və onların patensialından səmərəli istifadə etməliyik. Belə düşündük və bu addımı atdıq. 

– Proqramın verilişləri hansı tezliklə yayınlanacaq? Auditoriyası kimlərdən ibarət olacaq? Onların dili, mövzusu necə olacaq? 

– ”Öppna Kanalen” – burada ictimai kanal belə adlanır – verilişlərini digər kanallar kimi kabel vasitəsi ilə yayınlayır. İsveçdə evinə internet alan hər kəs üstəlik kabel TV -yə baxmaq imkanı əldə edir. Yəni, hər operatorun öz kabel tezliyi də var, bu tezliklərdə TV paketə SVT1, SVT2, TV4, TV24 və s. kanallarla birlikdə ”Öppna Kanalen” də daxildir. Bu da tək Stokholmda 700 mindən çox tamaşaçı deməkdir. Əlbəttə, sosial medianın da imkanlarından istifadə etməyi, proqramlarımızı daha geniş yaymağı düşünürük. 

– Bəs dil məsələsi?

– Çox önəmli məsələdir. Bizim verilişlərimiz əsasən İsveç və ingilis dillərində olacaq. Əlbəttə, Azərbaycan dilində proqramlar və ya hazır filmlər olacaqsa, mütləq onların altyazı ilə isveç dilində tərcüməsi veriləcək. Mövzu barədə də soruşmuşdunuz. Biz dini, siyasi və etnik bölücülüyə rəvac verən verilişlər yaymayacağıq. Daha çox Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə yönəlmiş verilişlər, sənədli və qısametrajlı bədii filmlər, portretlər, sair tematik proqramlar olacaq. Verilişlərimizin ən azı əlli faizi İsveçdə cəkiləcək orjinal materiallardan ibarət olacaq. 

– Bu təşəbbüsünüzə kimlərinsə dəstəyi, qatqısı varmı, ya olacaqmı? Azərbaycandan nə kimi kömək gözləyirsiniz? 

– Sözsüz ki, kömək istəyirık. İnanırıq ki, uzun müddət əməkdaşlıq etdiyimız, yenidən bərpa olunmuş Press Klub bizə proqram hazırlamaqda yardım göstərəcək. Yaxın tərəfdaş kimi sizdən təkliflər gözləyirik. Azərbaycan dövlətinin də dəstəyi var.  Qeyd etdiyim kimi, İdarə Heyətimiz qərar verəndən sonra mən Bakıda Diasporla iş üzrə Komitəyə müraciət etdim. Komitənin rəhbərliyi tərəddüd etmədən və heç bir şərt qoymadan bizdən layihə istədi və bizi Diaspora yardım fondu ilə əlaqələndirdi. Tam şəffaf bir layihə göndərdik və təklif etdiyimiz həcmdə maliyyəni ayırdılar. Layihə altı aylıqdır, inanıram ki, davamı da olacaq. Çünki bizim ”Öppna Kanalen”lə müqaviləmiz ən azı bir illikdir. 

Sonda bütün dostlarımıza onu da bildirim ki, ilk verilişimiz dekabrın 31-də Dünya Azərbaycanlılarının həmrəylik günündə olacaq. Yarım saatlıq proqramımız həftədə iki dəfə – çərşənbə axşamları saat 18.30-da və bazar günləri saat 14.30-da yayınlanacaq. Amma ilk proqramımız eyni gündə, yəni dekabrın 31-də, üç dəfə təkrarlanacaq: saat 14.30, 18.30 və 22.00-da.

Fürsətdən istifadə edib xalqımızı, dünyada yaşayan əziz həmvətənlərimizi, dostlarımızı, o cümlədən mənim üçün doğma olan Press Klubumuzun kollektivini qarşıdan gələn Həmrəylik Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm, xoşbəxt günlər arzulayıram. Birlikdə o günlərə daha tez yetişəcəyimizə əminəm.