Sabah Laçın qayıdır

Sabah – dekabrın 1-də Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmaya əsasən Laçın rayonu Azərbaycana təhvil verilməlidir. Bundan əvvəl Kəlbəcər və Ağdam rayonlarından erməni silahlı qüvvələri çıxarılıb. Prosesdə narazlıq yaradan əsas məqamlar ermənilərin boşaltdıqları kəndləri, meşələri yandırması, infrastrukturu dağtması, keçidləri, yolları minalamasıdır. Eyni zamanda, Kəlbəcər rayonunun sovet dövründəki inzibati ərazi bölgüsünə əsasən qaytarılması da Azərbaycan cəmiyyətini narazı salıb. Çünki 1992-ci ildə ləğv olunmuş Ağdərə rayonunun 23 kəndi işğalda qalıb. Həmin kəndlər Kəlbəcərin inzibati ərazi vahidinə aid idi. Xatırladaq ki, 1993-cü ilin aprel ayında BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnaməsində Azərbaycanın təqdim etdiyi xəritə əsas götürülüb.

 

Belə görünür, Kəlbəcərdən sonra ən böyük mübahisələr və narazılıq Laçın rayonunun boşaldılması ilə bağlı olacaq. Çünki üçtərəfli razılaşmaya əsasən bu rayonda Dağlıq Qarabağla Ermənistanın əlaqəsi üçün 5 km enində dəhliz olmalıdır. Dəhlizin bütünlüklə Laçın rayon mərkəzini əhatə edəcəyi gözlənilir.

Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev hesab edir ki, Laçın şəhərinin qaytarılacağı böyük şübhə altındadır. Onun sözlərinə görə, hətta qaytarılma protokolu imzalanmış olsa belə, Laçın şəhəri və rayonun xeyli ərazisi dəhlizə düşdüyündən rusların nəzarətində olacaq. “Dəhlizdə olan dövlət sərhədimizdə Azərbaycan sərhədçiləri və gömrükçüləri durmayacaq, bu, məyusluq doğurur”, – deyə F. Hacıyev vurğulayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, bu, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizdir, razılaşmaya əsasən, ora Rusiya sülhməramlıları nəzarət etməlidir. Ekspert qeyd edib ki, bu dəhliz Laçın rayon mərkəzinin, Zabux və Sus kəndlərinin içindən keçir. Onun sözlərinə görə, digər ən vacib məsələ sərhədlərin müəyyən olunmasıdır. O vurğulayıb ki, Laçın dəhlizinin başlandığı yer Azərbaycan-Ermənistan dövlət sərhədinin başlanğıc nöqtəsidir:

“Odur ki, burada ancaq Rusiya sülhməramlıları dayana bilməz. Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır. Laçın əraziləri Azərbaycana tam təhvil verilir, amma köçürülmə müvəqqəti, ermənilər üçün yeni yol çəkilənə qədər dayanır, yeni yolun çəkilməsi də üç il çəkəcək”.

Deputat Rasim Musabəyov isə qeyd edib ki, ermənilər bir neçə saatdan sonra Laçını Azərbaycana təhvil verməlidir:

“Ermənilər oranı tərk etməlidir və edəcəklər də. Düşünmürəm ki, Azərbaycan ordusu ora daxil olsun. Çünki yol oradan keçir və bura Rusiyalı sülhməramlılarının nəzarətindədir. Ancaq sülhməramlıların olması orada ermənilərin qalması üçün heç bir əsas vermir”.

Musabəyov bildirib ki, Laçına 3 kilometr qalmış ərazidə Azərbaycanın hərbi mövqelərinin mövcudluğu faktiki, rayonun bizim nəzarətimizdə olması deməkdir:

“Sözsüz ki, Azərbaycan Ordusu da, insanları da Laçın rayonuna qayıdır. Hətta sərhədçilərimiz sərhədə çıxacaq. O cümlədən də Kəlbəcərdə. Sadəcə, qaydaya görə, uzunluğu 6, eni 5 kilometr olan dəhlizə Azərbaycan qoşunları daxil olmur. Öhdəlik bundan ibarətdir. Amma kimsə gəlib orada təxribat törətsə, atəş açsa, sözsüz ki, buna sülhməramlılar cavabdehlik daşıyacaq. Yəni erməni gəlib dəhlizdə təxribat törətməməlidir”.

Deputat əlavə edib ki, hazırda sülhməramlıların təchizatı Azərbaycanın ərazisindən keçir:

“Düşünürəm ki, sülhməramlılarla ciddi əməkdaşlıq qurmalıyıq. Sülhməramlıların Ermənistana heç bir aidiyyəti yoxdur. Bura Azərbaycan əraziləridir. Onlar gəliblər ki, Azərbaycan ərazilərində ölkə vətəndaşlığını pozan, amma həm də yaşamaqda davam edən insanlarla bağlı məsələlərin Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində həllinə köməklik etsinlər. Bu məsələlərin də Ermənistana aidiyyəti yoxdur. Mənə elə gəlir ki, sülhməramlıların Ermənistanla əlaqələrini kəsmək lazımdır”.

Turqut