Prezident İlham Əliyevin davamlı çağırış və xəbərdarlıqlarına rəğmən, rayon icra hakimiyyətlərində baş verən qanunsuzluqlar, DTX-nın bir neçə ayda 5 rayonda və 1 nazirlikdə yüksək vəzifəli şəxsləri eyni motivlərlə həbs etməsi gündəmin əsas mövzularındandır. Dünən isə Dövlət Sərhəd Xidmətinin general rütbəsi daşıyan rəis müavininin həbsi barədə rəsmi məlumat yayıldı. Sadalanan hadisələr mövcud idarəetmə sisteminin böhranını göstərir.

Uzun illər yüksək dövlət vəzifələrində çalışmiş millət vəkili Vahid Əhmədov “Press Klub”un bu mövzuda suallarını cavablandırıb:

– Yerlərdə haqsızlıq, qanun pozuntuları, rüşvət və korrupsiya halları davam edir. Prezidentin açıq şəkildə bir neçə dəfə etdiyi xəbərdarlıqlar, verdiyi tapşırıqlar niyə icra başçılarına çatmır?

Sistemdə dəyişiklik prosesi artıq başlayıb. Prezident ortaya siyasi iradə qoyub və məmurlara birdəfəlik xəbərdarlıq edib ki, qurtarın qanunsuz əməllərinizi! Təbii ki, müstəqillik illərinin ilk dövrlərində icra hakimiyyəti orqanlarının fəaliyyətində qüsurlar olub. O dövr üçün bunu, bir növ, başa düşmək mümkün idi. Çünki müstəqilliyin ilk illərindəki iqtisadi çətinliklər dövlət idarəetmə sahələrində, icra hakimiyyəti sturkturlarında müəyyən boşluqlara səbəb olub. Amma indi müstəqilliyin bərpasından 30 ilə yaxın vaxt keçir, həm icra hakimiyyəti başçıları, həm də başqa məmurlar anlamalıdırlar ki, dövr dəyişib, tələblər dəyişib. Onlar bilməlidirlər ki, əgər bu vəzifəyə təyin olunublarsa, dövlətin verdiyi maaşla dolanmalıdırlar, əyri yollarla qazanc əldə etmək haqqında düşünməməlidirlər. Xüsusilə də rüşvət və korrupsiyadan birdəfəlik əl çəkməlidirlər. Amma görünür, bəziləri bunları anlamaq istəmirlər. Yəqin özləri ilə bacarmırlar. Belələri etiraf etməlidirlər ki, mən ölkə rəhbərliyinin qarşıya qoyduğu yeni tələblərlə işləməyi bacarmıram, istefa ərizələrini yazıb getməliyəm.

– İndiyə qədər hansısa icra başçısı və ya başqa məmur öz təşəbbüsü ilə vəzifəsindən istefa verməyib.

– Bizdə, ümumiyyətlə, istefa mədəniyyəti yoxdur, Azərbaycan Respublikasında mən bunu görməmişəm. Belə olsaydı, bəzi nazirlər və icra başçıları çoxdan getmişdilər. Onlardan o qədər yazıb-pozurlar ki, normal halda özləri istefa verməli idilər. Yəni, Azərbaycanda könüllü şəkildə vəzifədən getmək ənənəsi yoxdur. Amma artıq belə ənənə də yaranmalıdır və məmurlar başa düşməlidirlər ki, yeni siyasət budur, bu siyasətə uyğunlaşmaq lazımdır. Son vaxtlar cavan kadrlar da vəzifələrə gətirilir. Düzdür, mən fikir verirəm, onlarla da müəyyən problemlər var. Amma nə qədər olmasa, onlar öz talelərinə biganə qalmazlar, gələcək həyatlarını gözlərinin qabağına alıb, normal işləməyə çalışarlar. Artıq korrupsiya, rüşvət və bu kimi halların qarşısının alınması dövlətin siyasətidir və çox ciddi məsələdir. Ona görə, fikrimcə, həbslər hələ davam edəcək. İnanmıram ki, 4-5 icra başçısı ilə bu işlər bitsin. Bu yolla gedən məmurlar cəzalarını alacaqlar.

– Belə fikirlər də səslənir ki, ümumiyyətlə, icra başçıları, məmurlar müstəqil olmadıqlarından, istefa ərizələrini yazmaq üçün də gərək kimlərdənsə icazə alsınlar.

