“Kanal-13” internet televiziyasının rəhbəri Əziz Orucovun üzərindən şərti məhkumluq götürülüb. Bu barədə jurnalistin müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Xatırladaq ki, Ə. Orucov 2017-ci il mayın 2-də saxlanılaraq polisə müqavimətdə təqsirli bilinib və 30 sutka inzibati həbs cəzası alıb. Lakin daha sonra ona cinayət işi açılıb, haqqında həbs qətimkan tədbiri seçilib. Həmin il dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib. Ali Məhkəmə 2018-ci il aprelin 5-də bu hökmü dəyişib və Ə. Orucovun cəzası 6 ildən 3 ilə endirilib, eyni zamanda onun cəzasının qalan hissəsi şərti həbs cəzası ilə əvəz olunub. Nəticədə Əziz Orucov azadlığa buraxılıb.

Jurnalistlə söhbətimizdə o, əvvəlcə başına gələn hadisəni nəql etdi:

“2017-ci il mayın 2- də yoldaşımla birlikdə avtomobildə gedərkən işıqforda dayandıqda, qarşımızı başqa bir avtomobil kəsdi. Həmin avtomobildən və digər 2 avtomobildən düşüb, üzərimizə cumdular. Mən qapıları içəridən blok etdim, çünki onları tanımırdım, mülki geyimdə idilər. Yəni polisin “saxla” əmrinə tabe olmamaq kimi bir davranışım olmamışdı. Qapıları bağladıqdan sonra 102 xidmətini yığdım, o zaman gördüm ki, onlardan biri polis vəsiqəsini göstərir, düşündüm ki, yəqin nəsə anlaşılmazlıq var, qapının blokunu açdım və maşından düşdüm. Dedimi, nə baş verir? Mənə dedilər ki, “sus, danışma.” Maşınıma minib, bizi Nəsimi rayon Polis İdarəsinə apardılar. Yoldaşımı bir saat saxladıqdan sonra sərbəst buraxdılar. Lakin məni saxladılar. Bildirdilər ki, guya məni kimİinəsə səhv salıblar və buraxacaqlar. Amma dedikləri kimi olmadı. Nəsimi Rayon Məhkəməsinə apardılar və mənimlə “səhv saldıqları” adamı da ora gətirdilər ki, guya bu adam polisə müavimət göstərdiyimi, onu maşınla əzdiyimi görüb. Anladım ki, məni sifariş əsasında həbs etmək istəyirlər. Nəsimi Rayon Məhkəməsi məni polisə müqavimətdə təqsirli hesab edərək 30 sutka inzibati həbs cəzası verdi. Halbuki həmin polisin heç bir xəsarəti yox idi. Yeri gəlmişkən, mənimlə “səhv saldıqları” adam sonradan evimizə baxış üçün gələn polis işçisi idi. Bunu da gördükdən sonra lap dəqiq anladım ki, bu iş quramadır. İnzibati cəza bitdikdən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində mənə qarşı cinayət işi başlandı. Guya dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etmişəm. Halbuki bununla bağlı da heç bir əsasları yox idi. Bu dəfə məni 6 il azadlıqdan məhrum etdilər. Qərardan Bakı Apellyasiya Məhkəməsinə, sonra da Ali Məhkəməyə şikayət verdik. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı qərarı ləğv edərək cəzamı 6 ildən 3 ilə endirdi, eyni zamanda cəzamın qalan hissəsi şərti həbslə əvəz olundu. Ondan sonra şərti cəzanın üzərimdən götürülməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə sisteminin hansı vəziyyətdə olduğunu bilirsiniz. Süründürməçilik nəticəsində şərti cəzamın iki ili artıq getmişdi. Onlar sifariş gözləyirdilər ki, necə etsinlər. Ona görə də məhkəmə prosesi bu qədər uzun çəkdi…”

Ə. Orucov məhkəmə sisteminə inamını itirdiyini deyir:

“Sirafişlə iş görən məhkəmələrə heç cür inam ola bilməz. Ölkədən çıxışıma qadağa qoyulması, hüquqlarımın məhdudlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların rəyləri var idi. Yanvar ayında Strasburqda dinləmələr keçirildi, həmin dinləmələrdə ölkədən çıxa bilməyən jurnalistlərin adları çəkildi, mənim adım da həmin jurnalistlərin sırasında idi. Yəqin ki, bunların da məhkəmənin qərarına təsiri oldu.”

Ülviyyə Şahin