– Belədir də: vəzifələrə təyin olunanların çoxunun kimlərəsə – ya oliqarxa, ya nazirə bağlılığı var. Bu adamlar həmin şəxslərin kurasiyasında olurlar. Amma son vaxtlar belə hallar azaldılıb, dairələr daralıb, rayon icra hakimiyyəti başçıları birbaşa Prezident Administrasiyası tərəfindən idarə olunur, onlar başqa məmurların və ya oliqarxların kurasiyasından çıxıblar. Düzdür, görürəm ki, hələ bəzi rayonlarda qalıb, bunlar da aradan götürülməlidir. Ümumiyyətlə, dövlətin orqanları var, yuxarıdan aşağı idarəetmə sistemi fəaliyyət göstərir və icra hakimiyyəti orqanları da öz fəaliyyətlərini buna uyğun qurmalıdırlar. Hansısa oliqarx hansısa rayona rəhbərlik edirsə, bundan qurtarmağın vaxtı çatıb. Bir də ki, mən rayonlarda idarəçilik sistemi ilə bağlı təklif vermişəm: bu qədər icra başçısı çoxdur. Azərbaycanda 11 iqtisadi rayon var, hər iqtisadi rayona bir vali təyin etməklə çevik və şəffaf işləyən idarəetmə sistemi qurmaq olar. Məsələn, Şimal zonasına bir, Cənub zonasına bir müavin təyin etməklə rayon icra hakimiyyəti başçılarının sayını azaltmaq lazımdır. Çünki bu qədər başçıya doğrudan ehtiyac yoxdur. Daha bir istiqamət odur ki, bələdiyyələrin səlahiyyəti yavaş-yavaş artırılmalıdır. Türkiyədə faktiki olaraq, dövlətin idarə edilməsində ən öncül mərkəzlərdən biri bələdiyyələrdir. Azərbaycanda da bələdiyyə seçkiləri şəffaf həyata keçirilməli və bələdiyyələrə müəyyən səlahiyyətlər verilməlidir ki, oraya seçilən insanlar regionu idarə etsinlər və camaatla sıx təmasda fəaliyyətlərini qura bilsinlər.

Bələdiyyələrin idarəçilikdə iştirakı Azərbaycan qanunvericiliyində nəzərdə tutulub, amma icra olunmur…

– Bəli, qanunvericilikdə bu məsələlər həllini tapıb. Amma çox təəssüf ki, demokratik şəraitdə seçkilər keçirilməyib və müəyyən problemlər qalır. Bu problemləri yavaş-yavaş aradan qaldırmaq lazımdır ki, bələdiyyələr idarəetmə orqanı kimi normal fəaliyyət göstərmək imkanı qazansınlar.

– İcra başçılarının sayının iqtisadi rayonların sayına uyğunlaşdırılması ilə bağlı təkliflər cəmiyyətdə geniş müzakirə olundu və dəstəkləndi. Bəs, sonra?

– İndiki icra hakimiyyəti strukturu ləğv olunmalıdır, başqa yolumuz yoxdur. Normal idarəetmə sistemi qurmaq istəyiriksə, ən real variantlardan biri budur.

– Bu təşəbbüslərin detallarını da nəzərə alsaq, Azərbaycanda rayonların ləğv edilib, yerində 11 regional idarəetmə mexanizminin yaradılması, sizcə, səmərə verə bilər?

– Şimal zonası – Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Xızı – burada bir idarəetmə orqanı yaratmaq lazımdır ki, həmin rayonların hamısı bir yerdən idarə olunsun. Həm də bu idarəetmə orqanlarına sərbəstlik verilməlidir. Nə qədər çox məmur varsa, müdaxilələr də o qədər çox olur, nəticədə rüşvət və korrupsiya artır. Ona görə də icra hakimiyyəti orqanlarının sayı azaldılmalı, elə idarəçilik sistemi yaradılmalıdır ki, sahibkarlar sərbəst işləyə bilsinlər, insanlar rahat yaşasınlar, hər xırda işə görə məmurdan asılı vəziyyətdə olmasınlar. Yerlərdə insanlar üzərində təzyiq mexanizmi qurmaq yox, əksinə, onlara sərbəstlik vermək gərəkdir. Mən açıq deyirəm ki, rayon icra hakimiyyətlərində baş verən qanunsuzluq və özbaşınalıqlarda yerli hüquq-mühafizə orqanlarının da günahı var. Əgər yerli icra hakimiyyəti orqanlarında problemlər varsa, yerli hüquq-mühafizə orqanları birbaşa yuxarı instansiyalara məlumat verməlidirlər. Amma son hadisələr göstərir ki, onlar məlumat verməyiblər. Deməli, yerli hüquq-mühafizə orqanları da icra hakimiyyətləri ilə əlbirdirlər. Bu mənada onları da günahlandırıram. Ona görə də mütləq kompleks dəyişiklik olmalıdır. Eyni zamanda, ictimai nəzarəti gücləndirmək lazımdır. Bir vaxtlar Azərbaycanda ictimai təşkilatlar – QHT-lər çox güclü idi. Təəssüf ki, son vaxtlar zəiflədilər. Düzdür, bəzi sahələrdə, o cümlədən hüquq məsələləri, neftçilərin hüquqları, insan haqları sahəsində müəyyən ictimai nəzarət imkanları var. Amma bu sahələr genişləndirilməli, dövlət idarəçiliyi sahəsində də ictimai nəzarət mexanizmi işləməlidir ki, bu cür problemlərin qarşısı vaxtında alınsın.

– Bunu ölkə rəhbərliyi də, dövlət idarəçiliyi sisteminə dərindən bələd olan mütəxəssislər də deyirlər. Ancaq nəsə mane olur…

– Əlbəttə, mane olanlar var və tapılacaq. Axı, bu ciddi prosesdir, ictimai nəzarət mexanizmi birdən-birə yaranmır, onu tədricən qurmaq lazımdır. Mən inanmıram ki, son aylar Azərbaycanda  baş verən proseslərdən digərləri nəticə çıxarmasın. Müəyyən nəticələr çıxaracaqlar.

Bəlkə, bu məsələni prezidentin yanında, yaxud administrasiya səviyyəsində müzakirə etmək olar?

– Bu, artıq onların işidir. Rəhbər işçilər bilirlər, biz bu təklifləri veririk, fikirlərimizi mətbuatda səsləndiririk. Onlar da yəqin ki, dediklərimizi oxuyurlar.

Azərbaycanda dövlət idarəçiliyi sahəsində kadr potensialı kifayət qədərdirmi?

– Mən həmişə demişəm ki, vəzifəyə təyin edilən insanları mütləq yoxlamaq lazımdır. Yalnız “təhsili var” deyib, kifayətlənmək olmaz. Vəzifəyə təyin olunanların “geninə” baxmaq lazımdır: harada işləyib, işlədiyi yerdə hansı işləri görüb və s. Çünki hər hansı sahədə çox şeyi vəzifəyə təyin olunan kadr həll edir, əgər o, yerində olan kadrdırsa, həmin sahədə ciddi problem yaranmamalıdır.

– Azərbaycanda eyni funksiyaları yerinə yetirən çoxlu paralel icra orqanları var. Buradakı problemlər də kadrlara bağlıdır?

– Əlbəttə, problemlər təkcə kadrlarla bağlı deyil, daha çox idarəçilik strukturunun düzgün qurulmaması ilə əlaqədardır. Ona görə deyirik ki, Azərbaycanda ciddi struktur islahatları  həyata keçirilməlidir. Həm mərkəzi icra hakimiyyəti orqanlarında, həm də dövlət idarəçiliyinə aid digər sahələrdə sistemli şəkildə islahatlara böyük ehtiyac var. Dövr və tələblər dəyişir, bütün idarəçilik yeni çağırışlara uyğunlaşdırılmalıdır. Axı, Azərbaycan böyük dövlət deyil, cəmi 10 milyon əhalisi var. Burada struktur islahatları həyata keçirmək o qədər çətin olmamalıdır. Bəzi nazirliklər, dövlət komitələri strukturca sadələşdirilməlidir, onların fəaliyyətində şəffaflıq təmin edilməli, xidmətlərdə əlçatanlıq olmalıdır. Belə islahatlar həyata keçirilsə, problemlər də həllini tapacaq.

Müsahibəni hazırladı: Elxan SALAHOV